Buşveld kompleksi (Bushveld) – CAR-da dünyanın ən böyük filizli intruziv massivi.
Mpumalanqa, Şimal və Şimal-Qərb əyalətləri ərazisindədir. Massivdə platin, xrom və s. metalların iri yataqları var. 1919 ildən istismar olunur. Kəşf olunmuş platin qrupu metallarının ehtiyatı 49,9 min t (filizdəki orta miqdarı 5,7 q/t), xromitlər 1,78 mlrd. t (Cr2O3 37%), vanadium 3 mln. t (V2O5 1,4–1,9%), nikel 3,7 mln. t (Ni 0,15–0,34%), mis 2,7 mln. t (Cu 0,1–0,25%), qızıl 2–2,5 t (Au 0,3 q/t), qalay təqr. 30 min t, flüorit 4,3 mln. t-dur (CaF2 40%-dən çox).
Buşveld kompleksi Afrika platformasının Kaapval kratonunda yerləşir; Proterozoy yaşlı təbəqələşmiş nəlbəkivarı kütlədən (lopolitdən) ibarətdir; qalınlığı təqr., 10 km, enlik istiqamətində uz. 430 km, meridian istiqamətində 260 km-dir. Kompleksin yer səthinə çıxan hissəsi (ümumi sahəsinin 42%-i) 67 min km2-dir.
Buşveld kompleksi bir neçə maqmatik fazada (andezit, felzit, ultraəsasi) təbəqələşmiş süxurlar seriyası ilə əmələ gəlmişdir. Ən qalın təbəqə əsasi və ultraəsasi tərkiblidir; əsas filiz ehtiyatları kəsilişdə 5 zonadan ibarət bu təbəqə ilə əlaqədardır.
Təbəqənin özülündə Marginal zona (noritlər və piroksenitlər, qalınlığı 800 m-ədək), on dan yuxarıda Alt zona (bronzitlər, hars burgitlər və dunitlər, qalınlığı 800–1300 m), Böhran zonası (piroksenit və anor to zit ara qatları ilə noritlər, qalınlığı 1300–1800 m), Baş zona (qabbro və noritlər, qalınlığı 3000–3400m) və Üst zona (ferroqabbro və ferrodioritlər, qalınlığı 2000–2800 m) yerləşir. Platin qrupu və xrom metallarının maqmatik mənşəli filiz yataqları Böhran zonası süxurlarında cəmlənmişdir. Yataqlar, əsasən, yeraltı üsulla istismar olunur. 2002 ildə 239,8 t platin qrupu metalları, 42,1 min t nikel, 7,41 mln. t xromit, 15 min t vanadium (V2O5) hasil edilmişdir.