SOCAR Tower

SOCAR Tower[2][3][4]Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli bina.

SOCAR Tower
Xəritə
40°24′18″ şm. e. 49°52′58″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Tikilmə tarixi 2010-2016
Mərtəbə sayı Yerüstü = 40
Yeraltı = 2
Mərtəbə sahəsi 59,000 m2
Smetası $414 milyon[1]
Aidiyyatı Azərbaycan Dövlət Neft Şirkəti
Memar Heerim Architects & Planners Co
Memarlıq quruluşu Modern
Vəziyyəti tamamlanıb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Azərbaycanın poçt markası (2012)

2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. ARDNŞ-nin müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanıb, bununla bağlı müsabiqə elan olunub, dünyanın, eləcə də Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılıb.

Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə ARDNŞ-nin qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "külək-alov" konsepsiyası daha cəlbedici hesab edilib. Layihələndirmə işlərinin həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb. 2007-ci ilin sentyabrında ARDNŞ ilə layihələndirmə müsabiqəsinin qalibi olan "Heerim Architects & Planners Co. Ltd" şirkəti arasında müvafiq müqavilə imzalanıb. 2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında Türkiyənin "TEKFEN İnşaat və Təchizat" şirkəti qalib gəlib və həmin şirkətlə ARDNŞ arasında müqavilə imzalanıb.

Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini "Heerim" şirkəti həyata keçirəcək. Layihə ilkin olaraq 235,4 milyon ABŞ dolları məbləğində dəyərləndirilir. Paytaxtda öz modern tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək yeni inzibati bina şirkətin tələblərini tam ödəməklə yanaşı, müasir beynəlxalq standartlara cavab verəcək. 200 metr hündürlüyündə olacaq ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edəcək. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək.

Binanın yeraltı mərtəbəsində 1045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaq. Binanın ikinci mərtəbəsi fitnes mərkəzi, 3–6-cı və 18–37-ci mərtəbələri Şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulub. Binanın fasadının ümumi sahəsi 27 min kvadrat metr, zirzəminin sahəsi təxminən 52 min kvadrat metr, ofis hissəsinin sahəsi isə 40,5 min kvadrat metrdir. Layihənin sahəsi 100 min kvadrat metrdən artıqdır.

Texniki xarakteristika

[redaktə | mənbəni redaktə et]

ARDNŞ-nin yeni inzibati binasının konstruksiyası dəmir-beton özək divarlı və polad konstruksiyalı kompozit sistemə əsaslanacaq. Bina Rixter şkalasına görə 9 ballıq zəlzələyə davamlı olacaq. Binanın layihəsi Kanadada yerləşən xüsusi beynəlxalq laboratoriyada saatda 190 kilometr külək sürətinə hesablanmış virtual şəraitdə sınaqdan keçirilib. Külək-tunel testinə uyğun olaraq, binanın əsmə amplidudasının məhdudlaşdırılması məqsədi ilə xüsusi damper sistemi ilə təchiz olunması qərara alınıb. ARDNŞ-nin yeni inzibati binasında tikinti işləri IBC (Beynəlxalq Tikinti Standartı), ABŞ standartları, СНиП, Azərbaycan Tikinti Normativlərinə uyğun aparılacaq.

Azərbaycanda ilk dəfə olaraq, burada fasadın təmizlənməsi və servisi İKU avtomatik təmizləmə sistemi vasitəsi ilə həyata keçiriləcək. 2200 nəfərin rahat çalışması üçün nəzərdə tutulmuş bina "bir şaxtada iki lift" prinsipinə əsaslanan TWIN – əkiz kabinəli liftlər, havalandırma, elektrik lövhələri, avtomatlaşdırılmış mərkəzi yönləndirmə sistemləri ilə təmin olunacaq. Binaya 220 nəfərdən ibarət texniki heyət xidmət göstərəcək.

Hazırda binanın qüllə hissəsində yeraltı svayların qazılması üçün drenaj quyuları qazılır. Qüllə ətrafı avtopark və podium hissələrindəki bünövrə işləri yekunlaşıb. Avtoparkın birinci mərtəbəsinin örtük betonları tökülməkdədir. İşlər qrafikə uyğun olaraq davam etdirilir.[5]

23 fevral 2013: 19-cu mərtəbənin betonlu əsasının quraşdırması
  1. "Строительство здания SOCAR Tower обошлось в $414 млн". minval.az. 2017-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2017.
  2. "Heerim Architects Pen SOCAR Tower". 2014-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-04.
  3. "SOCAR Tower". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-04.
  4. "Проектирование SOCAR Tower в Баку всё ещё не завершено". 2014-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-04.
  5. "SOCAR TOWER – APPROVED". 2011-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]