Sayentologiya (ing. scientology - «bilginin (q.yun. λόγος) mənası (lat. scio)») təlimi ingilis əsilli amerikalı Lafayette Ron Habbard tərəfindən 1950-ci illərin əvvəllərində meydana çıxmışdır. Habbard 10 mart 1911-ci ildə Amerika Birləşmiş Ştatlarında - Nebraska Ştatının Tilden şəhərində dünyaya gəlmişdir. O, gəncliyində Çinə və Hindistana səfər etmiş, buddist rahiblərdən ruhun mahiyyəti ilə bağlı bilgilər almış, onların bir çox ideyalarını mənimsəmişdir. Geniş fantaziyaya malik Hubbard yazıçılıqla da məşğul olur, mətbuatda məqalələrlə çıxış edirdi. Sonralar o, fəaliyyətini genişləndirərək, Sayentologiya təlimini yaratdı.
Sayentologiya əvvəllər dini təlim deyil, psixoterapiyanın yeni bir sahəsi kimi təqdim edilirdi. Hubbardın oxucular arasında böyük şöhrət tapan "Dianetics: Ruh sağlamlığının müasir elmi" adlı əsəri zehni və fiziki xəstəliklərdən qurtulmağın üsullarını göstərən elmi əsər kimi qəbul olunurdu. Sonralar isə, bu ideologiya tərəfdarlarının çoxunun əks-reaksiyasına baxmayaraq, dini təlim kimi formalaşmışdır. Bəzi məlumatlara görə, Sayentologiyaya dini don geyindirilməsinin əsas məqsədi vergidən yayınmaq olmuşdur.
1954-cü ildə Sayentologiya din kimi ABŞ-də, Los-Anceles şəhərində fəaliyyətə başladı. Sayentologiyanın "din" adlandırılması çox böyük mübahisələrə yol açdı. Çünki o, xristianlığın əsas təlimlərindən fərqli ideyalar irəli sürür. Eyni zamanda, o vaxtadək Sayentologiyanı elm kimi nəzərdən keçirən bir çox adamlar onun dini mahiyyət daşıması iddiasını qəbul etmirdilər.
Həm elmi mühit, həm də kilsə tərəfindən tənqid olunan Hubbard 1958-ci ildə İngiltərəyə köçdü. 1968-ci ildə isə o, bu ölkədən fəaliyyətlərinə görə deportasiya olundu. 1976-cı ildə ABŞ Sayentologiyanı rəsmi məzhəb kimi qəbul etdi və o, Sayentologiya Kilsəsi adı ilə tanınmağa başladı.
Sayentologiya Kilsəsi indiyə kimi fəaliyyət göstərir. Kilsə iyerarxik təşkilatlanmaya, geniş maliyyə imkanlarına malikdir və bir neçə istiqamətdə fəaliyyət göstərən qurumları var. Bunlar iqtisadiyyat, bank sistemi, təhsil və s. sahələri əhatə edir.
Sayentologiyaya mənsub çoxlu kilsələr fəaliyyət göstərir. Hər bir kilsənin keşişi Sayentologiyanın əsas təlimlərini öyrənmək üçün "Müqəddəs Təpə" adlanan təhsil müəssisəsində hazırlıq keçir. Keşişlər insan üzərində "Auditing" (təftiş) adlanan metodla "Clear" (təmizləmə, aydınlatma) adlandırdıqları əməliyyat aparmağı, hipnoz etməyi öyrənir və digər zəruri vərdişlərə yiyələnirlər. Sayentologiyaya görə, dünya məhvə məhkumdur, ancaq Hubbardın göstərdiyi yolla xilas olmaq mümkündür. Hər bir insanda daxili qabiliyyətlər var, bunu üzə çıxarmaq üçün isə insanda məlumat bazası mövcuddur. Məlumat bazası düzgün informasiya ilə təmin edilməlidir. Bu isə sağlam düşüncədir. İnsan şüuru iki funksional hissəyə bölünür: - Həyati proseslərin həllinə görə məsuliyyət daşıyan "Analitik" ağıl; - İnsana əzab verən hadisələr, psixoloji problemlər təsirində olan "Reaktiv" ağıl. Sayentologiyaya görə, insan uğur əldə etmək üçün ona mane olan keçmişin düşüncələrindən yaxa qurtarmalıdır və bu, təlimə xas xüsusi üsullarla həyata keçirilir. Sayentoloqlar satanizmin, buddizmin və hinduizmin təlimlərindən yararlanırlar. Bazar günləri təşkilatın mərkəzində, yaxud şöbələrində yığıncaqlar təşkil olunur və ayinlər icra edilir. Bu ayinlər üç hissəyə ayrılır: - Birinci hissədə uzun müddət təcrübə keçmiş, "Senior Dianetics" adlandırılan keşiş Sayentologiyanın əsas prinsipləri haqqında vəz verir. Hubbardın əsərlərindən bölmələr oxunur və onun lentə alınmış moizələri dinlənilir. - İkinci hissə sual-cavab və müzakirələr üçün nəzərdə tutulur. İkinci və üçüncü hissələr arasında fasilə elan olunur. - Üçüncü hissədə isə, iştirakçılar iki-iki ayrılaraq bir-birinə ruhi müalicə adlandırdıqları "Auditing" tətbiq edirlər.
Sayentologiya dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ, Argentina, Yaponiya, İngiltərə, Fransa, Almaniya, Belçika, İrlandiya, Lüksemburq, Meksika, İsrail və Rusiyada geniş yayılmışdır. Bununla yanaşı, Afrika ölkələrində də özünə çoxlu tərəfdar tapmışdır. Sayentologiya qeyri-müsəlman ölkələrində daha aktiv fəaliyyət göstərir. Amma onun müsəlmanların üstünlük təşkil etdiyi ölkələrdə də təbliğ edilməsi ilə bağlı geniş iş aparılır.
Ümumiyyətlə, Sayentologiya dünya ölkələri tərəfindən çox təhlükəli təlim kimi qəbul olunur və ona qarşı mübarizə aparılır. [mənbə göstərin]
Sayentologiya Rusiya Federasiyası ərazisində də geniş yayılmışdır. Belə ki, 1994-cü ildə Sayentologiya dini təşkilat kimi Rusiyada qeydiyyatdan keçsə də, 1997-ci ildə yeni Qanunun qüvvəyə minməsi ilə yenidən qeydiyyata alınmaq zərurəti yaranmışdır. Bu zaman isə qeydiyyata alınmaqla bağlı problem yaranmış, iş İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə qədər gedib çıxmışdır.
Sayentologiya dini fəaliyyətdən daha çox təşəkkül tapdığı ölkələrin iqtisadi, siyasi həyatında aktivlik göstərir.