SOFAZ Tower

SOFAZ tower (ARDNF qülləsi)Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən çoxmərtəbəli binadır. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binası olan bu göydələn yüksək beynəlxalq standartlara uyğun olan ən son texnoloji yenilikləri və Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən unikal layihədir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun yeni inzibati binası
SOFAZ Tower
Xəritə
40°24′51″ şm. e. 49°54′06″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Tikilmə tarixi 2011—2013
Mərtəbə sayı Yerüstü = 24
Yeraltı = 2
Mərtəbə sahəsi 27,000 m 2
Aidiyyatı Azərbaycan Dövlət Neft Fondu
Memar Inter Art Etudes (France) və M.D.M. MMC (Azerbaijan)
N.V. BESIX S.A. (developer)
Memarlıq quruluşu Modern
Vəziyyəti tamamlanıb
SOFAZ Tower (Bakı)
SOFAZ Tower

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2009-cu il tarixli, 367s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yeni inzibati binasının tikilməsi məqsədilə Nizami rayonu 6-cı Köndələn küçəsi 2 ünvanında 0,64 hektar torpaq ərazisi Fondun balansına verilmişdir.[1] Həmin gündə prezident İlham Əliyev onun bünövrəsinin təntənəli qoyulması mərasimində iştirak etmişdir.[2]

20 dekabr 2011-ci ildə N. V. Besix S. A. şirkət-inşaatçısı ilə tikintiyə dair ikitərəfli müqavilə imzalanmışdır.[1] Bundan sonra SOFAZ Tower binasının tikintisinin aktiv mərhələsinə start verilmişdir. N. V. Besix S. A. şirkəti Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinə uyğun olaraq, təkliflər sorğusu metodu ilə satınalma müsabiqəsinin nəticəsində qalib gəlmiş və 20 dekabr 2011-ci il tarixində Dövlət Neft Fondu və Besix-Az Besix konsorsiumu arasında 84 916 000 avro məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır. Baş podratçı tərəfindən binanın tikintisinə yerli və xarici sub-podratçı şirkətlər cəlb edilmişdir.[3]

Binanın tikinti və dizayn işləri 5 il ərzində yekunlaşmışdır. Binanın tikinti layihəsi M. D. M MMC və Fransanın "İnter Art Etudes" şirkəti tərəfindən hazırlanmışdır. Tikinti prosesinin icrası Amerikanın "AECOM"şirkətiin nəzarəti altında Belçikanın "N. V. Besix S. A."şirkəti tərəfindən həyata keçirilmişdir.[3]

Yerləşdiyi ərazi

[redaktə | mənbəni redaktə et]

Bina dənizin sahil xəttindən 4 kilometr şimalda, Bakı şəhərinin ən gediş-gəlişli Heydər Əliyev prospektinin mərkəzində və "Ulduz" metro stansiyasından şimal-şərqə yerləşir.[4] Qonşuluq üzrə, daha doğrusu prospektin qərb kənarı boyunca başqa böyük bir obyekt — Azərbaycan Mərkəzi bankının 32-mərtəbəli göydələni yüksəldilir. Prospektin əks tərəfində isə, "Azinko" şirkətinə məxsus 28 mərtəbəli ofis binasının tikintisi artıq tamamlanır.[5]

Detallar və layihənin xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bina 24 yerüstü və 2 yeraltı mərtəbədən ibarətdir, onun hündürlüyü 117 metr, damda mayakı nəzərə alındıqda isə — 140 m-ə bərabərdir, binanın ümumi sahəsi 13 000 m²-dir. İkimərtəbəli yeraltı dayanacaqla birlikdə 26 mərtəbəli yeni inzibati binada 3 mərtəbəli Podium, icraçı direktorun ofisinin də yerləşdiyi mərtəbə daxil olmaqla 18 açıq tipli ofis mərtəbəsi, 3 texniki mərtəbə və bununla yanaşı kitabxana, muzey, 200 nəfərlik konfrans zalı, iclas otaqları, restoran və s. mövcuddur.[3]

Binanın həm dünya həm də yerli miqyasda ekoloji effektliliyinin müəyyənləşdirilməsi və eləcə də ətraf mühitə göstərə biləcəyi hər hansı mənfi təsirlərin vaxtında aradan qaldırılması və nəticədə Böyük Britaniyanın Tikinti Tədqiqatları və Ətraf Mühitin Qiymətləndirilməsi Metodologiyası İnstitutu (BREEAM) tərəfindən binaya dünya miqyasında qəbul edilmiş müvafiq "BREEAM" sertifikatının verilməsi məqsədilə, binanın tikintisi layihəsinin idarə edilməsi üçün Fond tərəfindən müqavilə əsasında cəlb edilmiş AECOM Russia Limited şirkətinə bu məsələlərin hərtərəfli araşdırılması və qiymətləndirilməsi tapşırılmışdır.

AECOM Russia Limited şirkətinin nümayəndələri "BREEAM Assessment" üzrə ilkin araşdırmalar aparmış və yüksək reytinq dərəcəsi əldə etmək üçün lazım olan bütün tələblərin layihəyə daxil edilməsinə çalışmışlar. Hədəf kimi "BREEAM Assessment" qiymətləndirmə cədvəli üzrə Yaxşı (>45%) və ya Çox Yaxşı (>55%) dərəcələri əsas götürülmüşdür.

Binada ikiqat aktiv fasad növündən istifadə olunmuşdur. O, dayanıqlılıq və enerji sərfiyyatı tələblərinə uyğun olaraq layihələndirilmişdir ki, bu da müasir texnoloji sistemlərin, eləcə də intellektual texnoloji infrastruktur konsepsiyasının tətbiqində nəzərə alınır və eyni zamanda "Yaşıl Bina" (Green Building) kateqoriyasının tələblərinə cavab verir. Binanın daxili dizaynı isə A sinifli ofis bina standartlarına uyğun olaraq Azərbaycanın milli-mədəni irsi nəzərə alınmaqla tərtib edilmişdir.[3]

Binanın birləşdirilmiş idarəsi üçün intellektual texnologiyalardan istifadə olunmuşdur. Qüllədəki ofislər A sinfinin standartlarına tam uyğun gəlirlər. Layihənin reallaşdırmasının dəyəri 85 milyon avro ilə qiymətləndirilir.[6]

Texniki xarakteristikalar

[redaktə | mənbəni redaktə et]

Binanın tikintisi zamanı növbəti anlar nəzərə alınmışdır: dəniz mühiti (bu mühit adekvat materialları və fasadın xidmətini yerinə yetirən xüsusi qurğunu tələb edirdi), şosenin yaxınlığı (səs izolyasiyası ehtiyacı), eləcə də Bakı iqlimi üçün səciyyəvi olan güclü külək və fırtına faktorları. "İsidici körpü" effektindən qaçmaq üçün ikiqat divar strukturundan (ikifasadlı sistem) istifadə edilmişdir: geydirmə olan bayır fasad polad karkasa bərkidilir; daxili fasad isə adi doğranma materiallarından istifadə ilə inşa edilmişdir. Binanın fasadının təmizləməsi üçün avtomatik sistem nəzərdə tutulmuşdur.[4]

Binanın tikinti işlərini aparan Besix-AZ Besix konsorsiumu Keyfiyyətə Nəzarət Planı hazırlayaraq həm şirkətin apardığı işlərin, həm də sub-podratçı şirkətlərin işlərinin beynəlxalq Keyfiyyətin İdarəolunması İSO 9001 və Ətraf mühit üzrə İSO 14001 standartlarına uyğun olaraq aparılmasını təmin etmişdir. Binanın tikintisi zamanı nəzarət, hesabatların hazırlanması, enerji istifadəsinə dair hədəflərin qoyulması, daşınmaların həyata keçirilməsi, hava və su kirliliyinin minimuma endirilməsi üzrə işlər də əhatə edilmişdir.

Binanın dizaynı və tikintisi zamanı dayanıqlılıq və enerjiyə qənaət üzrə tələblər nəzərə alınmış və tətbiq edilmişdir. Enerji qənaətini təmin etmək məqsədilə binada ikiqat fasad sistemindən istifadə olunmuşdur. Qatlar arasında boşluğun olması enerji istifadəsi effektivliyini daha da artırmaga imkan yaradır. Bu boşluqlarda avtomatlaşdırılmış və günəş sensoru ilə işləyən jalüzlər quraşdırılmışdır. Daxildə istifadə edilən isti su qazanxanaları üçün günəş panellərindən istifadə edilmişdir. Qazanxalarda ən yüksək effektivliklə işləyən sistemlər tətbiq edilmişdir.

Dizaynda həmçinin avtomobillər və velosipedlər üçün parkinq nəzərdə tutulmuşdur.

Binanın girişində olan informasiya panelləri vasitəsilə əməkdaşlara və işçilərə bina haqqında müxtəlif məlumatlar çatdırılır.

Tullantıların saxlanılması üçün xüsusi ceşidləmə əraziləri ayrılmışdır.

Yeraltı mərtəbələrdə həm ARDNF-nin əməkdaşları üçün, həm də binada xidmət göstərən digər şəxslər üçün nəzərdə tutulmuş paltar dəyişmə otaqları və saxlama kabinləri yerləşmişdir.

BREEAM tələblərinə əsasən keçirilmiş testlər göstərmişdir ki, quraşdırılmış şüşə panellər sayəsində kifayət qədər günəş işığının binaya daxil olması təmin edilmişdir.

2016-cı ildə Dövlət Neft Fondunun inzibati binası tam hazır bina metodologiyası üzrə BREEAM qiymətləndirilməsindən keçmiş və Azərbaycanda bu metodologiya ilə Yaxşı dərəcəsi əldə etmiş ilk bina olmuşdur.

  1. 1 2 "abc.az". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-23.
  2. "1news.az". 2011-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-23.
  3. 1 2 3 4 "Arxivlənmiş surət". 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-23.
  4. 1 2 "japsa.be". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-23.
  5. "форум skyscrapercity.com". 2015-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-23.
  6. "abc.az". 2016-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

"besix". besix.com (rus). İstifadə tarixi: 2013-09-9.