Sergey Petroviç Burenkov (rus. Сергей Петрович Буренков; 20 iyul 1923, Petroqrad – 8 aprel 2004, Moskva) — Sovet dövlət xadimi, SSRİ səhiyyə naziri (1980–1986), tibb üzrə fəlsəfə doktoru. SSRİ Tibb Elmləri Akademiyasının "Tibbi ensiklopediyası"nın redaktoru.[1]
Sergey Burenkov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 iyul 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 8 aprel 2004 (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | həkim, siyasətçi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Sergey Petroviç Burenkov 20 iyul 1923-cü ildə Sankt-Peterburqda anadan olub. O, orta məktəbi 1941-ci ildə, Böyük Vətən müharibəsi başlananda bitirib. Müharibəyə bir neçə həftə qalmış Sergey Burenkov qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Leninqrad Hərbi Dəniz Tibb Akademiyasına daxil olub. Birinci kursu bitirməmiş onu cəbhəyə göndəriblər. Burenkov döyüş bölgələrində sanitar-təlimatçı kimi xidmət edib və onun müharibə illərində əsas xidməti yeri Stalinqrad olub. 1943-cü ildən Don cəbhəsində tank briqadasının sanitar təlimatçısı kimi xidmət edib.[1]
Burenkov 1944-cü ilin sonlarında Leninqrada qaytarıblar. O, yenidən öz təhsillərini davam etdirib. Burenkovun oxuduğu qrup akademiyada "Stalinqrad kursantları" adlandırılıb.
1947-ci ildə Sergey Burenkov akademiyada təhsilini başa vurub. 1947-ci ildən SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin Gürcüstan SSR-də vərəm sanatoriyasında həkim-ordinator olub. 1949-cu ildən — Leninqrad Vərəm İnstitutunda həkim-ordinator kimi çalışıb. 1950-ci ildən Kareliya Muxtar Sovet Sosialist Respublikasında vərəm sanatoriyasında işləyib. Bir müddət sıravi həkim, daha sonra şöbə müdiri işləyən Burenkov Kareliyada bacarıqlı səhiyyə təşkilatçısı kimi tanınıb. Hətta onun səhiyyə işinin təşkili ilə bağlı təcrübə və təklifləri SSRİ-nin digər bölgələrində də tətbiq edilib.[2]
1958-ci ildən Burenkov fəaliyyətini Leninqradda davam etdirib. O, şəhər vərəm xəstəxanasının baş həkimi təyin edilib.
Burenkov təkcə səhiyyə sistemində deyil, o cümlədən Leninqrad şəhər və vilayətinin ictimai həyatında da olduqca fəallıq nümayiş etdirib. Məhz bu fəallıq vilayət rəhbərliyinin diqqətindən yayınmayıb. Rəhbərlik Burenkovun bacarığından təkcə səhiyyə sistemində deyil, partiya işində də istifadə etməyə qərara gəlib. Beləliklə, 1961-ci ildə Burenkov Leninqradın Sestroretsk rayonuna katib seçilib. İki ildən sonra isə o, həmin rayonun birinci katibi olub.
Burenkovun səhiyyə sistemindən partiya orqanlarına keçirilməsi SSRİ Səhiyyə Nazirliyində heç də alqışla qarşılanmayıb. Müharibə dövründə məşhur və qəhrəman cərrah kimi tanınan Boris Petrovski 1965-ci ildə SSRİ səhiyyə naziri təyin ediləndə bu məsələyə ən yüksək müstəvidə reaksiya verib. O, baş katib Leonid Brejnevə rəsmi məktub ünvanlayıb. Məktubda aşağıdakı sətirlər də yer alıb: "Partiyaya xidmət etmək etmək hər bir kommunistin borcudur, amma səhiyyə kadrlarının partiya orqanlarına təyinatı sahəmizdə mütəxəssislərin çatışmazlığı problemi yaradır. Xahiş edirəm, göstərişinizlə bu məsələ diqqətdə saxlanılsın."
Nazirin baş katibə məktubuna reaksiya verilib. Petrovskinin təqdimatı ilə 1966-cı ildə Burenkov Leninqrad şəhər səhiyyə idarəsinə rəis təyin edilib. Qeyd edək ki, nazir Burenkovu hələ o kursant olduğu illərdən, Stalinqrad cəbhəsindən tanıyıb, sonrakı fəaliyyəti haqqında da məlumatlı olub. Petrovskinin Burenkov haqqında fikirləri yüksək olub və onun karyerası haqqında da düşünüb. Burenkov Leninqrad şəhər səhiyyə idarəsində işləyəndə ən yüksək göstəricilərə nail olub, nazirliyin kollegiya iclaslarında onun iş təcrübəsi nümunə kimi göstərilib.
Sergey Burenkov 1971-ci ildə SSRİ səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyinat alıb. 1970-ci illər sovet səhiyyəsinin ən inkişaf etmiş dövrü sayılır. Məhz bu illərdə ölkədə çoxprofilli 800, 1000, 1500 yerlik xəstəxanalar inşa edilib, xüsusilə kənd və qəsəbələrdə yeni təcili tibbi yardım stansiyaları fəaliyyətə başlayıb, ən ucqar ərazilərdə belə tibb xidmətinin keyfiyyəti yaxşılaşdırılıb, səhiyyə ocaqlarının maddi-texniki bazası zənginləşdirilib, SSRİ-də 82 tibb institutu, universitetlərdə 9 tibb fakültəsi fəaliyyət göstərib, həkimlərin təkmilləşdirilməsi sahəsində ciddi addımlar atılıb. Bütün bu işlərin görülməsində Burenkovun yorulmaz fəaliyyəti olub. Burenkov SSRİ-də ən bacarıqlı səhiyyə təşkilatçısı sayılıb.
SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin Burenkovun fəaliyyətindən xüsusilə razı qalıb. 1980-ci ildə Burenkov SSRİ-nin səhiyyə naziri vəzifəsinə təyin olunub.
1986-cı ildə Mixail Qorbaçov Burenkova nazir kürsüsündən getməyi "məsləhət" görüb. Burenkov könüllü olaraq ərizəsini yazıb. Nazir olduğu altı il ərzində işgüzar, bacarıqlı, qalmaqalsız bir məmur kimi yadda qalıb. 1986-cı ilin dekabrından ittifaq əhəmiyyətli təqaüdçüyə çevrilib.[1]
1980–1990-cı illərdə Sov.İKP MK üzvlüyünə namizəd olub. Burenkov 1945-ci ildən Kommunist Partiyasının üzvü idi. Tacikistan SSR-dən 10–11 çağırış (1979–1989) SSRİ Ali Soveti Millətlər Şurasının deputatı seçilib.[3]
Nazir vəzifəsindən çıxdıqdan sonra Burenkov SSRİ Tibb Elmləri Akademiyasının "Tibb ensiklopediyası"nın elmi redaktoru olub.
Sergey Burenkov 2004-cü ildə, 80 yaşında vəfat edib. O, Moskvada, Troyekurov qəbiristanlığında dəfn edilib.[4]