Əhmədli Sabir Məhəmməd oğlu (10 iyul 1930, Cəbrayıl – 17 aprel 2009, Bakı) — nasir, publisist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinın üzvü, Azərbaycanın Xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984), Prezident təqaüdçüsü.[1]
Sabir Əhmədli | |
---|---|
Sabir Məhəmməd oğlu Əhmədli | |
Doğum adı | Sabir Əhmədov |
Doğum tarixi | 10 iyul 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 17 aprel 2009 (78 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi |
Fəaliyyəti | yazıçı, dramaturq, ssenarist |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | teatr pyesi, povest |
İlk əsəri | "Poçtalyon" |
Mükafatları |
|
Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır.
1951–1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləmişdi. 1955–1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdir. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956–1993), baş redaktor (1993–1996) işləmişdir.
1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdir.
Ədəbi fəaliyyətə 1951-ci ildən "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlamışdır. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1961-ci ildə onun "Bir payız axşamı" kitabı çıxmışdı. 1989-cu ildə Azərnəşrdə ikicildlik əsərləri çap edilmişdir.
Qarabağ hadısələrinə həsr etdiyi irihəcmli ədəbi-publisistik məqalələri — "Qarabağın gecikmiş yazı", "Qarabağın qarlı səngərləri" "Ədəbiyyat və incəsənət" qəzetinin 1992–1993-cü illərdə dərc edilmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.[1]
Sabir Əhmədli 2009-cu il aprelin 17 Bakıda vəfat etmişdir.[2]