Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Sahib Quliyev —
Sahib Quliyev 26 oktyabr 1954-cü ildə Ağsu rayonunun Bico kəndində dünyaya göz açıb. Sahib Quliyev ixtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1972–1978) alıb, sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Heykəltəraşlıq fakültəsini (1981–1989) bitirib[1].
1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Yaradıcılığa erkən yaşlarından başlayan heykəltaraş bu yolda qarşılaşacağı bir sıra çətinliklərə baxmayaraq öz əzmi və iradəsi ilə təsviri sənət aləmində yaradıcı bir insan kimi özünəməxsus — milli ruha əsaslanan axtarışları ilə heykəltaraşlıq sənətinin incəliklərini dərindən mənimsəyib və özündə ənənə ilə müasirliyin qovşağını əks etdirən çoxsaylı kiçik plastika nümunələrinin yaradıcısıdır. Belə ki, Sahib Quliyev hələ yetkinlik dövrünə çatmamış sarı təndir gilindən istifadə etməklə, ətrafında gördüklərini bədii görüntüyə çevirməklə yanaşı əsas etibarilə keçi və at fiqurlarından ibarət kiçik həcmli heyvan fiqurları, sonrakı dövrlərdə isə boz daşdan keçi fiqurları düzəldərdi. Sahib Quliyevin yaratdığı bədii plastika nümunələrinin səthlərində dekorativ bəzək xarakterli və müəyyən rəmzi məna daşıyan milli ornamentlərdən istifadə olunub. Bu naxışların əksər hissəsini isə dünya şöhrətli "Bico" xalçasından götürülmüş ornamental motivlər təşkil edir. "Bico" çeşnili xalça və onun üzərindəki həndəsi elementlər ümumiyyətlə heykəltaraşın yaradıcılığına böyük təsir göstərib. Sahib Quliyevin bir sənətkar kimi formalaşmasında milli plastika sənətimizlə yanaşı ünlü ingilis heykəltaraşı Henri Murun da müəyyən qədər təsiri olub. Bu da səbəbsiz deyildi. Qeyd edək ki, daha çox qədim qaynaqlara tapınan heykəltaraş öz yaradıcılığına Qərb heykəltaraşlığının təsirinin sirayət etməsinə imkan verməyib. Henri Murun özü də bilavasitə Şərq incəsənətindən bəhrələndiyinə görə Sahib Quliyev onun yaradıcılığına biganə qalmayıb. Buna baxmayaraq heykəltaraş öz əsərlərinə milli forma-biçim verməklə yanaşı onların həm də müasirliyini əldə etməyə nail olub. Tişə ustasının portretlərinə gəldikdə isə görkəmli Azərbaycan heykəltaraşı Fuad Bakıxanovun təsiri olub. Belə ki, Fuad Bakıxanov o dövrdə gənc heykəltaraşa yaradıcılıq yolunda lazımi təkan verib və qarşısına çıxan qadağaları dəf etməkdə köməklik göstərib. Sahib Quliyev kövrək gips materialından başqa demək olar ki, bütün materialları (ağac, qranit, mis, bürünc, tunc, əhəng və s.) xoşlayır və yaradıcılıq prosesində onların uğurlu plastik həllini də tapıb. Yeri gələndə o, düşüncələrinə uyğun kompozisiya qurumunda bir neçə materialdan vəhdət şəklində istifadə etməklə əsərin bütövlüyünü əldə edir. Heykəltəraşın qənaətincə, ümumiyyətlə, heykəltaraşlıqda üç müxtəlif materialın — üç rəngin qovşağı təsirlilik əldə etmək üçün yaxşı vasitədir. Onun bir çox əsərlərində ağac, metal və daşın vəhdətinin məzmun açımında önəmli rol oynadığına şahidlik etmək mümkündür. Etiraf edək ki, bu, heykəltaraşlığımızda rast gəlinməyən və materialın uğurlu istifadəsi baxımından bir yenilikdir. Bunu da ilk dəfə öz əsərlərində məhz Sahib Quliyev tətbiq edib. Sahib Quliyevin ilk müstəqil yaradıcılıq işi "Qız portreti" (1978) olub. Onun bu əsəri 1979-cu ildə Praqada baş tutan sosialist ölkələrinin "Mənim müasirim" adlı kiçik həcmli heykəltaraşlıq sərgisində nümayiş etdirilib. Əlavə edək ki, lirik biçimli plastika nümunəsi həmin sərgidə yüksək dəyərləndirilən beş əsərdən biri olub. Onun ali təhsil ocağını bitirərkən işlədiyi "Mirzə Ələkbər Sabir" adlı diplom işi bu gün də böyük satirikə həsr olunmuş yaddaqalan əsərlərdən sayılır. Ayaqüstə təsvir olunmuş şairin ilhamlı durumunu əks etdirən heykəl plastik formaların ahəngdarlığı ilə diqqət çəkir. Heykəltəraşın təhsil sonrası yaradıcılığı mövzu əlvanlığı ilə seçilir. Onun bu rəngarəngliyini təsdiqləyən əsərlərindən biri "Attila Atli" kompozisiyasıdır. Onun plastikasını zənginləşdirən ornamentlər əski maddi-mədəniyyət nümunələrindən və evlərindəki qədim xalçadan götürülüb. 2007-ci ildən başlanmış bu əsər başqalarına tamamlanmış kimi görünsə də, onun özü hələ ona qayıtmaq əzmindədir. Atlının əlindəki qılıncın üzərində heykəltaraş öz adını yazıb və bunu özünü heykəltaraşlıq sənətində "qılınc" kimi görməsi ilə əlaqələndirib. Obrazın kürəyində isə "Attila Atli" yazılıb. Sahib Quliyevin yaradıcılığında qadın obrazları geniş yer tutur. Buna səbəb bu zərif varlığa xas olan gözəlliyin vəsfi, onların təzadlı yaşantılarının tərənnümüdür. Heykəltəraşın "Ana və uşaq" (2003), "Uzanmış qadın" (2006), "Oturmuş qadın" (2009), "Leyli və Məcnun" (2009) və s. əsərlərində müxtəlif yaşlı qadınların fərqli durumlarına verilən plastik görüntü cəlbedici və duyğulandırıcıdır. Bu müsbət məziyyətlərlə yanaşı tişə ustasının əsərlərində tapdığı orijinal kompozisiya həllini də vurğulamaq lazımdır. Bu mənada onun "Uzanmış qadın" əsəri üçün seçdiyi forma-biçim diqqətçəkəndir. Oturacaq rolunu oynayan düzbucaqlı daş səthin ənənəvi yerlə əlaqəsini qıran müəllif onu bir qədər yuxarı qaldırıb, obrazı səciyyələndirən axıcı metal formanın yuxarı qalxması ilə yanaşı həm də aşağı düşməsinə — dayaq rolu oynamasına nail olub. "Oturmuş qadın" (2009) əsərinin plastik təqdimatında ilgək aparıcı bədii ifadə vasitəsidir. Burada heykəltaraşın tətbiq etdiyi ilgək Azərbaycan milli geyimindəki şal elementi ilə anım yaradıb. Yaşıl rəngli Qarabağ daşından düzəldilən bu qeyri-adi forma nə qədər sadə görünsə də, bir o qədər də düşündürücüdür. Qeyd edək ki, bu cür düyün formasından Azərbaycan heykəltaraşlığında ilk dəfə olaraq Sahib Quliyev istifadə edib. "Çağırış" (2012) əsərində yenilik açıq-aşkar görünəndir. Belə ki, heykəltaraş burada üç ilgəyi bir-birilə elə əlaqələndirib ki, birinci ilgəkdə insanın çanaq və ayaq hissəsi, ikinci ilgəkdə döş qəfəsi və qolları, nəhayət, üçüncü ilgəkdə portretin uğurlu həllinə nail olunub. Kompozisiyanın materialı gümüşlənmiş metaldan, cilalanmış daşdan və qranitdən ibarətdir. Heykəltəraşın atlı qadın kompozisiyalarında ifadə olunan bədii məziyyətlər də az deyil. Bu cür təqdimatlarda tarixiliklə qəhrəmanlıq qoşalaşdığından həmin plastika nümunələri təsirlidirlər. S. Quliyevin bu istiqamətdəki axtarışlarının uğurlu nəticələrini "Süvari qadın" (1990), "Tomris" (1997), "Gəlin" (2008), "Möminə Xatun" (2009), "Şirin" (2010) və s. əsərlərin timsalında görmək mümkündür. Onların hər birində özünəməxsus bədii tapıntılara rast gəlmək mümkündür ki, onlar həm də obrazların məna-məzmun tutumunun dolğunluğunun əldə olunmasında önəmli rol oynayıblar. Bu mənada mis, qızıl və daşın vəhdətindən yaranmış "Möminə Xatun" əsərində atlının sinəsindəki "Allah" yazısını, Nizami Gəncəvinin məşhur poemasının qəhrəmanlarından olan atlı Şirin obrazını əhatələyən qızılı naxışlı yəhərin üzərindəki müəllifin adını qeyd etmək olar. Bu iki əsər Azərbaycan rəssamlarının Londonda təşkil olunan sərgisində uğurla nümayiş etdirilib. Heç şübhəsiz, müəllifə ən uğur gətirən kompozisiyaları metalla daşın vəhdətindən yaranan əsərlərdir. Belə əsərlərdən ikisi ("Oturmuş qadın. İntizar", 1996; "Daranan qadın", 1999) Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir. Heykəltəraşa görə, hər bir sənətkarın həyatı və yaradıcılığı boyu beş mükəmməl əsəri olur ki, o, bu əsərlər vasitəsilə öz sözünü demiş, sənətkar qüdrətini təsdiqləmiş olur. Bu mənada onun özünün ən bəyəndiyi əsərlər sırasında "Attila Atli", "Oturmuş qadın. İntizar" və "Sultan"ın adını çəkmək olar. "Sultan" əsərində emosiyalarını qabardan ixtiyar sahibinin hökmlü hərəkəti diqqətçəkən və inandırıcıdır. Burada da heykəltaraş üç materialın, yəni üç — yaşıl, qara və sarı rəngin vəhdətindən uğurla istifadə etməklə kompozisiyanın yaddaqalanlığını əldə edib. Zaman-zaman tarixi mövzulara müraciət edən heykəltaraşın bu sahədə maraqlı əsərlər yaratdığını söyləmək olar. Onun 2010-cu ildə işlədiyi "Dədə Qorqud" adlı əsəri bu qəbildəndir. Əsərin gerçəkləşdirilməsində gipsdən və qranitdən istifadə edilib. Kompozisiyanın hər iki tərəfində yazı yazılıb: bir tərəfində "Bayat boyından Qorgut ata diyərlər, bir ər gopdu", digər üzündə isə "Qorgut ata Oguz elinin müşkilini həll edərdi…". Dədə Qorqud əlində qopuz at belində təsvir edilib. Qopuzun qolunda və atın yaxasında tülkü quyruğu elementindən istifadə edilib. Əsərin monumental variantı şəhərin baxımlı yerində qoyulmaq üçün nəzərdə tutulub. Heykəl özü dekorativ-arxaik formada həll edilib. "Şanapipik" (2010) əsəri kiçik həcmli rəngli heykəltaraşlıq nümunəsidir ki, onun bədii həllində mis, emal, qızıl suyundan və daşdan istifadə edilib. Əsərin gerçəkləşməsi prosesində səlcuq texnologiyasının tətbiqi əsəri Şərq mədəniyyətinin təsirindən qaynaqlanan yaddaqalan plastika nümunəsinə çevirib desək, yanılmarıq. Bu, müasir Azərbaycan heykəltaraşlığında ilk əsərdir ki, belə texnikada həll olunub. Hətta bir çox həmkarları bu işin davamının uğurla sonuclanmayacağını söyləsələr də, Sahib Quliyev yüksək əzm və iradə göstərərək bu çətin işin öhdəsindən layiqincə gəlib və əsəri arzuladığı görkəmdə uğurla tamamlayıb. Sahib Quliyev yaradıcılığının səciyyəvi cəhətlərindən biri də odur ki, heykəltaraş mövzudan çox formaya — onun yaradıcılığının özünəməxsusluğunu sərgiləyən fərdi ifadə vasitələrinə üstünlük verir. Bu da onun əsərlərinin bütün mənalarda başqalarından fərqlənməsini şərtləndirir. Sahib Quliyev uzun illərdir ki, müxtəlif miqyaslı sərgilərdə, o cümlədən xarici ölkələrdə Azərbaycan heykəltaraşlıq sənətini layiqincə təmsil etməkdə, özündə ənənə ilə müasirliyi yaşadan əsərləri ilə yaradıcılığının kamillik dövrünü keçirdiyini nümayiş etdirməkdədir. Bütün bunlarsa onun adının sərgi salonlarında daima axtarışına səbəb olub. Respublikamızda keçirilən sərgi və müsabiqələrin davamlı iştirakçısı olan heykəltaraş 2013-cü ildə öz fərdi sərgisi ilə pərəstişkarları qarşısında hesabat vermək fikrindədir. İnanmaq istərdik ki, tamaşaçıları çox maraqlı bir sərgi ilə tanışlıq gözləyir…