Səttar Məcid oğlu Əsədov (15 mart 1910, Şuşa – 11 fevral 1974, Bakı) — Azərbaycan zooloq–parazitoloqu, biologiya elmləri doktoru (1961), professor (1969), Azərbaycan SSR EA-nın həqiq üzvü (1968), akademik.
Səttar Əsədov | |
---|---|
Səttar Məcid oğlu Əsədov | |
Doğum tarixi | 15 mart 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 11 fevral 1974 (63 yaşında) |
Vəfat yeri | |
Atası | Məcid Əsədov |
Təhsili | |
Mükafatları |
Səttar Əsədov 15 mart 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Ali təhsilini 1939-cu ildə Bakı Dövlət Universtetinin Biologiya fakültəsində almışdır. 1945-ci ildə biologiya üzrə fəlsəfə doktoru, 1961-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir. 1962-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir.[1]
Azərbaycan SSR EA Zoologiya İnstitutunda direktor müavini (1948–1950), direktor (1950–1960) olmuşdur. 1960–1974-cü illərdə təşkil etdiyi ekoloji parazitologiya laboratoriyasının rəhbəri idi. Əsas tədqiqatı parazitologiyanın mühüm nəzəri məsələlərinə, sahiblərə və landşafta görə parazitlərin spesifikliyinə, onların təbii və məhəlli ocaqlarına həsr edilmişdir.
Səttar Əsədov Azərbaycan ərazisini ekoloji helmintoloji rayonlara ayırmış və bu məqsədlə xəritələr tərtib etmişdir. Onun ixtisaslı kadrlar hazırlanmasında xidməti var. Azərbaycan SSR Helmintoloqlar Cəmiyyətinin sədri olmuşdur (1948–1974).
Professor Səttar Əsədov 132 elmi əsərin, habelə 3 monoqrafiya, 1 kitab və bir neçə elmi-kütləvi kitabçanın müəllifi və həmmüəllifidir. Akademik orta məktəb üçün "Zoologiya" dərsliyinin, "Zooloji terminlər lüğəti"nin, "Azərbaycanın heyvanlar aləmi" monoqrafiyasının tərtibçilərindən biri olmuşdur. Səttar Əsədovun rəhbərliyi ilə 8 fəlsəfə doktoru və 2 elmlər doktorluğu dissertasiyası müdafiə edilmişdir.[1]
Səttar Əsədov 11 fevral 1974-cü ildə Bakı şəhərində vəfat etmişdir.[1]
Səttar Əsədov "Şərəf nişanı" ordeni və bir sıra medallarla təltif edilmişdir.[1]