Sadako Sasaki (佐々木 禎子; 7 yanvar 1943 –– 25 oktyabr 1955) — Xirosima şəhərində yaşamış yaponiyalı qız.
Sadako Sasaki | |
---|---|
佐々木 禎子 | |
Sadako Sasaki | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (12 yaşında) |
Vəfat səbəbi | şüalanmanın təsirindən yaranan leykemiya xəstəliyi |
Vikianbarda əlaqəli mediafayllar |
6 avqust 1945-ci ildə Xirosimanın bombardmanı zamanı evində, partlayışın episentrindən 1,5 kilometr uzaqlıqda olan Sadako 10 ildən sonra şüalanmanın təsirindən yaranan leykemiya xəstəliyindən vəfat etmişdir.
1954-cü ilin noyabrında Sadakoda şüa xəstəliyinin ilk əlamətləri özünü göstərməyə başladı. 21 fevral 1955-ci ildə o leykoz diaqnozu ilə xəstəxanaya yerləşdirildi.
Xəstəxanada o, öz yaxın dostlarından birindən bir yapon əfsanəsini eşidir. Həmin əfsanəyə görə oriqami sənəti əsasında min kağız durna düzəldən şəxsin tutduğu bir arzu mütləq yerinə yetməlidir. Bu əfsanə Sadakoya təsir edir və o, xəstəxanadakı bəzi digər uşaqlar kimi əlinə keçən kağız parçalarından durna düzəltməyə başlayır.
25 oktyabr 1955-ci ildə Sadako vəfat etdi. "Sadako və min kağız durna" kitabındakı fikrə görə o, yalnız 644 durna düzəldə bilmişdi. Dostları onun yerinə lazım olan sayda durna düzəldir və Sadako min kağız durna ilə birlikdə dəfn edilir. Xirosimadakı Memorial sülh muzeyinin Sadakoya həsr olunmuş guşəsində məlumat verilir ki, o, mindən artıq kağız durna düzəldə bilmişdi[2].
Sadako Yaponiyada atom müharibəsi əleyhdarlarının simvoluna çevrilmişdir.
Onun şücaətindən və iradəsindən ruhlanan dostları və sinif yoldaşları Sadakonun məktublarını yayımladılar və Sadakonun, habelə atom bombardmanından həlak olmuş bütün uşaqların şərəfinə abidə ucaldılması üçün fəaliyyətə başladılar. Yaponiyanın hər yerindən gənclər bu layihənin həyata keçməsi üçün vəsait toplamağa başladılar.
1958-ci ildə Xirosimadakı Sülh Parkında əlində kağız durna tutmuş Sadakonu təsvir edən heykəl ucaldıldı. Heykəlin postamentində aşağıdakı sözlər yazılıb: "Bu bizim harayımızdır, Bu bizim duamızdır, Dünyada sülh".
Hər il avqustun 6-da, atom bombardmanının ildönümündə bu abidənin qarşısına minlərlə kağız durna düzülür.
Sadakonun şərəfinə ABŞ-də, Sietldəki Sülh Parkında da heykəl qoyulmuşdur. Natural ölçüdə olan bu heykəl də əlində kağız durna tutmuş qız uşağını təsvir edir. Heykəlin postamentində aşağıdakılar yazılıb:
İngiliscə | Azərbaycanca |
---|---|
SADAKO SASAKI PEACE CHILD |
Sadako Sasaki Sülhün övladı |
Sadako Sülh Bağı (ing. Sadako Peace Garden) 6 avqust 1995-ci ildə Xirosimanın atom bombardmanının 50 illiyi münasibətilə açılmış və Sadako Sasakinin şərəfinə adlandırılmışdır. 30 iyun 2002-ci ildə bu park Sülh Bağları şəbəkəsinə daxil oldu.
Bağ ABŞ-nin Kaliforniya ştatında, Santa-Barbara şəhərində, "La Casa Maria Retreat Center"də yerləşir. İzabel Qrin (ing. Isabelle Greene) və İrma Kavat (ing. Irma Cavat) tərəfindən düşüncə və ilhamalma parkı kimi yaradılmışdır. Nuclear Age Peace Foundation və La Casa de Maria layihəsi çərçivəsində yaradılmışdır.
Parkın içərisində üzərində durnalar yonulmuş daşlar qoyulmuşdur.