Mustafa Səmavi Əyicə (türk. Semavi Eyice; 9 dekabr 1922, Kadıköy, İstanbul ili – 28 may 2018, İstanbul)[1][2][4] — Türk incəsənət tarixçisi, tarix, mədəniyyət, din, elm, siyasət və iqtisadiyyat da daxil olmaqla, demək olar ki, hər sahədə Bizans imperiyasını araşdırmış elm adamı.
Səmavi Əyicə | |
---|---|
türk. Mustafa Semavi Eyice | |
| |
Doğum tarixi | 9 dekabr 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 28 may 2018 (95 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | türk |
Həyat yoldaşı | Səfiyə Kamran Əyicə[1][2][3][4] |
Elm sahələri | incəsənət, Bizans dövrü tarixçisi |
İş yeri | |
Təhsili | İstanbul Universiteti |
Mükafatları | "Fəxri legion" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Bizans və Osmanlı incəsənəti ilə bağlı araşdırmaları ilə tanınan alimdir. Məqalələri, ensiklopedik məqalə və araşdırmaları mindən çox kitabda çap olunmuş Əyicə Bizans incəsənətinin Türkiyədə tanınmasında böyük rol oynamışdır.
O, "İstanbul aşiqi" kimi tanınır. Onun İstanbulun itirilmiş tarixi abidələri ilə bağlı məqalələri bu mövzuda ən mühüm araşdırma mənbəyidir.[5] Mədəni və Təbii İrsin Qorunması üzrə Ali Şuradakı vəzifəsi sayəsində bir çox tarixi binanı dağılmaqdan xilas edib; O, xilas edə bilmədiklərinin də qeydə alınmasını təmin edib.
İstanbulun tarixi abidələri ilə bağlı araşdırmaları ilə yanaşı, Balkan ölkələrində Tavr dağlarındakı arxeoloji ərazilər və Osmanlı abidələri ilə bağlı araşdırmaları vardır.
Səmavi Əyicə, 1922-ci ildə İstanbulda anadan olub. Amasranın köklü dənizçi ailələrindən olan Əyicəoğullarına mənsubdur. Atası dəniz zabiti Kamil Əyicə,[1][2][4] anası isə Amasranın tanınmış zadəganı Hacı İbrahim bəyin qızı Xədicə Əyicədir.[1][2][4][6]
İstanbuldakı Saint Lui ibtidai məktəbində başlayan ibtidai təhsilini başqa bir fransız məktəbi olan Saint Jozefdə davam etdirdi. Daha sonra Qalatasaray liseyinə keçən, Səmavi Əyicə 1943-cü ildə oranı bitirib. Onun qədim əsərlərə marağı ibtidai məktəb illərində başlayıb. O, asudə vaxtı və tətillərini İstanbulda gəzməyə sərf edirdi.
Onun ilk məqaləsi 1949-cu ildə Rəşad Əkrəm Qoçu tərəfindən nəşr olunan İstanbul Ensiklopediyasında dərc olunub.[7] Fatehin Çərşəmbə səmtindəki Hirami Əhməd Paşa məscidi ilə bağlı bu ilk yazısından sonra bir çox məqalələr yazaraq ensiklopediyaya öz töhfəsini verib.
Alfons Mariya Şneyder ilə görüşdükdən sonra onun dəvəti ilə Bizans incəsənəti və arxeologiyasını öyrənmək üçün Göttingenə getdi.[8] O, İkinci Dünya müharibəsi illərində Vyana və Berlin Universitetlərində Bizans tarixini öyrənmişdi. Berlinin işğalı gündəmə gələndə isə Türkiyəyə qayıtmalı olur. Professor Ernst Diezlə birlikdə İstanbul minarələri mövzusunda tezis hazırlamış və 1948-ci ildə İstanbul Universiteti, Ədəbiyyat fakültəsinin "Sənət tarixi" bölməsini bitirmişdir. O, bu tezisi ilə “Türk-Osmanlı minarələrinin, eləcə də ətraflı araşdırmalara ehtiyacı olan Misir, Məğrib və İran minarələrinin əhəmiyyətli olduğunu” ön plana çıxarıb. Bu araşdırma ilə o, məscidləri sökülsə də, o dövrdə hələ də qalan bir çox minarələri müəyyən etmiş və bu gün heç bir izi qalmayan bir çox tikilini qeydə almışdı.[5]
1950-1953-cü illərdə Arif Müfid Mansel tərəfindən aparılan Sidə qazıntılarında iştirak etmiş Eyicə, 1952-ci ildə "Sidə Bizans dövrü binaları" mövzusundakı dissertasiya işini tamamlamışdır. 1954-cü ildə Kamran Yalğınla ailə quran Əyicənin bu evlilikdən iki qızı var. 1955-ci ildə "İstanbulda so dövr Bizans memarlığı" adlı kitabı ilə dosent elmi adını almışdır. Həmin il o, Fransa hökuməti tərəfindən "Fəxri legion" ordeni təltif edilmişdir.
1958-ci ildə həyat yoldaşı ilə Münxen Lüdviq-Maksimilian Universitetinə gedən Əyicə, Humboldt təqaüdünü qazandı və 13 ay dərslərdə iştirak etdi. Burada qaldığı müddətdə boş vaxtlarını kitab toplamağa həsr edib.[6]
1959-cu ildə İstanbul Universiteti "İncəsənət tarixi" kafedrasındakı işinə qayıtdı və Bizans tarixindən mühazirələr oxumağa başladı. 1963-cü ildə Ədəbiyyat fakültəsində "Bizans" kafedrası adlanan yeni kafedra yaradıldı. 1964-cü ildə “Erkən Osmanlı Dövrünün Dini-İctimai Qurumu: Zaviyələr” elmi işi ilə professor olan Əyicə "Bizans" kafedrasında çalışmışdır. 1982-ci ildə Bizans kafedrası digərləri ilə birləşdirilərək "Arxeologiya və İncəsənət tarixi" kafedrası yaradıldıqdan sonra o, kafedra müdiri vəzifəsinə təyin edilib. İstanbulda tarixi əsərlərlə bağlı araşdırmaları ilə yanaşı, Tavr dağları xarabalıqlarında arxeoloji tədqiqatlar aparmış, Balkan ölkələrində türk əsərlərini tədqiq və tərtib etmişdir. Almaniya, Fransa və İsveçrənin müxtəlif universitetlərində mühazirələr, dünyanın bir çox yerində konfranslar verən Əyicə 1991-ci ildə təqaüdə çıxdı.
Akademik fəaliyyəti ilə yanaşı, 1958-1997-ci illər arasında 38 il Mədəni və Təbii İrsin Qorunması üzrə Ali Şurada çalışmışdı. 1997-ci ildə isə “Taksim məscidini təsdiq etmədiyi üçün” Mədəni və Təbii İrsin Qorunması üzrə Ali Şuradan çıxarılıb.[9]
Onun 30.000 kitabdan ibarət kitabxanasında İstanbul və Bizansla bağlı qiymətli kitablar vardır. Onun kitabxanasını İstanbul Araşdırma İnstitutunun Bizans Araşdırmaları Bölməsi və Səmavi Əyicə Kitabxanası bölməsində görmək (Təpəbaşındakı Suna və İnan Kıraç Vəqfi İstanbul Araşdırma İnstitutu).[10]
Alman Arxeologiya İnstitutunun həqiqi üzvü və Belçika Kral Akademiyasının üzvüdür. Tarixçi 2011-ci ildə sənət tarixi sahəsində Respublika Ali Mədəniyyət və İncəsənət mükafatına layiq görülüb,[11] eyni zamanda Türkiyə Elmlər Akademiyasının Elm mükafatı laureatıdır.[12]
Tarixçi, Amsterdamdakı Rijksmuseum inventarında 1970-ci illərə qədər Hələb şəhərini təsvir etdiyi düşünülən rəsmin, 1970-ci ildə Türk Tarix Qurumu tərəfindən təşkil edilən konfranda Ankaranı təsvir etdiyini açıqladı.[13] Adı "Ankara mənzərəsi" olaraq yenilənən əsər Ankara şəhərşünaslığına töhfə verə biləcək çox əhəmiyyətli bir sənəd olaraq qəbul edilib.
Səmavi Əyicə 28 may 2018-ci ildə müalicə aldığı Maltepe Universiteti Tibb Fakültəsi Təhsil və Araşdırma Xəstəxanasında orqan çatışmazlığından 95 yaşında vəfat edib.[14] Onun nəşi, 30 may 2018-ci il tarixində qılınan cənazə namazından sonra Fateh məscidi qəbiristanlığında torpağa verilib.[15]