Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Samanta Rid Smit (ing. Samantha Reed Smith; 29 iyun 1972, Houlton, Men, ABŞ – 25 avqust 1985, Oborn, Men, ABŞ) — 1982-ci ilin noyabrında, Soyuq müharibənin qızğın çağında Sov.İKP MK-nın yeni Baş katibi Yuri Andropova yazdığı məktub sayəsində məşhurlaşan, ABŞ-nin Men ştatından olan məktəbli qız.
Samanta Smit | |
---|---|
ing. Samantha Reed Smith | |
Doğum tarixi | |
Doğum yeri | Houlton, Men, ABŞ |
Vəfat tarixi | (13 yaşında) |
Vəfat yeri | Oborn, Men, ABŞ |
Vəfat səbəbi | Təyyarə qəzası |
Vətəndaşlığı | ABŞ |
Atası | Artur Smit |
Anası | Ceyn Smit |
Milliyyəti | Amerikalı |
Fəaliyyəti | televiziya aktrisası, uşaq aktrisa[d], sülh aktivisti |
Fəaliyyət illəri | 1982–1985 |
SamanthaSmith.info | |
Vikianbarda əlaqəli mediafayllar |
1983-cü il 7-22 iyul tarixlərində Andropovun dəvətinə əsasən ailəsi ilə birlikdə SSRİ-ni ziyarət etdi. Moskvada, Leninqradda və Krımdakı "Artek" pioner düşərgəsində oldu. SSRİ-dən ayrılarkən işlətdiyi "Yaşayacağıq!" (rus. Будем жить!) ifadəsi onun öz suallarına cavab aldığını əks etdirən ifadə kimi yaddaşlarda qalmışdır. Samanta öz təəssüratlarını vətəninə qayıtdıqdan sonra yazdığı "Sovet İttifaqına səyahət" adlı kitabda ifadə etmişdi.
Samanta Smit 25 avqust 1985-ci ildə atası ilə birlikdə düşdüyü aviaqəza nəticəsində 13 yaşında faciəli şəkildə həlak olmuşdur.
Yuri Andropov 1982-ci ilin noyabrında Sov.İKP-nin birinci katibi vəzifəsində Leonid Brejnevi əvəz etdikdən sonra, müxtəlif Qərb jurnal və qəzetlərində ondan bəhs edən məqalələr nəşr edilməyə başladı. Rəylərin əksəriyyəti mənfi idi və Qərb dünyasına qarşı yeni təhlükənin meydana çıxmasından bəhs edirdi. 1956-cı ildə SSRİ-nin Macarıstana hərbi müdaxiləsi zamanı Andropov bu ölkədə SSRİ-nin səfiri idi. O, SSRİ-nin rəhbəri kimi fəaliyyətinə DTK-nın səlahiyyətlərini genişləndirməklə və dissidentlərin təqib olunmasını artırmaqla başladı.[1] Andropov demişdi:
|
SSRİ və ABŞ arasında yerətrafı orbitə peyklər buraxılmasını nəzərdə tutan yeni silahlanma layihəsi ilə bağlı ciddi narahatlıq doğuran məqamlar var idi. ABŞ prezidenti Ronald Reyqan alimlərin və ekspertlərin təzyiqinə məruz qaldı, SSRİ rəhbərliyi isə, demişdi ki,
"Kosmosun hərbiləşdirilməsinin qarşısını almaq bəşəriyyətin qarşısında duran ən mühüm vəzifələrdən biridir."[2]
Bu dövrdə Avropa və Amerikada nüvə silahı əleyhinə nümayişlər gedirdi. 1983-cü ilin 20 noyabrında ABC kanalında efirə çıxmış və nüvə müharibəsinin fəlakətindən bəhs edən Ertəsi gün filmi KİV tərəfindən onilliyin ən mühüm hadisəsi elan edilmişdi.[3]
Bu dövrdə hər iki supergüc silahsızlaşdırmaya dair planlarından vaz keçmişdilər. Belə ki, SSRİ-nin SS-20 raketlərini yerləşdirməsinə cavab olaraq ABŞ "Pershing II" raketlərinin Avropada yerləşdirilməsinə başlamışdı. Beynəlxalq vəziyyəti gərginləşdirən məsələlərdən biri olan SSRİ-nin Əfqanıstana müdaxiləsinin başlanmasından üç il keçirdi. Bu vəziyyətdə "Time" jurnalının 22 noyabr 1982-ci il tarixli Andropovu "ilin adamı" elan edən nömrəsi çapdan çıxdı. Bu jurnalı oxuyan Samanta anasından soruşmuşdu: "Əgər insanlar ondan belə qorxurlarsa, onun müharibə etmək fikrində olub-olmaması haqqında kiminsə məktub yazması düzgün olmazmı?" Anası ona belə demişdi: "Onda özün o məktubu yaz"[4]
|
Samantanın məktubu "Pravda" qəzetində dərc olundu.[5]
Samanta bu xəbəri eşidəndə çox sevinir, lakin o hələ məktubuna cavab almamışdı. Onda o, ABŞ-dəki sovet səfirinə məktub yazaraq Andropovun ona cavab verib-verməyəcəyi ilə maraqlanır. 26 aprel 1983-cü ildə o Yuri Andropovun cavab məktubunu aldı.[6]
Göy mürəkkəblə imzalanmış rus dilindəki məktub 19 aprel 1983-cü il tarixi ilə qeydə alınmış və ingilis dilinə tərcüməsi əlavə olunmuşdu.[7].
|
Samanta öz valideynləri ilə birlikdə 7 iyul 1983-cü ildə SSRİ-yə yola düşür. Hava limanında onu siyasət və hadisələrə biganə olmayan çoxlu adam qarşılayır.[8] Smit ailəsinin Sovet İttifaqında keçirdiyi iki həftə ərzində xoşməramlı səfir Samanta Moskva, Leninqrad və Krımdakı əsas pioner düşərgəsi olan Arteki ziyarət etdi. Artek düşərgəsində rəhbərlik Samantanı qarşılamağa hazırlaşırdı: yeməkxana təmir edilir, ən yaxşı otaq onun üçün hazırlanır. Ona hətta bədən ölçülərini bilmədən pioner forması tikirlər. Nəticədə forma onun çox xoşuna gəlir və onu özü ilə aparır. Düşərgədə o, digər sovet uşaqları kimi gündəlik rejimə riayət edirdi.[8] Sonda ağır xəstə olan Andropov Samanta ilə görüşməsə də, onlar telefon vasitəsilə danışırlar.
SSRİ, ABŞ və digər ölkələrin KİV-ləri onun hər bir addımını izləyir, hər fazaya diqqət edirdilər. 22 iyulda evə yola düşərkən, Samanta telekameralara gülümsəyərək rusca: "Будем жить!" (azərb. "Yaşayacağıq!") qışqırır. Özünün "Sovet İttifaqına səyahət" kitabında Samanta "onlar bizim kimidirlər" sözlərini yazır.
Cavab görüşü olaraq 1986-cı ildə ABŞ-ni sovet məktəblisi Katya Lıçova ziyarət edir.
Samanta Smit 25 avqust 1985-ci ildə baş vermiş aviaqəzada həyatını itirmişdir. Həmin gün Samanta atası ilə birlikdə İngiltərədə iştirak etdiyi Robert Vaqnerin teleşousundan qayıdırdı. Təyyarə Oqast şəhərinin aeroportuna enməli olduğu halda, buradan cənub-qərbdə yerləşən Obern-Lüiston bələdiyyə aeroportuna yönləndirildi. Görmə məsafəsinin az olması səbəbindən iki mühərrikli kiçik "Beechcraft 99" təyyarəsi uçuş-enmə zolağına çatmadan, onun kənarına 200 metr qalmış yerə çırpıldı.[9] Təyyarədəki 6 sərnişin və 2 heyət üzvü hadisə yerində həlak oldular. Samanta və atası Houlton şəhəri yaxınlığında dəfn olundular.
ABŞ-də bu qəzada DTK-nın, SSRİ-də isə əksinə MKİ-nin əli olduğuna dair söz-söhbətlər gəzsə də, qəzanın araşdırılması göstərdi ki, qəzaya pilotun yol verdiyi səhvlər səbəb olub.
1985-ci ildə Samantanın xatirəsinə Sovet İttifaqında poçt markaları buraxıldı. 1986-cı ildə 3147 nömrəli asteroid Samantanın şərəfinə adlandırıldı. 1985-ci ildə Danimarka bəstəkarı Per Nörgard Samantanın xatirəsinə "Uşağı xatırlayaraq" adlı skripka üçün konsert bəstələdi. Samantanın adı ilə zanbaq və georgina növü, Sibirdə tapılmış almaz, okean gəmisi adlandırılmışdır.
Hər il iyun ayının ilk bazar ertəsi Men ştatında Samanta Smit günü kimi qeyd edilir. Auqusta şəhərindəki Men Dövlət Muzeyinin yanında əlindəki göyərçini havaya buraxan və yanında balaca ayı balası oturmuş Samanta Smitin heykəli qoyulmuşdur. Ayı balası Men ştatını və SSRİ-ni simvolizə edir.