Səkinəxanım məscidi — 1854-cü ildə Azərbaycanın Quba şəhərində tikilmiş tarixi-memarlıq abidəsi.
Səkinəxanım məscidi | |
---|---|
41°21′40″ şm. e. 48°30′42″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Quba |
Yerləşir | Quba şəhəri, Heydər Əliyev prospekti 144 |
Tikilmə tarixi | 1854 |
Üslubu | islam memarlığı |
İstinad nöm. | 298 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Məscid Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına tikilib.
Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Səkinə xanım məscidi Azərbaycan yazıçısı və tarixçisi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün həyat yoldaşı Səkinə xanım Bakıxanova tərəfindən tikdirilmişdir.[1][2] Səkinə xanım Bakıxanova 1853-cü ildə dünyasını dəyişib. Məscidin tikintisi onun ölümündən sonra 1854-cü ildə bitib.[3]
Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[4]
İşğaldan sonra 1930-cu illərdə dinə qarşı aparılan mübarizə tədbirləri çərçivəsində məscid bağlanmış ətrafındakı mədrəsə və köməkçi binalar sökülərək dağıdılmışdır. İlk illər məscidin binasından anbar daha sonra isə tikiş sexi kimi istifadə edilib.[5]
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə məsciddə təmir işləri aparılıb və məscid insanların istifadəsinə verilib. Məscidin ətrafına hasar çəkilib, su, kanalizasiya, işıq, qaz xətləri bərpa edilib. 1990-1993-cü illərdə dəstəmazxana və baş köməkçi binalar tikilib.[6][7]
Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[8]
Məscidin xüsusi memarlıq üslubu var və Qubadakı digər məscidlərdən fərqlənir. Qırmızı kərpicdən tikilib və tilli silindri xatırladır. Hər bir divar-tildə bir yarımdairəvi tağ şəkilli pəncərə var. Fasadın üstünü xırda kərpiclərdən hörülmüş orijinal karniz əhatə edir.[9] Döşəməsi daş plitələrlə örtülüb, tavanı dörd böyük sütun üzərində dayanıb. Minbər qoz ağacından düzəldilib və səkkizpilləlidir. Məscid dördbucaqlı formasındadır, doqquz pəncərəsi və iki qapısı var. Hündürlüyü 27 metrdir. Yerdən günbəzədək 9 metrdir. Günbəzin diametri 4,5 metrdir. Damı və günbəzin üstü dəmir təbəqə ilə örtülüb. Onun da ətrafı çoxsaylı tillərlə əhatə olunub. Günbəzin mərkəzi incə nazik millə bəzədilib.[9] Məscidinin nəzdində mədrəsə də var. Mədrəsə 1994-cü ildən fəaliyyət göstərir.[10]
Məscidin günbəzinin üstündə məscidin şərəfəsi yerləşir. Şərəfəyə çıxmaq üçün yer məscidin içindədir.[11]
Məscid binasının giriş portiki üstündəki epiqrafik kitabənin haşiyə hissəsində nəsx xətti ilə ərəb və fars dillərində Qurandan ayə verilib. Həmçinin kitabənin ortasında yazılıb:[1]
Həqiqətən Allaha və axirətə inananlar. Allahın məscidlərini təmir edən kimsələrdir. (Tövbə surəsi 18-ci ayədən bir parça);
Peyğəmbər ona salam olsun dedi. Quş qəfəsi qədər də olsa, hər kəs bir məscid tikdirsə, Allah onun üçün cənnətdə bir qəsr tikər (hədis); Buna görə bu məscidi yüksək dərəcəli cənnətməkanlı Hacı Abbas Qulu xan Bakıxanovun Səkinə xanım adlı qadını. - Allah onların hər ikisini bağışlasın. Mərhumənin vəfatından sonra 1271-ci ilin məhərrəm ayında (sentyabr 1854-cü il) tamamilə tikilib qurtardı. |