Sərbəst platin – Pt — Kubik sinqoniya; Rast gəlmə tezliyi şkalası - nadir.
Sərbəst platin | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
Pt |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | kubik sinqoniya[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Təmiz halda çox nadir hallarda qeyd edilir və adətən başqa metallarla birlikdə təbii ərintilər – ferroplatin (15-20 % Fe), iridiumlu platin (7 %-dək Ir), palladiumlu platin (bəzən 7 %-dək və daha çox miqdarda Pd), rodiumlu platin (4,5 %-dək Rh), nikelli platin (3,8%-dək Ni), kuproplatin (8-13 % Cu) və b. əmələ gətirir.
Rəng – gümüşü-ağdan poladı-bozadək; Mineralın cizgisinin rəngi – gümüşü - və qalayı-ağ, parıltılı; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – təmiz platinin – 21,5, təbii xəlitələrin – 14-19; Sərtlik – 4-4,5; AR – yoxdur; Sınıqlar– tikanlı; Başqa xassələr – döyüləndir, olduqca dartıla biləndir, çətin ərimə, kimyəvi dayanıqlıq, dəmirli platin isə həm də maqnit və elektrik keçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: nadir hallarda rast gəlir; oktaedrik, heksaedrik; Mineral aqreqatları: qeyri-düzgün və yuvarlaq formalı, vərəq- və pulcuqvari əmələgəlmələr, dendritlər, külçələr – adətən kiçik ölçülü, nadir hallarda çəkisi 10 kq və daha çox olan bütöv kütlələr.
Platinin maqmatik ana yataqları və səpinti yataqları ayrılır. Mineralın ana – ilkin yataqları genetik cəhətdən ultraəsasi və əsasi süxurlarla əlaqədardır. Hiperbazitlər (dunit) içərisində yerləşən yataqlarda platin xromşpinelidlərlə sıx assosiasiya təşkil edir, gec (pnevmatolit-hidrotermal mənşəli olması da istisna deyil) minerallar sırasına daxil olub, silikatlar və oksidlərdən sonra əmələ gəlir. Əsasi süxurlarda (norit, qabbro-diabazlar) yerləşən yataqlarda sərbəst platin maqmatik ərintinin likvasiyası ilə əlaqədar olaraq yaranır və onunla assosiasiyada olan sulfidlərin erkən əmələgəlmələrindən sonra kristallaşır. Mineralın hidrotermal mənşəli tapıntıları da məlumdur. Mineralın səpinti törəmə yataqları onun ana yataqlarının dağılması nəticəsində formalaşır. Platinlə zəngin allüvial və elüvial səpintilər çox vaxt böyük sənaye əhəmiyyətli olur. BR: olivin, maqnetit, ilmenit, xromit, sərbəst qızıl, sərbəst iridium, sərbəst gümüş, habelə sperrilit, pentlandit, xalkopirit, pirrotin, kuperit, hizlevudit, kvars və b. Y: Ural, Sibir (Rusiya); Buşveld kompleksi (CAR); Qərbi Həbəşistan; Sedberi (Kanada); Pinto çayı (Kolumbiya); Minas-Jerays r-nu (Braziliya); Yeni Zelandiya və b. Azərbaycanda Kiçik Qafqaz ofiolit qurşağının az miqdarda platinoidlər saxlayan ultraəsasi süxurlarının potensial platindaşıyan olmasına baxmayaraq, burada bu metalın ana yataqları hələ ki, kəşf edilməmişdir. Sərbəst platinin nadir xırda dənəcikləri hiperbazitlərdə və Göydərə yatağının, Comərd, Nikolayev, Kazımbinə təzahürlərinin bu süxurlar içərisində yerləşən xromit cisimlərində aşkar edilmişdir. Platinin səpinti əmələgəlmələri Tərtərçay, Kürəkçay və b. çay hövzələrinin allüvial çöküntülərində qeyd edilmişdir. Sərbəst platinə Xəzər dənizinin Lənkəran-Astara sahillərinin titanmaqnetit-avqitli qumlarında da rast gəlinir.
Mühüm platin filizidir; kimya sənayesində, elektrotexnikada, zərgərlikdə, təbabətdə (stomatologiyada) istifadə edilir.