Sebasta və ya Eleusa Sebasta (yun. Ελαιούσα Σεβαστή) ― Anadolunun cənub sahilindəki Kilikiyada, Silifke istiqamətindəki Mersindən 55 km (34 mil) məsafədə yerləşən qədim Roma yaşayış məntəqəsi.
Sebasta | |
---|---|
36°29′01″ şm. e. 34°10′25″ ş. u. | |
Alternativ adı | Eleusa Sebasta |
Yer | Mersin ili, Türkiyə |
Region | Kilikiya |
Tip | Yaşayış məntəqəsi |
Tarix | |
Əsası qoyulub | E.ə. II əsr |
Mədəniyyətlər | Kappadokiya, Roma, Bizans |
Yer qeydləri | |
Vəziyyəti | Dağıntı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Eleusa (Ελαιούσα) adı yunan dilində yağ mənasını verən elaion (ἔλαιον) sözündən qaynaqlanır. Məntəqənin belə adlandırlmasına səbəb Eleusada zeytun ağacının çox olması idi.[1] Məntəqə eramızdan əvvəl II əsrdə Aralıq dənizində dar bərzəx ilə materikə əlavə edilmiş kiçik adada qurulmuşdur.
Şəhərin inkişafında zeytun əkilməsi ilə birlikdə Roma imperatoru Avqustun hakimiyyəti dövründə Kappadokiya kralı olmuş Arxelayın burada məskunlaşması da rol oynamışdır. Bərzəxdə yeni şəhər quran Arxelay buranı latın dilindəki "Avqust"-un yunanca ekvivalenti olan Sebaste adlandırdı. Şəhər Roma imperatoru Vespasianın 74-cü ildə Kilikiyanı quldurlardan təmizləməsi ilə qızıl dövrünüə girdi.
Qədim mənbələr şəhərin mövcudluğunu və kilsələrin və bazilikaların son Roma və erkən Bizans dövrünə qədər necə gəlib çatdığını izah edir. 6-cı əsrdə şəhərin qonşuluğundakı Korikusun inkişaf etməyə başlaması ilə Eleusa Sebaste yavaş-yavaş tarix səhnəsindən silinməyə başladı.
1995-ci ildən bəri İtalyan arxeoloqu Yevqeniya Şnayderin rəhbərliyi altında qazıntı işlərinin aparıldığı ada demək olar ki, tamamilə qum altında qalmışdır. Hər iki tərəfdəki limanın təhlükəsizliyini təmin edən yerdə yerləşən orijinal yaşayış məntəqəsi bu gün yarımadadır. Yarımadanın qərb körfəzinə baxan tərəfdə hamam, sistern, müdafiə divarı və dalğaqıranın dağıntıları görülə bilər. Buna baxmayaraq, şəhərdə aşkarlanmış ən vacib tapıntı döşəməsi mozaika ilə döşənmiş hamam və dairəvi bir baza üzərində yerləşən kiçik bazilikadır.
Elausa Sebaste dağıntıları həmçinin, qədim Kilikiya şəhərləri arasında ən zəngin və ən təsir edici nekropolu ehtiva edir. Şəhərin şimalındakı təpədə yerləşən "Qəbirlər xiyabanı"nda limon ağacları arasında səpələnmiş müxtəlif formalı və ölçülü yüzə yaxın qəbir var.
Şəhərin iki girişini Lamos ("Limon") çayından dağıntılara su aparan qədim su boruları bəzəyir. Xüsusilə də şəhərin qərbindəki su kəməri nisbətən yaxşı vəziyyətdədir. Əsrlər əvvəl bu su boruları Korikusa qədər gedən kanal sistemi yaratmışdır.