Səlimiyyə məscidi (Leja)

Səlimiyyə məscidi
alb. Xhamia e Selimijës
müasir tavanlı görünüş
müasir tavanlı görünüş
müasir tavanlı görünüş
Ölkə Albaniya Albaniya
Şəhər Leja

Səlimiyyə məscidi (alb. Xhamia e Selimijës) və yaxud Müqəddəs Nikolay kilsəsi (alb. Kisha e Shën Kollit) — Albaniyanın şimalında yerləşən Leja şəhərində tikili. Osmanlılar tərəfindən məscid kimi yenidən qurulmuş keçmiş kilsədir. Onun xarabalıqları tavanla qapadılmış və yenidən milli qəhrəmanı İskəndər bəy memorialı kimi bərpa edilmişdir[1].

1459-cu ildə XIV əsrə aid əvvəlki binanın yerində Müqəddəs Nikolay kilsəsi inşa edilmişdi[2]. Həmin kilsə Leja şəhərinin əsas kilsəsi hesab olunur və qala təpəsinin altında, Drin çayının yaxınlığında yerləşirdi. Tikilinin ölçüsü təxminən 18-in 8 metrə təşkil edirdi. Birnefli qotik üslubda[3] olan tikili şərq tərəfdən yarımqövs çıxıntıya malik idi. Şimal və cənub divarlarında kiçik pəncərələr, qərb fasadında isə qapı və bir dairəvi pəncərə var idi[2].

1468-ci ildə Müqəddəs Nikolay kilsəsində osmanlılar əleyhinə alban üsyanının başçısı İskəndər bəy dəfn edilmişdir[4]. 1478-ci ildə Lejanın sultan II Mehmed tərəfindən istila edilməsindən sonra məzar əsgərlər tərəfindən təhqir edilmiş və sümüklər tilsim kimi istifadə olunmuşdur. Sultan I Səlimin zamanında (1512–1520) kilsə məscid kimi yenidən qurulur. Bura sultanın şərəfinə Səlimiyyə məscidi adlandırılır. XVII əsrdə zəvvar albanlar İskəndər bəyin xatirəsini anmaq üçün buranı ziyarət edirdilər[5].

XX əsrin birinci rübündə Leja şəhərinin evləri arasında məscid

XVIII əsrin sonunda sultan III Səlimin zamanında məscid bərpa edilir[3]. Məscidin həmin dövrdə tikilmiş mehrabı və cənub-qərbdə hündür minarəsi olmuşdur[3].

1966-cı ildə məscidin üzərində arxeoloji araşdırmalar aparılmış və bunun nəticəsində qurulmuşdur[5]. Tikili məscid kimi 1968-ci ilə qədər istifadə olundu. 1967-ci ildə Albaniya Xalq Sosialist Respublikasının lideri Ənvər Xocanın "dünyada ilk ateist dövləti" elan etməsilə məscid bağlandı.

1978-ci ildə məscidin daxilində İskəndər bəyin məzarı aşkara çıxarıldı. 1979-cu ildə bölgədə güclü zəlzələ baş verdi. Bunun nəticəsində minarə dağıldı və məscid ciddi şəkildə zədə aldı. Bərpa zamanı İskəndər bəyin dövründə olan xarici görünüşü yenidən yaratmaq imkanı üçün osmanlıların əlavə etdikləri hər bir detal ləğv olundu[2]. Xarabalıqlar milli qəhrəmanın memorialına çevrildi[3]. Müqəddəs Nikolay kilsəsinin qalıqları milli mədəni abidə kimi tanındı[6].

İskəndər bəyin büstü və rəmzi məzarı

1981-ci ildə yeni İskəndər bəy memorialı açıq elan edildi. Tavanlı tikili qədim divarları qoruyur, içəridə Odise Paskalinin müəllifi olduğu büst və İskəndər bəyin qılıncı və dəbilqəsi də daxil olmaqla (əsli Vyana şəhərindədir), memorial lövhə qoyulub. Divardan asılmış lövhədə İskəndər bəyin iştirak etdiyi döyüşlər haqqında məlumat verilir. Burada Leja liqası knyazlığının gerbi də nümayiş olunur[5].

Məscidin xarabalıqları ətrafında qədim dövrlərdən qalmış digər xarabalıqlar da mövcuddur.

  1. "Zani i Naltë". 2017-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-19.
  2. 1 2 3 Guntram Koch: DuMont-Kunst-Reiseführer Albanien. DuMont, Köln 1989, ISBN 3-7701-2079-5, S. 143 f.
  3. 1 2 3 4 Machiel Kiel: Ottoman architecture in Albania (1385–1912). In: Research Centre for Islamic History, Art and Culture (Hrsg.): Islamic art series. Band 5. Istanbul 1990, ISBN 92-9063-330-1, Selimiye Mosque, S. 193.
  4. Oliver Jens Schmitt: Skanderbeg — der neue Alexander auf dem Balkan. Pustet, Regensburg 2009, ISBN 978-3-7917-2229-0, S. 290.
  5. 1 2 3 Feride Papleka (Hrsg.): Grabgedenkstatte Georg Kastrioti — Skanderbegs. 8 Nëntori, Tirana 1987.
  6. "Objekte Fetare Monument Kulture". 2015-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-19.
  • Feride Papleka (Hrsg.): Grabgedenkstatte Georg Kastrioti — Skanderbegs. 8 Nëntori, Tirana 1987.