Bico kəndi

BicoAzərbaycan Respublikasının Ağsu rayonunun Bico kənd inzibati ərazi dairəsində kənd.[1]

Bico
40°27′43″ şm. e. 48°28′34″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 4.324 km²
Mərkəzin hündürlüyü 244 m
Saat qurşağı
Bico xəritədə
Bico
Bico

Bico — 1824-cü il vergi sənədlərinə görə 35 ailə yaşayan Bico kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdur.[2]

Bico Azərbaycanın ən qədim kəndlərindən biridir.

Kəndin tarixi tam olaraq araşdırılmasa da, bəzi mənbələrdə aşkar olaraq görünən məlumatlar Biconun qədim və zəngin tarix və mədəniyyətindən xəbər verir.

"Bico" sözünün etimologiyası

[redaktə | mənbəni redaktə et]

Bəzi mənbələrdə "Bicoy", "Bica" kimi göstərilir. Çar Rusiyası və Sovet imperiyasının bəzi dönəmlərində kəndin adı "Bicov" kimi işlənmişdir.

Kəndin adının etimologiyası ilə bağlı indiyə qədər irəli sürülən versiyalardan hər hansı birinin üzərində qəti dayanmaq düzgün olmasa da, aşağıdakılardan bir-biri ilə əlaqəli olan birinci iki versiya daha etibarlı mənbələrə və izah üsullarına əsaslanır:

  • Kəndin adı ilə bağlı bir versiya onun peçoyların adından götürülməsidir.[3] Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupundan olan peçeneqlərə (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir[4]) aid edir. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir. Türkiyəli tarixçilər isə peçoyları nə hunlara, nə də peçeneqlərə aid etmədən Peç şəhərinin əhalisi ("peçoy" və "peçevi" sözlərinin ərəb əlifbası ilə eyni cür yazılmasını əsas gətirərək) kimi Anadoludan köçmüş osmanlı türklərindən sayır ki, bu daha əsaslandırılmış versiyadır. 17-ci əsrdə yaşamış məşhur türk səyyahı Evliya Çələbi "Səyahətnamə"sində macar, rum, serb, bolqar dilləri ilə yanaşı əcəmcəni kamil bilən, farsca oxumağı bacaran peçoy adlı müsəlman oğuz xalqı barədə geniş məlumat verir.[5] Əcəm elinin Azərbaycan olması əksər tarixçilərin rəylərinə əsaslanan bir faktdır. 11–12-ci əsrlərin tanınmış memarı Əbubəkr Əcəmi Naxçıvaninin "Əcəmi" ləqəbi, XVI–XVII əsrlərdə yaşayıb-yaratmış şairə Gülşadın "Bizdən salam olsun Əcəm elinə" qoşması və sairi sübut kimi misal gətirmək olar. Bundan başqa, Orta Əsrlərdə əcəmilər ərəblərdən kənar xalqlara, xüsusən də İran ərazisində yaşayan ərəbcəni bilməyənlərə deyilirdi. Tarixdən məlumdur ki, Evliya Çələbi peçoylara 1662-ci ildə Macarıstanda rast gəlmişdir. O, qeyd olunan əsərində peçoyların farsca bilməsini vurğuladıqdan sonra, həm də əcəmcə danışdıqlarına da işarə etməklə burada fars dilini qəsd etmədiyini ortaya qoyur. Bu versiya ilə bağlı daha bir elmi əsas türk dillərində "p" və "b" səslərinin çox hallarda bir-birini əvəzləməsidir. Buna dair birinci əsas məhz peçeneqlərin türkdilli və rusdilli tarix əsərlərində bir çox hallarda "beçeneq" kimi işlənməsidir. Bundan başqa, bu cür əvəzləmə orta əsrlərdə bəzi hallarda "p" səsini ifadə edən hərfin mövcud olmadığı ərəb əlifbasında "p" səsinin "ب" ("bə") hərfi ilə yazılmasından irəli gəlmişdir. Məlumdur ki, VIII əsrdən etibarən əksər türk xalqları yazılı ədəbiyyatda ərəb əlifbasından istifadə etmişlər. (Digər dillərdə "p" səsi ilə başlayan müasir xarici adlar belə ərəbcə "ب" ("bə") hərfi ilə yazılır və "b" səsi ilə ifadə edilir., məsələn, Paris "باريس" yazılır, "Bəris" deyilir, Pakistan da həmçinin.) Bundan başqa, "peçoy" sözündə istifadə olunan digər 2 səs — "e" və "ç" səslərini ifadə edən anoloji hərflər də ərəb dilində və əlifbasında mövcud deyil. Digər dillərdə, o cümlədən türk dillərində istifadə olunan "p" səsi ərəb əlifbasında daima "b" səsini ifadə edən "ب" ("bə") hərfi ilə, "ç" səsi bəzən "c" səsini ifadə edən "ج" ("cim") hərfi ilə, "e" səsi əsasən "i" səsini ifadə edən "ي" ("yə") hərfi ilə yazılır. Göründüyü kimi "peçoy" və ya "beçoy" sözünün ərəb əlifbası ilə yazılması da bu sözün yazı dilində çox da mürəkəb olmayan formada olduğu kimi nitqdə də p-b, e-i və ç-c çevrilməsi ilə "bicoy" kimi işlənməsini şərtləndirə və indiki "Bico" sözünün toponimini formalaşdıra bilər. Özlərini indi də "hunqar" adlandıran macarlardan xeyli uzaqda, elə Azərbaycanın Ağsu rayonunda, Bico kəndindən təxminən 20 km qərbdə Hinqar (Hunqar) adlı kəndin olması "Bico" sözünün etimologiyasının bicoylar və ya peçoylarla bağlılığı versiyasını gücləndirsə də, "peçoy" deyilən bir xalqın sadəcə bir şəhərlə məhdudlaşmasını və digər heç bir qaynaqda bu xalqın adına rast gəlinməməsini nəzərə alaraq, sözügedən versiyanın üzərində dayanılması düzgün hesab edilmir.
  • Məlumdur ki, "Azərbaycan" adı indiki şəklində ilk dəfə ərəb mənbələrində "أذربيجان" — "Azərbican" kimi işlənmişdir. İndi də ərəblər bir çox hallarda "Azərbaycan" sözünü bu cür tələffüz edirlər. "Azərbaycan" adının mənası ilə bağlı bütün tədqiqatçılar bu sözü iki yerə "Azər" və "bican" ("bəycan", "baycan") sözlərinə bölərək izah etmişlər. Bico kəndinin adının "Azərbaycan" sözünə daxil olan "bican" sözü ilə əlaqələndirilməsi ən etibarlı versiyalardan biri sayılmaqla yanaşı, həm də birinci versiya ilə əlaqəli amil kimi götürülür. Rus imperatoru I Pyotrun A. P. Volınskinin başçılığı ilə İrana göndərdiyi elçiliyin 1716–1717-ci illərdə Şamaxıda keçirdiyi görüşlərlə bağlı Şirvan xanının vəzirlərindən olan Bican bəyin adının qeyd edilməsi[6] Şamaxıya yaxın olan, eyni zamanda tarixən bir çox elm, dövlət, din, incəsənət və ədəbiyyat xadimlərinin yetişdiyi Bico kəndinin türk soyuna əsaslanan bu sözlə bağlılığına daha bir əsas verir. Bəhs olunan versiya ilə bağlı Qafqaz Albaniyasının "Kanbeçan" adlı vilayətini də qeyd etmək yerinə düşər. Bico kəndi ərazisindəki "Alpout" yer adları da Albaniya tarixindən qalma etnonimdir. (Türkdilli çuvaşların öz yaranışları haqqında dastanda onların ulu əcdadlarının Qafqaz dağlarının arxasından gəlmiş alpanlar olduğu bildirilir. Türkdilli ölkə olan Qazaxıstanda hazırda da alpan qəbilələrinin yaşaması və "alp" kökündən törəyən bir çox yer adlarının olması məlumdur.)[7] Bundan başqa, 19-cu əsrin 80-ci illərində "Kəşkül" qəzetində Azərbaycan milləti ideyasının təbliğinə həsr olunmuş yazıların birində verilmiş aşağıdakı dialoq əsrlər boyu türk məskəni olmuş Bico adının "becan" sözü ilə bağlılığı versiyasını daha da qüvvətləndirir:

Soru: — Millətin nədir?
Cavab: — Müsəlmanam, həm də türkəm. Soru: — Türkcə danışırsanmı, türksənmi?
Cavab: — Türkəm, amma becanlıyam.

[8]

  • Sovet dövrünün bəzi tədqiqatçılarına görə kəndin adı tat dilindəki buc (qoxulu) və ov (su) sözlərindən ibarət olub, kəndin yaxınlığındakı kükürdlü mineral bulaqlar ilə əlaqələndirilir.
  • Bəziləri kəndin adının Azərbaycanın Sasanilər işğalında olduğu dövrdə vergi yığan məmurlar tərəfindən "beco" — "arpasız kənd" adlandırılması ilə bağlayır ki, bu ən zəif rəy hesab edilir.

Qədim Nərgizava yaşayış məskəni

[redaktə | mənbəni redaktə et]

Bico kəndi ilə Gəgəli kəndi ərazisində, Gəgəli kəndindən təxminən 2 km cənubi-şərqdə, Bico və Gəgəli kəndinin sakinləri tərəfindən Nərgizava adlandırılan, Bicodərəsi ilə Yasamal adlı qobuluq ərazidə qədim yaşayış məskəni yerləşir. 10 hektardan geniş bir sahəni əhatə edən bu ərazinin böyük bir hissəsi Bico və Gəgəli kəndlərinin (Gəgəli kəndinin əsası 19-cu əsrin 40–50-ci illərində Dəyəli-Gəgəli adlı axtaçı obasının Ağsu və Bico kəndləri arasındakı yazlaq sahəni daimi binə yeri seçməsi ilə qoyulmuşdur) sakinləri tərəfindən uzun müddət əkin məqsədləri üçün şumlandığına görə, abidənin tarixi-mədəni təbəqəsi güclü dağıntıya məruz qalmışdır. Buna baxmayaraq, 1997–2010-cu illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu ekspedisiyası tərəfindən aparılmış genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində ərazinin indiki Gəgəli kəndi ərazisindəki hissəsində aşkarlanmış, e.ə. III–II əsrlərə aid 69 torpaq tipli qəbir, xeyli miqdarda və müxtəlif növdən olan daş, saxsı və metal məmulatları burada qədim və inkişaf etmiş mədəniyyətə malik yaşayış məskəninin mövcud olduğundan xəbər verir. Köçəri həyat tərzi sürmüş bir çox yaşayış məntəqələrindən fərqli olaraq daima oturaq həyat tərzi ilə yaşamış Bico kəndinin əhalisinin əsrlər boyu davam etdirdiyi və qoruyub saxladığı elmi, ədəbi, dini, və incəsənət ənənələri bu zəngin mədəniyyətin tamamlayıcısı, tərkib hissəsi və davamı kimi qiymətləndirilir. Nərgizava şəhərinin dağılması 1192-ci ilin dağıdıcı zəlzələsi və 1221-ci ildən başlayan monqol-tatar yürüşləri ilə əlaqələndirilir.

Nərgizava ilə bağlı ekspedisiyasının aparıldığı dövrdə, Şamaxı-Ağsu arxeoloji ekspedisiyası 2010-cu ilin iyul ayında Bico kəndinin ərazisində, kənd sakini, Bico kənd orta məktəbinin direktoru, tarixçi Yaşar Qarayevə məxsus həyətyanı sahədə kəşfiyyat-qazıntı işləri apararaq, 1 metr dərinlikdə torpaq qəbir aşkar etmişdilər. Qəbir kamerasında tapılan skelet torpağın ağırlığından əzilərək dağılmış və bu səbəbdən onun istiqamətini müəyyən etmək mümkün olmamışdı. Skeletin yanından orta ölçülü açıq narıncı rəngli dolça və boz rəngli küp də aşkar edilmişdi. Qəbir kamerasından yuxarı hissədə isə saxsı qab fraqmentləri tapılmışdı. Əldə edilmiş maddi mədəniyyət nümunələri əsasında qəbirin e.ə. II əsrə aid olduğu müəyyənləşdirilmişdir. Kənd ərazisində əvvəllər də dəfələrlə bu cür tapıntıların rast gəlindiyini, lakin bəzən sakinlər, bəzən də aidiyyəti elmi-tədqiqat bölmələri tərəfindən laqeyd münasibəti nəzərə aldıqda, Bico kəndinin yerləşdiyi ərazinin həmin dövrə və ya daha qədim tarixə aid bu cür abidələrlə zəngin olması ehtimalına əsas verir.

Bico 19-cu əsrə aid tarixi mənbələrdə

[redaktə | mənbəni redaktə et]

Çar Rusiyası dövrü ilə bağlı tarixi mənbələrdə 19-cu əsrin əvvələrində Bico kəndi Şirvan əyalətinin Qoşun mahalı tərkibinə daxil olan yeddi kənddən biri kimi göstərilir. Həmin dövrdə bu mahalın tərkibinə Bico ilə yanaşı Qəşəd, Keçdiməz, Ləngəbiz, Hacımanlı, Xatmanlı, Dilmanlı kəndləri daxil edilirdi. Bölgənin aran kəndləri ilə müqayisədə dağların yamacında yerəşən Bico, Keşdiməz, Qəşəd və Ləngəbiz kəndlərinin əhatə etdiyi ərazi insan orqanizminin qaş hisəsinə bənzədildiyi üçün həmin kəndlər silisiləsinə vaxtilə "Qaşkənd" deyilirdi. (Bicodan şərqdə yerləşən indiki Qəşəd kəndinin adının məhz bununla bağlı olduğu ehtimal edilir.) 18–19-cu əsrlərə aid mənbələrdə Biconun adı daha çox Bico xalçaları ilə bağlı məlumatlarda qeyd olunur.

1918-ci il Bico (Pirəmsaq) döyüşü

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Pirəmsaq döyüşü

Bico kəndi 1918-ci il hadisələri ilə bağlı məşhurdur. Bolşeviklərin dəstəyi ilə azərbaycanlıların soyqırımını həyata keçirən erməni hərbi quldur dəstlərəri 14 mindən çox dinc müsəlman Azərbaycan türkünün vəhşicəsinə qətlə yetirildiyi 1918-ci ilin mart ayında Bakıdan Kürdəmir yolu ilə kəndlərdə, qəsəbələrdə müsəlmanların soyqırımını həyata keçirərək irəliləyirdilər. Dövrün siyasi və ictimai böhran çağını yaşayan Azərbaycanda xalqı müdafiə etmək iqtidarına malik hökumətin olmaması bir çox yaşayış məntəqələri kimi Biconu da öz könüllü döyüşçülərinin ümidinə buraxmışdı. O zamanlar Şamaxıda yaşayan, Şirvanın sayılıb-seçilən elm və ürfan xadimlərindən biri kimi tanınmış, bölgənin elm məclislərinin fikir və söz xiridarı kimi nüfuz və mənsəb sahibi olan Bico ziyalısı Babaş əfəndi Mikayılzadə yaşadığı ictimai və siyasi mühitin fəal iştirakçılarından olduğu üçün ermənilərin soyqırım planından əvvəlcədən xəbər tutmuşdu. O, bicolu Şahalı yüzbaşı ilə bir-neçə dəfə görüşərək onu kəndin müdafiəsi üçün hazırlıqlarla bağlı təlimatlandırmışdı. Bicolu kişilər qadınları və uşaqları dərələrdə gizlədərək onlara məğlub olacaqları halda dağlara qaçıb gizlənmələrini tapşırmışdılar. Cəbhədən tərxis olunmalarına baxmayaraq, Azərbaycan müsəlmanlarının soyqırımı planını həyata keçirmək tapşırığı almış silahlı erməni dəstələri Bağırlı, Ləngəbiz, Qəşəd kəndlərini viran qoyaraq, taladıqdan sonra Bicoya yaxınlaşdıqda, Şahalı yüzbaşı danışıq üçün quldur dəstəsinin qarşısına çıxmış, kəndə girməyəcəklərinin müqabilində onlara mal-qara və ya qızıl verilməsini təklif etmişdi. Ermənilər buna razılaşmayıb, onsuz da kəndi ələ keçirib Biconu talan edəcəklərini bildirmişdilər. Balta, yaba, xəncər, dəryaz və bir-neçə tüfənglə silahlananan bicolular Bico kəndi ilə Keşdiməz kəndi arasındakı dərədə, Pirəmsaq deyilən ərazidə təxminən 400 nəfərdən ibarət erməni hərbi dəstəsinin qarşısına çıxmışdı. Kəndin yaşlı nəslinin vaxtilə söylədiklərinə görə bu döyüşdə tüfəngdən açılan ilk atəşlə erməni hərbi dəstəsinin başçısı öldürülmüş, düşmənin çaşbaş düşdüyünü görən bicolular onlara hücuma keçmişdilər. Tələfat vermələrinə baxmayaraq, tarixən zəngin döyüş ənənələrinə malik olan kəndin könüllü döyüşçüləri erməni hərbi dəstəsini darmadağın etmişlər. Pirəmsaq döyüşündə ermənilərdən cəmi 6 döyüşçü döyüş meydanından qaça bilmiş, lakin onların da dördü Bico kəndinin indiki qəbiristanlığının ərazisində yaxalanaraq, öldürülmüş, ikisi isə sağ qalaraq Şamaxı istiqamətində qaçmağa və baş verənləri oradakı erməni quldur birləşmələrinin komandanı Stepan Lalayana xəbər verməyə nail olmuşdular. Bundan sonra Şamaxıdakı erməni hərbi dəstələri kəndin şimalındakı Sanqalan (Bico) zirvəsində iki döyüş topu yerləşdirərək kəndi atəşə tuturlar. Nəticədə kənddəki bir-neçə tikili ilə yanaşı 12-ci əsrdə tikilmiş kənd məscidi dağıdılır. (İndi də kəndin yuxarı hissəsində, həmin məscidin vaxtilə yerləşdiyi ərazi "Məscid yeri" adlandırılır.) Kəndə qarət məqsədilə basqın edən ermənilər Bicoda bu cür kəskin müqavimətlə qarşılaşacaqlarını ağıllarına belə gətirmirdilər. Çünki Osmanlı dövlətinin sərhədlərindən başlayaraq müsəlaman kəndlərini qırğınlar törədərək gələn bu quldurlara Şamxor döyüşündən başqa heç yerdə demək olar ki, müqavimət göstərilməmişdi.[9] Bicodakı ağır və gözlənilməz məğlubiyyətdən sonra Bakıdakı daşnak və bolşeviklərdən əlavə qüvvə alan Şamaxıdakı erməni birləşmələri qisas üçün Bico kəndinə daha böyük sayda qoşun yeritmək qərarına gəlir. Bu plandan xəbər tutan bicolular kəndin əhalisini qırğına verməmək üçün onları Ağsu, sonra da Göyçay istiqamətində köçürürlər. (Əhalinin köçürülməsində xüsusi xidmətləri olmuş Əlvan kişinin adı indiyədək xatırlanır.) Sakinlərinin tərk etdiyi kənd özü isə daşnakların soyqırımına məruz qalır, dağıdılır və yandırılır, lakin iyun ayında Azərbaycan və Osmanlı türklərindən ibarət Qafqaz İslam Ordusunun qoşunları bolşevik-daşnak terrorçu birləşmələrini Göyçay döyüşündə məğlub etməklə, onları geriyə — Bakı istiqamətinə çəkilməyə məcbur edirlər. Bicolular da bu hadisədən sonra doğma kəndlərinə qayıdırlar. Sonralar Şamaxı erməniləri Bico əhalisindən qisas ala bilmədikləri üçün buradakı məğlubiyyətin səbəbkarlarından biri hesab etdikləri Babaş əfəndi Mikayılzadınin hər iki qaynını ailə üzvləri ilə birlikdə Şamaxıda işgəncə ilə öldürürlər.[10]

Bu hadisə bir çox tarixi mənbələrdə də təsdiqlənir. 1918-ci il 11–12 noyabr tarixli Sorğu Protokolunda Şamaxı pristavı Cəbrayıl bəy Cəbrayılbəyovun qeydlərində Bakıdan Şamaxıya qayıdan erməni hərbi dəstəsi ilə bağlı deyilir: "1918-ci ilin mart ayında şəhər başçısı Teymur bəy Xudaverdiyevdən və müsəlman milli komitəsindən məlumat almışdır ki, Bakıdan Kürdəmir istiqamətində ordudan tərxis olunmuş 400 nəfər erməni Şamaxıya gəlir. Bakı müsəlman milli komitəsi xahiş edib ki, onları qara fikirlərindən çəkindirsinlər. Müsəlman milli komitəsi Ağsu şəhərinə nümayəndələr göndərdi, lakin səhərisi gün Şamaxıda eşitdik ki, həmin dəstə bölünüb ayrı-ayrı kəndlərə hücum ediblər. Bico və Ləngəbiz kəndlərinə hücum etmişlər… Ermənilərlə atışma Bico dağlarında başlayıb. Ermənilər və müsəlmanlar tərəfindən adamlar öldürülüb. Hirslənmiş ermənilər bu barədə Bakı erməni komitəsinə məlumat çatdırıblar. Qısa müddətdən sonra Şamaxıya 3 minə qədər erməni gətirildi. Bundan xəbər tutan yerli müsəlman İcraiyyə Komitəsi, Şamaxı uyezdinin rəisi Hacımalıbəyov və uyezd qazisi Abdulxalıq Əfəndi Əfəndiyev erməni yepiskopunun yanına göndərildi ki, yaraqlıları geri qaytarsın, lakin erməni yepiskopunun cavabı qəti oldu: "Biz gəlmişik ki, bütün müsəlmanları qılıncdan keçirək"…"[11]

1918-ci ilin iyun ayında Azərbaycan Xalq Cümhuriyyətinin göstərişi ilə yaradılmış Fövqalədə İstintaq Komissiyasının Şamaxı uyezdində qətlə yetirilmiş, yaralanmış insanlar barədə məlumatı əks etdirən sənədlərdə sadalanan 58 yaşayış məntəqəsi içərisində Biconun adının olmaması[12] Şamaxı qəzasında 2146-sı kişi, 1468-i qadın və 746-sı uşaq (bəzi mənbələrə görə 1653-ü qadın, 965-i uşaq) olmaqla ümumilikdə 4360 (digər mənbələrdə 7000-dən çox) nəfəri soyqırıma məruz qoymuş, bolşeviklərdən hərbi və təşkilati dəstək alan Stepan Şaumyanın başçılıq etdiyi ermənilərin Bicoya hücum etmələrinə baxmayaraq, burada əhaliyə qarşı soyqırım məqsədlərini həyata keçirə bilməmələrinin daha bir sübutudur.

Pirəmsaq döyüşü tarixçilər tərəfindən erməni soyqırımına qarşı 1918-ci ildə təşkil edilmiş ilk ən böyük müdafiə döyüşü sayılır.[9]

SSRİ dönəmində bolşevik ideoloqları bu hadisəni nə qədər unutdurmağa çalışsalar da, nəinki bicolular, Şirvanın yaxın kəndlərinin, eyni zamanda Şamaxının yaşlı nəsli uzun müddət 1918-ci il Bico döyüşünü bir kəndin qəhrəmanlıq səhifəsi kimi xatırlamışlar. Şamaxı rayon Polis İdarəsinin keçmiş zabitlərindən olan Fazil Gülverdi oğlu Şamilovun dediklərindən: "Qarabağ münaqişəsi başlayanda Mədrəsəyə (red: Şamaxı rayonunun həmin dövrdə ermənilər məskunlaşmış kəndi) getmişdim. Erməni qadınları yas tutub, "Bicodan gəlirlər, bizi qıracaqlar" deyə ağlayırdılar." 1988–89-cu illərdə Şamaxının erməni kəndləri köçməmişdən əvvəl Bicodan qısas alacaqları barədə danışırdılar deyə, Biconun bir-neçə yerində kəndin cavan kişilərindən ibarət könüllü silahlı müdafiə postları qurulmuşdu. Bu fakt ermənilərin də Bicoda uğradıqları məğlubiyyəti heç vaxt unutmadıqlarından xəbər verir.

Bico SSRİ dönəmində

[redaktə | mənbəni redaktə et]

SSRİ dönəmində Bico tarixən malik olduğu elmi, mədəni və təsərrüfat ənənələrini daha da inkişaf etdirməklə, yetişdirdiyi ziyalıları, təhsil səviyyəsi və kənd təsərrüfatında əldə etdiyi uğurları ilə ölkənin ən qabaqcıl kəndləri sırasına daxil olmuşdu. Bico, Azərbaycanda yeganə kənd olmuşdur ki, kənd təsərrüfatındakı uğurlarına görə bir ildə (1948-ci il) 6 əməkçisi Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş bicolular:

1969-cu ilin noyabrında SSRİ-nin Zərbəçi Kolxozçularının 3-cü Ümumittifaq Qurultayında Azərbaycan SSR SovİKP MK-nın I Katibinin şəxsi təşəbbüsü ilə onu müşayiət edən nümayəndə heyətinin tərkibində Bico kolxozçuları da təmsil olunmuşdular.

Bicodan şərqdə yerləşən Keçdiməz kəndi və cənubda yerləşən Padarqışlaq kəndi (Padarqışlaq kəndi AR Ali sovetinin 1991-ci il 7 fevral tarixli Qərarı ilə Bico kənd Sovetindən ayrılmışdır) Bico kənd Sovetinin tabeliyinə verilməklə, Biconun əldə etdiyi uğurlarda iştirak etməklə yanaşı, bu uğurlardan istifadə də etmişdilər. 20-ci əsrin 60–80-ci illərində Bico kəndi bölgədə infrastruktur imkanları və insan həyatı üçün əhəmiyyət kəsb edən amillərin mövcudluğu baxımından analoqu olmayan kənd kimi məşhurlaşmışdı. Asfalt və daş döşənmiş, gecələr işıqlandırılan kəndarası yolları, tək özünü deyil, ətraf kəndləri də təmin edən kənd xəstəxanası, dövrünün ən müasir tələblərinə cavab verən mədəniyyət evi və hamamı, iki məktəb binası, təkcə kənd daxilində mövcud olan 12 daimi axar sulu bulağı, elektrik stansiyası, kənd təsərrüfatı texnikaları üçün iki (avtomobil və traktor) qarajı və s. Biconu bir çox digər kəndlərdən fərqləndirirdi.

Ərazisi, coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Bico kəndinin ərazisi 4324 ha sahəni əhatə edir. Bundan 226 hektarı dövlət mülkiyyətinin, 2671 hektarı bələdiyyə mülkiyyətinin, qalan 1427 hektarı isə xüsusi mülkiyyətin payına düşür. (2012-ci ilə aid məlumat)

Ləngəbiz silsiləsinin üzərində yerləşir. Kənddən 6 km şimalda dəniz səviyyəsindən 929 metr yüksəklikdəki Sanqalan zirvəsi Ləngəbiz silsiləsinin, eyni zamanda Ağsu rayonunun ən hündür nöqtəsidir. Bu zirvənin arxasındakı "Bico dağı" deyilən ərazidə əvvəllər kəndin yaylaq evləri olmuşdur. İndi də həmin ərazidəki ağaclar, bağlar və bulaqlar vaxtilə həmin yerlərin sahibi olmuş şəxslərin adı ilə bağlıdır.

Yayı quraq, qışı az yağıntılı keçən quru çöl iqlimi tipi yayılmışdır. Dağlıq sahədə meşə və kolluqlar vardır. Kəndin ərazisinin şimal hissəsində "Bico dağı" ilə yanaşı Alpoud meşəsi yerləşir. Qarabağın rəmzlərindən sayılan məşhur xarıbülbül çiçəyinə Bico dağlarında daima rast gəlinmişdir.

Qərbdən Gəgəli kəndi ilə, şərqdən Keçdiməz kəndi ilə qonşudur. Şimalda Bico dağı Şamaxı rayonu ərazisi ilə əhatə olunur. Cənub hissəsi Şirvan düzünün şimal əraziləridir.

Bicoda yer adları

[redaktə | mənbəni redaktə et]
  • Ağ zəmi, Ağ dərə, Ağ işğın, Ağ meşə, Ağdodu, Ağsu arxı, Adıgözəl bağı, Alçalı bulaq, Alçalıgəz, Anbar bulaq, Abış dərəsi, Alpoud binəsi, Alpoud taxtası, Alpoud meşəsi, Ayıanqırdan, Arabadayanan
  • Baba bağı, Balalı dağ, Baloğlan nohuru, Balaca dəllər, Balaca ağ meşə, Balakərəm bağı, Bala dərə, Bayram bulağı, Bəkir bulağı, Bəndəxor, Beydulla bulağı, Bəylik yeri, Bicodərəsi, Binə yeri, Birinci arx, Böyük ağ meşə, Böyük dəllər
  • Cəfərin yurdu, Cidabaz nohuru, Cinli qaya, Cuud çökəyi
  • Çömçədərə
  • Daş axır, Dərə qozlar, Dəllər, Deşik qaya, Dəvə daşı, Dəvə yassalı, Dəvə yolu, Dəvəuçan, Donuz bulağı, Dursun körpüsü, Düz bağ
  • Ev qaya, Eşşək təpəsi, Estakada
  • Əhliman bulağı, Əlimərdan bulağı, Əzim bulağı, Əskilməz
  • Fatmanisə bulağı, Fındıqlıq, Fındıq qoz
  • Gen nua, Gülmalı bağı, Gülü düzü, Gözəlin bağı, Göl, Gəlxanım yeri, Göy daş
  • Hacı Qaraca bulağı, Hacıxanım yurdu, Hacı Bəkir yurdu, Hacı Nuru təpəsi, Hüseynqulu bağı, Hüseynalı nohuru, Həsən körpüsü, Hacı Qızılca yoxuşu, Hacıbaba bulağı, Hacı xırmanı
  • Xarzun, Xırda nualar, Xırda kolluq, Xəlbir nua, Xaşxaşlıq, Xəlfə baba, Xoca bulağı
  • İbad bulağı, İdris bulağı, İlanlı dərə, İlan pambıq əkən dağ, İncilli qaya, İnşaatın həyəti, İsrayıl qozu, İkiarxarası, İkinci arx
  • Kamal dərəsi, Kənəy qoz, Kələmirzə, Kələ xarmanı, Keçi yaylağı, Korca bulaq, Köhnə qazma, Köpək taxta, Küül dərəsi
  • Qadir gölü, Qarı məzarstanlığı, Qara yataq, Qaraquş dağı, Qarğuluq (Qaraculuq), Qaraotluq, Qaranlıq dərə, Qanlı qoz, Qurşaqlı dağ, Qədir bağı, Qarabulaq, Qızılgüllük, Quşçu bulağı, Quşçu günbəzi, Qarağac bulağı, Qayaarası, Qayagözlər, Qoruqçu bulağı, Qoşabulaq, Qızılca yoxuşu, Qəlin meşə, Qumluq, Qubad piri, Qışlaq yeri, Qırxbirhektar, Qumlu qaya
  • Mahmudlu, Marrac, Mabanu binəsi, Mustafa nohuru, Mollalar bağı, Məscid yeri, Mecid bulağı, Mecid taya qoyan yer, Məhəmməd düşən, Məmmədalı əkən, Marafta, Meydan zəmi, MTS yeri, MTS arxı
  • Nağdı qozu, Narlıq, Navahı yeri, Nərgizava, Nəsirbatan göl, Neynəkül
  • Ortaca, Ortabulaq yolu, Osmanın yurdu
  • Ölü bulaq
  • Pəri bulağı, Pənalı bulağı, Pir qarağac, Pir zəmi, Pirəmsaq, Pirəşeydulla, Piyalalı
  • Sadıq nuası, Sarı qaya, Sarı bulaq, Salman bulağı, Sanqalan (Səndələn), Səbətli, Səfəralı xarmanı, Siləmə qaya, Seydi qozu, Söyüdlük, Sofu qəbri, Söyüdlü bulaq, Sumağlıq, Silo, Siracuçan, Stansiyanın həyəti, Sünnü qışlağı
  • Şıx düşərgəsi, Şiş dağ, Şiralı yurdu, Şirindərə, Şirvan qozları, Şahalı əkən, Şəlli qoz, Şərifin yurdu, Şorca, Şor bulaq, Şəfi bulağı, Şəhri dərəsi, Şor dərə
  • Tağı bulağı, Tək qoz, Təhməz bulağı, Telli dərəsi, Topa qoz, Tutaran
  • Yastı dağ, Yalçıların yurdu, Yal qəbiristanı, Yaqub bulağı, Yasamal, Yasamal arxı, Yetim bağı, Yoncalıq, Yusifli bağı, Yüzbirhektar

1886-cı ilin sənədlərinə əsasən Bico kəndinin 705-i kişi, 596-sı qadın olmaqla 1301 nəfər əhalisi olub. XX əsrin 70-ci illərində 5000 nəfərin məskunlaşdığı Bico kəndinin əhalisi ötən əsrin 90-cı illərindən sonra xeyli azalmışdır. Bicoda hazırda (2012-ci ilin sonuna olan məlumat) 1860 sakin yaşayır. 1980–1990-cı illərin əvvəllərində 700–800 şagirdin təhsil aldığı Bico kənd orta məktəbində hazırda 200 nəfər şagird oxuyur. Bico kənd nümayəndəliyinə və bələdiyyəsinə daxil olan ərazidə isə (Keşdiməz kəndi ilə birlikdə) 2163 nəfər sakin qeydiyyatdadır. Bico əhalisinin 51,82%-i (964 nəfər) qadınlar, 48,17%-i (896 nəfər) isə kişilər təşkil edir. Vaxtilə 1100 evdən ibarət olan Bico kəndinin ərazisində hazırda 352 ev mövcuddur.

Elm və mədəniyyəti

[redaktə | mənbəni redaktə et]

Bico, kənd olmasına baxmayaraq Şirvanın, eyni zamanda Azərbaycanın zəngin elm və mədəniyyətinin inkişafında xüsusi paya malikdir. Hələ orta əsrlərdən elm və ürfana diqqəti ilə ətraf ərazilərdən seçilən Bicoda Muhəmməd Əmin ibn Sədrəddin Şirvani kimi Şəriət alimi, Babaş Əfəndi Mikayılzadə, Molla Tacəddin kimi din xadimləri yetişmişdir.

Bu kənd Azərbaycanın neft iqtisadiyyatının inkişafına əvəzsiz töhfələr vermiş geologiya üzrə məşhur alim akademik Ədhəm Şıxəlibəylinin, yeni neft yataqlarına aid neft növlərinin tərkib və xassələrinin tədqiqi ilə bağlı nailiyyətlərə görə "Avropanın Fəxri Alimi" adına layiq görülmüş, əməkdar elm xadimi, professor Fəzilə Səmədovanın vətənidir.

Vaxtilə 750–800 şagirdin təhsil aldığı Bico kənd orta məktəbi nəinki Ağsu rayonunda, bütün Azərbaycanda ən qabaqcıl orta məktəblərdən biri hesab edilir, bu məktəbə müəllimlərinin elmi və peşə səviyyəsinə, təhsil alan şagirdlərin bilik və bacarıqlarına görə rayon təhsil işçiləri arasında "akademiya" deyilirdi.

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bico xalçaları

[redaktə | mənbəni redaktə et]
19-cu əsrin əvvələrinə aid Şirvan "Yeni Bico" xalçası
1850-ci ilə aid Bico xalçası; İtaliya, Alberto Levi qalareyası
1850-ci ilə aid Şirvan Bico xalçası
Kanada Tekstil Muzeyində saxlanılır.

Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçası "Bico" kəndinin adını daşıyır. Bico xalçası Bicodan başqa, Qəşəd, Göylər, Pirhəsənli və Şirvanın digər məşhur xalçatoxuma məntəqələrində, həmçinin Qubada, eləcə də İranda da istehsal olunub. Azərbaycanın xalq rəssamı, məşhur xalçaçı Lətif Kərimov qeyd edir ki, "Bico" xalçaları texniki və incəsənət nöqteyi-nəzərindən təkcə Şirvanda deyil, bütün Qafqazda ən məşhur xalça hesab olunur.[13] XIX əsrin ikinci yarısında Azərbaycandan Nijni Novqorod şəhərinə ixrac olunan Bico xalçaları öz milli koloriti və mürəkkəb ornament kompozisiyası ilə diqqəti cəlb edirdi.

Təkcə Azərbaycanda yüksək qiymətləndirilməklə kifayətlənməyərək, eyni zamanda xarici sənətşünasıların və kolleksionerlərin də diqqətini özünə cəlb edən "Bico" xalçaları 18–19-cu əsrlərdə əsasən iki variantda istehsal edilmişdir:

Birinci variantda[13] orta sahənin kompozisiyası punktir xətlərlə doldurulmuş ornamentlərdən ibarətdir. Sahə mərkəzi üçbucaqın üfiqi xətt boyunca iki böyük hissəyə, şaquli xətt boyunca orta ölçülü bir neçə rapportlara bölünmüşdür. Rapportun yanlarında xalq sənətkarları arasında "kəpənək" adlanan böyük dişli element, orta nöqtədə isə "toqqa" (kəmər) adlanan dördguşəli element yerləşir.

"Bico" xalçasının ikinci variantının[14] orta sahə kompozisiyasında bir-birinin üzərində olan səkkizguşəli göllər bu variantda toxunmuş xalçaların əsas xüsusiyyətidir. Göllərin ətrafında, həmçinin orta sahənin doldurulmamış aralıqlarında yalnız "Bico" xalçalarına xas olan, xalçaçılar tərəfindən "bükmə" adlanan elementlər yerləşir. Bu elementlər "Bico" xalçalarının ikinci varianın əsas elementi olmaqla, onu birinci variantdan fərqləndirən əsas bədii xüsusiyyətdir. Göllərin mərkəzində yerləşən qarmaqlı böyük elementlər, orta xətt boyunca göllərin ətrafına yayılmış "bükmə" naxışları, eyni zamanda xalçanın ümumi quruluşu bu xalçaların meydana gəlməsi tarixinin qədim dövrlərə aid edilməsinə əsas verir.

Bico xalçaları Şirvanın bir çox xalçatoxuma məntəqələri ilə yanaşı Quba xalçaçılıq məntəqələrinə də güclü təsir etmişdir. "Quba-Bico" adı ilə tanınan xalçalar Quba xalçaçılarının toxuduğu ən məşhur incəsənət əsərlərindən sayılır. Qubada Bico xalçalarnın yalnız bir variantı toxunmuş, öz orijinallığını saxlamaqla yanaşı, daha geniş şəbəkədə yayılmışdır. 18–19-cu əsrlərdə toxunmuş "Quba-Bico" xalçaları indi dünyanın bir çox muzeylərində saxlanılır.

Bico kəndinin xalçaçılıqla bağlı ənənələri bu günə kimi qorunub saxlanmışdır. 20-ci əsrin sonlarına qədər Bico kəndində olan hər bir evdə xalça toxumaq üçün "xana" adlanan dəzgahlar var idi. Bicoda xalça toxumağı bacarmayan qadın, demək olar ki, yox idi. Bico kənd orta məktəbində əmək təlimi emalatxanasında xalçaçalıq dəzgahları və alətləri mövcud idi və bu xalq sənətinin incəlikləri məktəbli qızlara tədris olunurdu. Hazırda da Bico kəndində əksər xanımlar xalçaçılıqla məşğuldur. Bico xalçaları ilə bağlı bu zəngin mədəni irs bu günə kimi tək Bico kəndində deyil, yuxarıda qeyd olunan digər xalçatoxuma məntəqələrində də davam etdirilmiş və müəyyən qədər qorunub saxlanmışdır,

lakin təəssüf ki, Bico xalçaçılığı əvvəlki səviyyəsini tədricən itirmişdir. Təsadüfi deyil ki, Bico xalçalarının "Qafqazın ən məşhur xalçası hesab edilən", 1 kv. m-də 300.000-ə yaxın ilmə olan variantı artıq toxunmur. Əvəzində xalçaçılar Bico xalçalarının orta sahə elementlərini daha sadə naxışlarla əvəz etmişlər. Bununla belə təqdirəlayiq haldır ki, Azərbaycan xalçalarının nadir incilərindən sayılan Bico xalçaları "Azərilmə" MMC-nin emalatxanalarında satış üçün toxunmaqla yanaşı, dünyanın bir çox məşhur müzeyləri, qalareyaları və şəxsi kolleksiyalarında olduğu kimi həmin müəssisənin "qədim xalçalar" qalareyasında da qorunub saxlanır.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Həm dağlıq-meşəlik, həm də düzənlik ərazilərdən ibarət olan Bico kəndinin ərazisi istər əkinçilik, istərsə də heyvandarlıq üçün çox əlverişlidir.

Hələ orta əsrlər dövründən başlayaraq, Biconun dağ döşü ərazilərində taxılçılıq inkişaf etdirilmişdir. Bico buğdası ilə bağlı qeydlər XIX əsrin məşhur Azərbaycan şairi Seyid Əzim Şirvaninin (1835–1888) misralarında da yer almışdır:

Adəməm, qismət olmadı gəndüm, Niyə baxmaz o nikzat mənə?

Nə Bicodan gəlib mənə gəndüm,[15]
Nə verir həbbeyi-Boyat mənə.[16]

SSRİ dönəmində Ağsu rayonunun ən məhsuldar üzümçülük və taxılçılıq sahələri bu kəndin ərazisində olmuşdur.

Hətta İkinci dünya müharibəsi dövründə və ondan sonrakı qıtlıq illərində bütün regionda demək olar ki, yeganə bol məhsulu ilə seçilən Bicoda İsmayıllı, Şamaxı, Mərəzə bölgələrindən onlarla ailə gəlib sığınacaq tapmışdı. Bütün Şirvan az qala "Bico çörəyi"nin ümidinə yaşayırdı. (Yazıçı Əbülhəsənin (Əbülhəsən Ələkbərzadə) bu barədə oçerklər kitabı çap edilmişdir.)

Ötən əsrin ortalarında Bico 1 ildə 6 əməkçisinin Sosialist Əməyi Qəhrəmanı adına layiq bilinmiş Azərbaycanın yeganə kəndi kimi məşhurlaşmışdı.

Hazırda Bicoda 466 fərdi təsərrüfat mövcudur.

  1. Seyid Əzim Şirvani: Seçilmiş əsərləri-II cild. Azərbaycan SSRİ Elmlər Akademiyasının nəşriyyatı, Bakı-1969, 622 s.
  2. Алиев Ф.М. "Миссия посланника Русского государство А.П. Волынского в Азербайджане". Б., 1979.
  3. Керимов Л.Г. 'Азербайджанский ковер. Том III' — Баку: Гянджлик, 1983, 144 c.
  4. S. S. Əliyarov, Y. M. Mahmudov "Azərbaycan tarixi üzrə qaynaqlar" Azərbaycan Universiteti Nəşriyyatı, Bakı-1989, 321 s.
  5. "Ədəbiyyat və İncəsənət" qəzeti, 27 dekabr, 1985-ci il, № 52 (2157)
  6. AMEA-nın "Tarix-Fəlsəfə-Hüquq" seriyası, 1990-cı il, № 1.
  7. Q. Qeybullayev "Azərbaycan türklərinin təşəkkül tarixindən", Bakı, 1993.
  8. E. Q. Mehrəliyev, Ə. N. Axundov "Şirvanilər" (rəyçi-ak. Ziya Bünyadov), Bakı-1996, 56 s.
  9. "Azərbaycan tarixi" dərsliyi, 10-cu sinif, "Maarif" nəşriyyatı, Bakı-1998, 277 s.
  10. V. H. Əliyev, F. S. Xəlilov "Ağsunun tarixi səhifələri" — Bakı, "ADİLOĞLU" nəşriyyatı — 2001, 94 səh.
  11. "Преступления армянских террористических и бандитских формирований против человечества (XIX–XXI вв .)",Краткая хронологическая энциклопедия. Институт по правам человека Национальной Академии Наук Aзербайджана; БАКУ–"ЭЛМ" – 2002, 154 c.
  12. Seyfəddin Qəniyev "1918-ci il Şamaxı soyqırımı, I kitab" Bakı, "Nurlar" nəşriyyatı-2003" 152 S.
  13. Fariz Xəlilli "Qədim Nərgizava və Gəgəli" — Bakı, "ADİLOĞLU" nəşriyyatı — 2003, 38 səh.
  14. Canalı Mirzəliyev "Gözəl Ağsu" — Bakı, "Gənclik" nəşriyyatı-2003, 311 s.
  15. Əzizxan Tanrıverdi "Kitabi-Dədə Qorqudun söz dünyası" Bakı-2006, 471 s.
  16. Eybalı Mehrəliyev — "Şöhrətli kəndim-Bico kəndi (tarixi hadisələr və şəxslər) — Bakı : "Mütərcim", 2006, 136 s.
  17. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti"; AMEA-nın Dilçilik institutu, iki cilddə, I Cild, Bakı, "Şərq-Qərb"-2007, 427 s.
  18. Günümüz türkcesiyle Evliya Çelebi Seyahetnamesi, Hazırlayan:Seyit Ali Kahraman, 6.kitab, 2.cilt, Yapı Kredi Yayınları-2010, 784 s.
  19. Cəmilə Elsevər "Ağsu-dünəndən sabaha" "Nurlar" nəşriyyatı, Bakı-2010, 304 s.
  20. Bəxtiyar Tuncay "Qafqaz albanlarının dili və ədəbiyyatı" Bakı: Qanun Nəşriyyatı-2010, 368 s.
  21. Zəka Mirzəyev "Pirəmsaq döyüşü", "Azərbaycan" qəzeti, 02 aprel 2013-cü il, № 67 (6342), S.4.
  22. Məhərrəm Zülfüqarlı "Azərbaycan tarixinin qəhramanlıq səhifəsi: Göyçay döyüşləri (iyun-iyul 1918)", Bakı-2017, 109 s.

Məqalə Zəka A. Mirzəyevin tədqiqatları əsasında hazırlanmışdır.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. [1][ölü keçid]
  3. Bax: Abbas Abdulla "Dədəm Qorqud işığında" — "Ədəbiyyat və İncəsənət" qəzeti, 27 dekabr, 1985-ci il, № 52 (2187), S.8
  4. Bax: Bəxtiyar Tuncay."Qafqaz albanlarının dili və ədəbiyyatı" Bakı: Qanun Nəşriyyatı-2010, 368 səh. S.11
  5. Bax: Günümüz türkcesiyle Evliya Çelebi Seyahetnamesi, Hazırlayan:Seyit Ali Kahraman, 6.kitab, 2.cilt, YKY-2010, S.257.
  6. Bax: ЦГАДА (Rusiya Qədim Sənədlərinin Mərkəzi Dövlət Arxivi), ф.СРП, оп.77, 1715–1718, д.2, лл.22–23 — Алиев Ф.М. "Миссия посланника Русского государство А.П. Волынского в Азербайджане". Б., 1979 с.91–98
  7. Bax: Q. Qeybullayev "Azərbaycan türklərinin təşəkkül tarixindən", Bakı, 1993, S. 194
  8. "Azərbaycan tarixi", dərslik, 10-cu sinif, "Maarif" nəşriyyatı, Bakı-1998, 277 s. S.107
  9. 1 2 Məhərrəm Zülfüqarlı "Azərbaycan tarixinin qəhramanlıq səhifəsi: Göyçay döyüşləri" (Bakı-2017), s.30
  10. "Azərbaycan" qəzeti, 02 aprel 2013-cü il, № 67 (6342) S.4
  11. Azərbaycan Respublikası Milli Dövlət Arxiv Fondu 1061, q. 3. vər. 19. həmçinin bax: AMEA-nın 1990-cı il "Tarix-Fəlsəfə-Hüquq" seriyası, № 1; həmçinin bax: Seyfəddin Qəniyev "1918-ci il Şamaxı soyqırımı, I kitab" Bakı, "Nurlar" nəşriyyatı-2003" 152 S. S. 22
  12. Azərbaycan Respublikası Milli Dövlət Arxiv Fondu 1061, siy. 1, vər. 85.
  13. 1 2 Bax: Керимов Л.Г. 'Азербайджанский ковер. Том III', Баку: Гянджлик, 1983,144 c., c.45
  14. Bax: Керимов Л.Г. 'Азербайджанский ковер. Том III', Баку: Гянджлик, 1983,144 c., c.47
  15. fars. گندم [gəndüm] — buğda
  16. Seyid Əzim Şirvani: Seçilmiş əsərləri-II cild. Azərbaycan SSRİ Elmlər Akademiyasının nəşriyyatı, Bakı-1969, 622 s; S. 346.