Sergey Jitomirski (1 sentyabr 1929, Moskva – 24 iyul 2004, Moskva) — rus yazıçısı, şairi və jurnalisti.[2] Tarixi və elmi-fantastik romanlar müəllifi.[3]
Sergey Jitomirski | |
---|---|
Сергей Викторович Житомирский | |
Doğum tarixi | |
Doğum yeri | Moskva, Rusiya |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Moskva |
Vətəndaşlığı | Rusiya |
Milliyyəti | Rus |
Fəaliyyəti | yazıçı[1] |
Əsərlərinin dili | Rus dili |
Janrlar | hekayə, povest, roman, monoqrafiya |
İlk əsəri | “Yaşıl körpü” hekayəsi |
Sergey Viktoroviç Jitomirski 1 sentyabr 1929-cu ildə Moskvada anadan olmuşdur. Atası professor Viktor Konstantinoviç Jitomirski ixtisasca epidemioloq və mikrobioloq, anası Emiliya Zinovyevna Muxina (Jitomirskaya) müəllimə olmuşdur. Babası isə pedaqoqika üzrə tanınmış alim, professor Konstantin Qriqoryeviç Jitomirskidir. İxtisasca dizayn mühəndisi olmuşdur.
Sergey Jitomirski üç dəfə ailə həyatı qurmuşdur. 1956-cı ildə Jitomirskaya (Perlovaqor) Lidia Mixaylovna ilə evliliyindən Mariya, 1961-ci ildə Susloviç Natalia Lvovna ilə evlilikdən Yekaterina və 1976-cı ildəki Panina Alla Leonidovna ilə evlilikdən isə Anna adlı qızları dünyaya gəlmişdir.
Əmək fəaliyyətinə 1960-cı illərdə başlamışdır. Dəzgahlarda sənaye robotları hazırlamış, Moskva Dövlət Universitetinin Mexanika İnstitutunda gəzinti cihazları, əlil arabaları və yuxarı ətraf protezlərinin hazırlanması ilə məşğul olmuşdur.
1980-ci illərdə Eksperimental Tədqiqat İnstitutunun (ЭНИМС) aparıcı dizayneri, robototexnika üzrə mütəxəssis kimi fəaliyyət göstərmişdir. İxtisası üzrə 30 müəlliflik şəhadətnaməsinin sahibidir.[3] Sergey Jitomirski çoxyönlü istedad sahibi olmuşdur. O, elmin müxtəlif sahələri, bədii yaradıcılıq, jurnalistika sahəsində dəyərli əsərlər yaratmışdır. Bütövlükdə tarixi, elmi-fantastik, elmi-kütləvi səpkili 15-ə yaxın əsəin müəllifidir.[2]
Sergey Jitomirski yaradıcılığa elmi jurnalist kimi başlamış, məqalələri “Texnika – gənclik" (“Техника – молодёжи”), “Bilik – güc” («Знание –сила»), “Elm və həyat” (“Наука и жизнь”) jurnallarında çap olunmuşdur. Rusiyanın “Uşaq Ensiklopediyası”nda (“Энциклопедии для детей”) astronomiya və texnologiyaya dair bir sıra məqalələri dərc edilmişdir. Qədim elm tarixi mövzusuna maraq göstərmişdir. Əsas elmi məqalələri “Tarixi və astronomik tədqiqatlar” (“Историко-астрономические исследования”) toplusunda və “Təbiət elmləri və texnika tarixi” (“Вопросы истории естествознания и техники”) jurnalında dərc olunmuşdur.
“Yaşıl körpü” (“Зелёный мост”) adlı ilk fantastik hekayəsini 1961-cü ilin dekabrında “Texnika - gənclik” (“Техника – молодёжи”) jurnalında çap etdirmişdir. Bunun ardınca 1962-ci ildə “Layihə 40”, 1964-cü ildə “Mində bir şans ...”, 1968-ci ildə “Səhv”, 1972-ci ildə “Şeytan divarı” və başqa hekayələri nəşr olunmuşdur. Müəllifin “Layihə 40” hekayəsi 1962-ci ildə 7 ölkə yazıçılarının iştirakı ilə keçirilən fantastika yarışmasında ilk mükafatı qazanmışdır.
Sergey Jitomirski bir çox elmi-populyar kitabların müəllifidir. Bunların içərisində 1977-ci ildə “Yaradılmış maşınlar”, 1981-ci ildə “Arximed”, 1989-cu ildə “Monqolustan və Tibet tədqiqatçısı P.K. Kozlov” və 2001-ci ildə yazılmış “Qədim astronomiya və orfizm" kimi kitabları xüsusi yer tutur.
Müəllifin 1982-ci ildə tarixi mövzuda qələmə aldığı “Sirakuzlu alim” povesti, 1992-ci ildə “Lənətlənmiş Atlantida”, 2001-ci ildə “Epikur”, 2003-cü ildə “ Romul və Rem ”, 2005-ci ildə isə “Misir hökmdarı” romanları geniş oxucu kütləsi və ədəbi tənqid tərəfindən yüksək dəyərləndirilmiş və populyarlıq qazanmışdır.
Yazıçıya daha çox şöhrət gətirən “Sirakuzlu alim” əsəri 1987 və 2024-cü illərdə Azərbaycan türkcəsində, 1989-cu ildə bolqarca nəşr olunmuşdur.
1992-cu ildə “Lənətlənmiş Atlantida” fantastik romanı çap olunmuşdur. Viktor Jukovla birlikdə qələmə alınan bu əsərdə qədim Atlantida qitəsi bədii təsvir obyektinə çevrilmişdir. Romanda Amerika okeanoloqu F. Şepard və sovet klimatoloqu M. I. Budıko və başqa ailmlərin fərziyyələri, habelə Platonun məşhur dialoqu əsas kimi götürülmüşdür.[3]
Sergey Jitomirski həmçinin lirik və satirik şeirlər yazmışdır. Onun şeirləri 1999-cu ildə “Nəyə nail oldu” (“Что удалось”) toplusunda yayınlanmışdır.
2002-ci ildə Sergey Jitomirski həmçinin babası Konstantin Qriqoryeviç Jitomirskinin “Pedaqogikanın emansipasiyası" əsərini nəşr etdirmişdir. Ailəsinin şəcərəsi və valideynlərinin bioqrafiyası haqqında bir kitab hazırlamış, lakin müəllifin sağlığında bu əsəri nəşr etdirə bilməmişdir.[2]
24 iyul 2004-cü ildə Moskvada vəfat etmişdir.