Səma məbədi

Səma məbədi (天壇|Tiāntán/Tyantan) — Pekində yerləşən tarixi abidə.

Səma məbədi
天壇
Xəritə
Ümumi məlumatlar
Memarlıq üslubu Çin memarlıq üslubu
Ölkə
Koordinatlar 39°52′55″ şm. e. 116°24′23″ ş. u.HGYO
Veb-sayt
tiantanpark.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çinin ən böyük tarixi abidələrindən biri olan Səma Məbədi 500 ildən artıqdır ki, mövcudur. O, Pekinin mərkəzindən cənubda yerləşmişdir. Onun əsas binalarının damı səma rəngində, mavi minalı kirəmitlə örtülmüşdür. Səma Məbədi Min sülaləsi dövründə, 1420-ci ildə imperator Yun Le tərəfindən inşa edilmişdir. Onun ilkin adı – Səma və Yer Məbədi idi, belə ki, burada həm Göyə, həm də Yerə dualar oxunurdu. 1530-cu ildə Pekinin şimalında yer məbədi salınmışdır və bundan sonra Səma məbədi imperatorların Səmaya ibadət etmələri üçün xüsusi yerinə, eləcə də yüksək məhsul üçün dualar oxunan yerə çevrildi, burada həmçinin tufana, buluda dualar edir və əcdadları yad edirdilər. Səma məbədinin ümumi sahəsi 266,7 ha təşkil edir. Məbədin ərazisi iki divarla dövrələnmişdir. Məbədin bütün ərazisini əhatə edən xarici divar 6625 metr təşkil edir. Məbəd binasını əhatə edən daxili divarın uzunluğu – 5287 metrdir. Səma məbədinin cənub hissəsi kvadrat formasına malikdir, onun şimal hissəsi isə yumrudur. Rəvayətə görə, dairə səma qüvvələrini, kvadrat isə Yer qüvvələrinin nişanıdır. Səma məbədinin ən cənub tikilisi 1530-cu ildə inşa edilmişdir. 1749-cu ildə yenidən qurulmuş Səma mərmər səcdəgahı – Xuantsyudur. Burada hər il qış gün dönümü vaxtı imperatorlar Səmaya qurban gətirirdilər, quraqlqıq dövründə isə yağış göndərilməsi haqqında dualar edirdilər. Xuantsyu səcdəgahının maraqlı planlaşdırılması var – ağappaq mərmər lövhələrlə döşənmiş dairəvi üçpilləli terras həndəsi ornamentlərin memarlıqda tətbiqinin nümunəsidir. Səcdəgahın yuxarı yarusunun mərkəzi dairəvi daş lövhədir, onun ətrafında birinci halqanı yaradan doqquz lövhə var, ikinci halqada onların sayı artıq 18, üçüncüdə — 27, doqquzuncuda isə — 8 lövhə var, yəni lövhələr doqquz-doqquz artır, bu rəqəm isə qədim Çində müqəddəs sayılırdı. Xuantsyunun yuxarı yarusunun mərkəzində yerləşən dairəvi daş lövhə "Tyansinşi" qeyri-adi xüsusiyyətə malikdir: əgər onun üstünə çıxıb yavaşdan duanın sözlərini oxusan səs dəfələrlə güclənir. Bu əks-səda effekti dua məclislərində xüsusi təəssürat yaradırdı. Möhtəşəm Tsinyandyan zalı (Qurban duaları zalı) Səma məbədinin şimalında yerləşir. O, 1420-ci ildə tikilmişdir, lakin 1889-cu ildə güclü ildırım vurmasından sonra yanmışdır. Sonralar onu əvvəlki şəklində yenidən bərpa etmişlər. Tsinyandyan zalı – qızılı qüllə ilə tamamlanan kirəmitlə örtülmüş üçyaruslu damdan ibarət dairəvi binadır. O, memarlıq nöqteyi-nəzərindən çox qəribədir. Hündür və ağır üçyaruslu dam örtüyü yalnız nəhəng ağac sütunlar və bir-birinə birləşən çoxsaylı köndələn tirlərin və dirəklərin üzərindədir. Buna görə də böyük ölçülərinə və təxminən 40 metrlik hündürlüyünə baxmayaraq məbədin zalı son dərəcə xəfif görünür. Onu saxlayan 28 nəhəng ağac sütunların dərin simvolik mənası var. Dörd orta sütunlar ilin dörd fəslini, orta sıradakı on iki sütun – 12 ayı, qıraq sıradakı 12 sütun isə — sutkanın 12 saatını bildirir. Bundan əlavə 28 ağac sütun – 28 səma bürcünün də simvoludur. Tsinyandyan zalı ilə üzbəüz durduqda sağ və sol tərəfdən iki birmərtəbəli bina görərsiniz. Keçmişdə onların birində qab-qacaq saxlanılırdı ki, bunlar da ibadət zamanı Allah üçün nəzərdə tutulmuş müxtəlif qidalarla doldurulurdu. Digər bina – "Səmavi musiqi qanunu" – məbəd musiqisini tədris etmək üçün nəzərdə tutulmuşdur. Hazırda bu binada Min və Tsin sülalələri dövrünün Çin musiqi alətlərinin sərgisi yerləşir. Tsinyandyan binasının cənub tərəfindən isə digər məbəd tikililəri kompleksinə doğru geniş yol gedir. Öncə siz imperator əcdadlarının adları yazılan lövhəciklərin qorunması üçün nəzərdə tutulmuş Xuantsyunyuy məbədinə düşürsünüz. Bu məbəd 1530-cu ildə tikilib. Bu bina da mavi kirəmitlə örtülmüş yumru damı olan dairəvi formaya malikdir. Məbəd hündürlüyü 6 metr olan divarla əhatələnib. Onun çox maraqlı xüsusiyyəti var. Divar onunla əlamətdardır ki, səsi çox yaxşı ötürür, buna görə də onu "Danışan divar" adlandırırlar. Orucluq üçün saray – Çjayqun da Səma məbədində təmizlənmək üçün gəlirdilər və yalnız bundan sonra qurban vermək üçün səcdəgaha yollanırdılar. Möhtəşəm Səma məbədi – öz mükəmməlliyinə görə unikaldır, əsas tikililərdən savayı burada çoxlu xüsusi binalar da vardır. Bu Səmavi musiqi idarəsi, Paltar və alətlər üçün meydan, Qurbanlıq heyvanı basdırmaq üçün çardaq, Zəng qülləsi, Mələklər üçün mətbəx və digərləridir. Səma məbədi Çin memarlığının bir neçə yüzillik bundan əvvəl çatdığı qeyri-adi yüksək sənətkarlıq səviyyəsindən xəbər verir. Səma məbədi həmçinin Min və Tsin sülalələri rəssam və memarlarının fərqli istedadlarının sübutudur.[2]

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Elcan Həbibzadə. Salam Çin. B.: "Nurlan", 2007.-174 səh

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]