SƏS Media Qrup və ya "Səs" Media Qrupu — Azərbaycanda fəaliyyət göstərən hökumətəmeyilli media-qrup. Təsisçisi və rəhbəri Bəhruz Quliyevdir.
Səs Media Qrup |
---|
Səs İnformasiya Agentliyi və ya qısaca SİA 2008-ci il iyulun 23-də Azərbaycan Respublikası Vergilər Nazirliyi, Bakı şəhər Vergilər Departamenti, Dövlət Qeydiyyat İdarəsində qeydiyyatdan keçib və fəaliyyətə başlayıb.
Agentlik Azərbaycan, ingilis, rus və türk dilində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və online sistem ilə həyata keçirilir.
İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı xəbərlər və analitik yazılar, rəylər əksini tapır. SİA Azərbaycanın bütün bölgələrində xüsusi müxbirlər təyin edib. O cümlədən Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-nin aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq əlaqələri qurub.
Əlaqələr qurduğu qurumlar sırasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirlik və konsulluqlar, diplomatik missiyalar, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət strukturları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının Azərbaycandakı nümayəndəlikləri, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən diaspor qurumları, xarici şirkətlər, yerli və xarici biznes strukturları da var. Agentliyin bülletenlərinin yayılmasında Azərbaycanın aparıcı iqtidar və hökumətəmeyilli mətbuatı, müstəqil media qurumları üstünlük təşkil edir. Agentliyin bülletenləri elektron poçt vasitəsilə və ya çap şəklində çatdırılır.[1]
Agentliyin www.sia.az ünvanlı internet saytı fəaliyyət göstərir.
“Səs” Media Qrupuna daxil olan Səs İnternet Televiziyası (SƏS TV) 11 yanvar 2011-ci ildə yaradılıb. Fasiləsiz olaraq Azərbaycan dilində yayımlanan SƏS TV SİA-nın Azərbaycanın bütün bölgələrində, eyni zamanda Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Şərqi Avropa ölkələri, Qazaxıstan və Orta Asiya ölkələrindəki büroları vasitəsilə “online” xəbər xidməti göstərir və ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə görüntülər yayır.
Agentlik abunəçilərinə gündəlik video-xəbərlər, analitik təhlillər, proqnozlar, xüsusi video-görüntülər təqdim edir. SƏS TV-nin yaradıcı qrupu verilişlər, reportajlar hazırlayır, monitorinqlər keçirir. SƏS TV Azərbaycanın sosial, siyasi, iqtisadi, idman həyatından video-xəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Multimedia və video-xəbər xidməti SƏS TV müxtəlif layihələr hazırlayır.
SƏS TV xarici ölkələrin media qurumları ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Müxtəlif tədbirlərin təşkilatçısı və informasiya dəstəkçisi rolunda çıxış edən SƏS TV Azərbaycan mediasının yeni qolu sayılan internet medianın inkişafında rol oynayır.
SƏS TV-nin redaksiyası Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsi 66 ünvanında yerləşir.[2]
2017-ci ilə qədər "siasport.az" formasında müstəqil sayt kimi fəaliyyət göstərib.
Rəsmi saytı olan "siatravel.az" veb-saytı 2023-cü ilə qədər fəaliyyət göstərib.