Sənə bəşəriyyət

"Sənə, bəşəriyyət!" — rəssam Tahir Salahovun 1961-ci ildə çəkdiyi rəsm-panno əsəri.[1] İlk dəfə 1961-ci il aprelin 12-də Bakıda təşkil edilmiş respublika bədii sərgisində nümayiş etdirilmişdir. Əsər Bakının Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.[2] Əsər Tahir Salahovun ən məşhur işlərindən sayılır.[3]

Sənə, bəşəriyyət!
Rəssam Tahir Salahov
Tarixi 1961
Ölçüləri 180 sm × 594 sm
Materialı Kətan, yağlı boya
Saxlanıldığı yer Azərbaycan Milli İncəsənət Muzeyi

Böyük kətan Salahovun atelyesinə yerləşmədiyi üçün, rəssam yaxınlıqdakı məktəbdə rəsmi çəkmişdir. Salahovun sözlərinə görə, o, rəsmi sifarişlə deyil, "ruhun daxili, optimist əmri ilə" çəkmişdir.[3] Sənət tənqidçisi Nurəddin Həbibovun fikrincə, rəssam əsərdə kosmosun fəthinin heyranlığını çatdırmaq istəyirdi.[4] Fiqurların ovucu içərisində hətta ilk peyklər kimi bir şey görünür.[5] Sənət tənqidçisi Yekaterina Dyoqot isə rəsmi Salahovun "ən qəribə" əsərini adlandırın. Dyoqotun fikrincəm əsərdə "paradiqma dəyişikliyi" açıq şəkildə göstərilir və fiqurlar valkiriyalara bənzəyir.[6]

" 1959-cu ildə, insanın kosmosa uçuşundan iki il əvvəl gecənin bir vaxtı mən qəflətən yuxudan ayıldım və kosmik səmada yanar ulduzlar arasında uçan, antik çöhrəli kişi və qadın eskizi çəkdim. Az sonra mən həmin eskizi kətan üzərinə köçürdüm və məhz Yuri Qaqarin kosmosa uçan gün bu işi sərgidə nümayiş etdirdim.[7] "

Əsər ilk dəfə 12 aprel 1961-ci ildə Bakıda təşkil edilmiş respublika bədii incəsənət sərgisində nümayiş etdirilmişdir. Rəssamın sözlərinə görə, onun "sövq-təbii hisslərim zamanı qabaqlayıbmış, məhz həmin gün hamı eşitdi ki, Yuri Qaqarin kosmosa uçmuşdur. Kosmik Odisseya belə başladı".[3] Kətan üzərində təsvir edilmiş, uzadılmış əllərində işıq saçan sferalar tutmuş halda mavi səmada uçan iki insan fiquru Yuri Qaqarinin şücaətinə romantik himn kimi qəbul edilmiş və cəmiyyətdə geniş əks-səda doğurmuşdu.[7] Əsərin məna konnotasiyaları kosmosa ilk uçuş, kainatın fəth edilməsi perspektivi, eyforiya və nikbinlikdir.[7]

Tahir Salahov bir dəfə özünün bu əsəri barədə demişdir:

" 1959-cu ildə, insanın kosmosa uçuşundan iki il əvvəl gecənin bir vaxtı mən qəflətən yuxudan ayıldım və kosmik səmada yanar ulduzlar arasında uçan, antik çöhrəli kişi və qadın eskizi çəkdim. Az sonra mən həmin eskizi kətan üzərinə köçürdüm və məhz Yuri Qaqarin kosmosa uçan gün bu işi sərgidə nümayiş etdirdim.[7] "
Azərbaycanlı rəssam Aygün Hüseynova 2015-ci ildə "Sənə bəşəriyyət" əsərində təsvir olunmuş səhnənin öndən görünüşünü işləmişdir.

SSRİ-də əsəri formalist iş kimi adlandırırdılar.[7] Salahov daxili narahatlıq hissləri keçirməyinə baxmayaraq, "Sənə, bəşəriyyət" əsərini 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının Moskvada, Manejdə təşkil edilmiş hesabat sərgisinə göndərməyi qərara aldı.[7] Əsəri Moskvaya gətirdilər, sərgidə asdılar.[7] Ənənəyə görə ertəsi gün montajdan sonra, vernisajdan əvvəl Mədəniyyət Nazirliyinin rəhbərləri Manejə gəlir, oradakı işlərə diqqətlə baxır, həm də xoşlarına gəlməyən əsərləri sərgidən götürürdülər.[7] Rəssama artıq demişdilər ki, Azərbaycan Respublikası üçün ayrılmış zaldan "Sənə bəşəriyyət!" əsərini hökmən götürəcəklər.[7] Salahov qeyd edirdi ki, bu ərəfədə Bakıya gəlmiş bədii komissiya Mədəniyyət Nazirliyinə artıq məruzə etmişdi ki, "Azərbaycanda, Moskva rəislərinin gözündən uzaqda formalizm tüğyan edir, yerli rəssamlar sovet xalqının qəhrəmanlıqlarla dolu adi iş günləri əvəzinə hansısa uçan adamların şəklini çəkirlər və ümumiyyətlə, orada nə baş verdiyini bilmək olmur."[7] Buna görə də komissiyanı gözləmədən, Tahir Salahov qalmaqaldan qaçmaq üçün öz rəsmini çıxartdı. Bu rəssam üçün çox ağır olsa da, Salahov bu hərəkəti ilə Rəssamlar İttifaqını pis vəziyyətdən çıxartdı və buna görə SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi Sergey Gerasimov sonradan ona təşəkkür etdi.[7]

Rəsm bundan sonra Bakıya göndərilmiş və indiyə qədər Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Əsər 2008-ci ildə bərpa edilmişdir.[7] "Sənə bəşəriyyət!" əsərinin çəkildiyi vaxtdan 2008-ci ildə ekspozisiyaya qoyulduğu günə qədər Rusiyada heç kəs onu görməmişdi. Elə Azərbaycanda da çoxlarının ondan xəbəri yox idi.[7] Rəssamın qızı, 2008-ci ildə Moskvada bu əsərin sərgisini təşkil etmiş Aydan Salahovanın fikrincə, geniş tamaşaçı kütləsinin hətta bu əsərin reproduksiyası ilə də tanış olmamasının səbəbi əsərin böyük ölçüləri ilə bağlıdır.[7] Aydan Salahova deyir:

" Bu əsərin bəsirəti, əhatəliliyi və rənglər qamması onu görənlərin hamısını heyran edirdi. Lakin ölçüləri o qədər böyük idi ki, hətta onun normal fotoşəklini də çəkmək mümkün olmurdu. Buna görə də o, bir növ unudulmuşdu – onu yalnız 1961-ci ildən asıldığı muzey zalına gələnlər görmüşdü.[7] "

1961-ci ildə təqdim olunduqdan sonra bu əsər 2008-ci il dekabrın 9-da Moskvada "Aydan qalereyası" sərgisində nümayiş etdirilmişdir.[8] Tahir Salahovun 80 illik yubileyinə həsr edilmiş həmin sərgidə yalnız bir eksponat vardı – "Sənə bəşəriyyət!".[7]' 2008-ci ildə bu əsər Venesiya biennalesində də göstərilmişdir.[3]

Tahir Salahovun xalça üzərinə köçürülmüş əsərləri arasında "Sənə bəşəriyyət!" də vardır.[9] 2011-ci ilin yanvar ayında Moskvada Qlinka adına Dövlət Musiqi Mədəniyyəti Muzeyində sumqayıtlı ustalar tərəfindən toxunmuş xalçaların sərgisi təşkil edilmişdir.[9]

Poçt markası və səhv

[redaktə | mənbəni redaktə et]

2011-ci ilin aprel ayının 12-də Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən insanın kosmasa uçuşunun 50 illiyinə həsr olunmuş 3 poçt markası təqdim edilmişdir. Tirajı 25 min ədəd olan həmin markalardan biri, 1 manat nominallı marka "Sənə, bəşəriyyət" əsərinə həsr olunmuşdur[10][11]. Lakin poçt markasının üzərində əsərin adı düzgün əks etdirilməmişdir. Belə ki, ədəbi dilin qaydalarına görə xitablardan əvvəl vergül işarəsi qoyulmalıdır. Əsərin adındakı "Sənə" sözü də bəşəriyyətə xitabla işlədildiyi üçün iki sözün arasında vergül qoyulmalı idi.

2011-ci ildə buraxılmış poçt markası
  1. Kaplanova, Sofiya. Tahir Salahov. Советский художник. 1967. səh. 6. (#accessdate_missing_url)
  2. "Азербайджанский гимн подвигу Юрия Гагарина". sputnik.az. sputnik.az. 2018-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2018.
  3. 1 2 3 4 "Предвидение художника: "Тебе, человечество!" Таира Салахова". www.ng.ru (Rusca). www.ng.ru. 2013-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2018.
  4. Н. Габибов. Глава четвертая 1956—1967 годы // Живопись / Редакторы В. Моргулис, Н. Воронина, В. Савицкая. — Искусство Советского Азербайджана. — Советский художник, 1970. — С. 130. — 207 с.
  5. Vasilyeva, Janna. "Восточный мудрец". Итоги (№ 5 / 659). 26 yanvar 2009. 2018-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2018.
  6. Дёготь, Екатерина. "Горение внутреннее и внешнее". os.colta.ru. os.colta.ru. 2013-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2018.
  7. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 "АЗЕРБАЙДЖАНСКИЙ ГИМН ПОДВИГУ ЮРИЯ ГАГАРИНА". www.anl.az. www.anl.az. 2013-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2018.
  8. "ВЫСТАВКА ОДНОЙ РАБОТЫ ТАИРА САЛАХОВА "ТЕБЕ, ЧЕЛОВЕЧЕСТВО!"". www.rah.ru. www.rah.ru. 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2018.
  9. 1 2 "Yuri Qaqarinin şücaətinə Azərbaycan himni". azertag.az. azertag.az. 28 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 yanvar 2018.
  10. 12.04.2011. İnsanın kosmasa ilk uçuşunun 50 illiyi. azermarka.az Arxivləşdirilib 2015-10-04 at the Wayback Machine  (az.)
  11. "Azərmarka" MMC insanın ilk kosmosa uçuşunun 50 illiyinə həsr edilmiş poçt markaları buraxıb. interfax.az[ölü keçid]  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]