Sevindik bəy Əfşar

Sevindik bəy Əfşar (1468, Ağqoyunlu dövləti1562, Təbriz) — I Şah Təhmasibin qorçubaşısı.[1] 1561-62-ci ildə vəfat etdiyi güman edilən Sevindik bəy hələ uşaq ikən Şah İsmayılın yanında olmuş və Şah Təhmasib dövründə qorçubaşı vəzifəsinə təyin edilmişdir. Hər iki hökmdar dövrünü əhatə edən uzun ömür sürən Sevindik bəyin vəfat edəndə yaşı 90-dan çox idi.

Sevindik bəy Əfşar
1534 – 1562
ƏvvəlkiŞir Həsən Zülqədər
Sonrakı?
Şəxsi məlumatlar
Doğum tarixi 1468
Doğum yeri
Vəfat tarixi 1562
Vəfat yeri
Dəfn yeri
Uşaqları Hüseyn bəy Əfşar, Əlixan sultan Əfşar
Rütbəsi general, qubernator

Sevindik bəy Əfşar elinin Teymurlu oymağındandır. Atası Səfəvilər dövlətinin qurucularından olmuşdu. Gənc yaşlarından orduda xidmət etmişdi. Sıravi əsgərdən qorçubaşı vəzifəsinədək yüksəlmişdi.1538-ci ildən 1562-ci ilədək qorçubaşısı olmuşdu.

Sevindik bəy Əfşar I Şah Təhmasibə sədaqətlə xidmət etmişdi. O, sarayda olurdu. Şahın yanında bir çox döyüşlərə qatılmışdı.

Tarixi Cahanqoşanın müəllifi Sevindik bəy Əfşar haqqında 1521-ci ildə baş verən Ubeyd xanın yürüşündən bəhs edərkən məlumat verir. 1521-ci ildə Ubeyd xan 30 min atlı və süvari qoşunu ilə Xorasana doğru yürüş edir. Bu zaman Sərəxs hakimi olan Sevindik bəy Əfşar tələsik Herata qasid göndərib vəziyyət barədə məlumat verdi. Onun göndərdiyi qasid 24 may 1521-ci ildə Herata, Əmir xan Mosullunun yanına çatır.[2]

Daha sonra Həsən bəy Rumlu Əhsən ət-Təvarix əsərində 1537-1538-ci ildə baş verən Şirvanşah Şahrux üzərinə yürüşdə onun adını çəkir. O yazır ki, hicri 944/m. 1537-38-ci illərdə Şah Təhmasib Şahruxun Şirvanda xalqın asayişini pozması xəbərini alanda Sevindik bəy Qorçubaşı Əfşarı, başqa bir Qızılbaş əmiri və Əlqas Mirzə ilə birlikdə Şirvana göndərdi. 1538–39-cu illərdə qızılbaşların ağır hücumlarına baxmayaraq, qalanı ələ keçirmək mümkün olmadı və mühasirə təxminən 4 aya yaxın davam etdi. Yenə eyni mənbədə, Sevindik bəy Əfşarın Şah Təhmasib tərəfindən şərab istifadəsinin qadağan edilməsinə baxmayaraq şərab içən və itaətsizlik göstərən Şüştər hakimi Mehdiqulu sultan Əfşar üzərinə göndərilməsi barədə məlumat öz əksini tapır. Mehdiqulu sultan Əfşar Sevindik bəyin doğma qardaşı idi. O 1540-cı ilin aprel ayının 28-də öz qardaşını öldürüb başını Şah Təhmasibə gətirir.[3]

1544-1548-cı illərdə

[redaktə | mənbəni redaktə et]

Qazi Əhməd Qumi yazır ki, 19 avqust 1544-cü ildə Hümayun şahı qarşılamaq üçün təşkil olunan şahlıq ordusunun rəhbərlərindən biri məhz Sevindik bəy Əfşar idi.[4]

1546-cı ildə Şirvan hakimi Əlqas Mirzə qardaşı Şah Təhmasibə qarşı üsyan qaldırır. Bu zaman Şah Təhmasib bu zaman Qəzvin qışlağında idi. Daha sonra Əlqas Mirzə çətin vəziyyətə düşdüyü anlayıb anası Xan Bəygü xanım və oğlu Əhməd Mirzəni Təhmasibin yanına göndərib ondan bağışlanma dilədi. Şah Təhmasib isə onun üzrünü qəbul edib, bir daha üsyan qaldırmamaq şərti ilə danışıq aparmaq üçün Sevindik bəy Əfşarı qızılbaşların öndə gələn əmirləri ilə Əlqas Mirzənin yanına göndərir. Seyid Hüseyn bin Murtuza Hüseyni Astrabadi h. 953 (1546)- cü il hadisələrindən bəhs edərkən zamanın ən nüfuzlu əmirlərindən Sevindik bəy Əfşarın qorçubaşı olduğunun və onun qeyd olunan ildə Əlqas Mirzənin itaətsizliyini aradan qaldırmaq üçün Şirvana göndərilən mötəbər əyanların tərkibində olduğunu yazır.[5]

Şah Təhmasib Şərqi Anadoluda hərbi fəaliyyətlərini davam etdirərkən, baş komandan Sevindik bəyi tabeliyinə bir neçə əsgər cəlb edərək Şəkiyə göndərdi. Sevindik bəyin vəzifəsi dövlətə qarşı üsyan qaldırıb, Osmanlıya sığınan Əlqas Mirzənin yerinə Şirvan hakimi təyin edilən İsmayıl Mirzənin qüvvələri ilə birləşmək və Əlqas Mirzənin Həmədanda başlatdığı üsyanı yatırtmaq idi. Sultan Süleyman tərəfindən Bağdada göndərilən Əlqas Mirzə 1548-49-cu ildə Şəhrizordan Həmədana daxil olur, qardaşı Bəhram Mirzənin ailəsini əsir götürür və Həmədanda qarışıqlıq yaradır. Bu xəbəri eşidən Şah Təhmasib həmin zaman Şəki əyalətinə göndərilmiş Qorçubaşı Sevindik bəyə əmr edir ki, Şirvan hakimi İsmayıl Mirzəni özü ilə aparsın və Həmədanda Əlqas Mirzə üzərinə hücum etsin. Əlqas Mirzə isə Sultan Süleymanın gözündə zədələnmiş nüfuzunu xilas etmək üçün Həmədanda əsir götürdüyü Behram Mirzənin ailəsini sultanın yanına göndərmək qərarına gəlir. Lakin bu cəhd heç bir nəticə vermədi. Sultan əmir verdi ki, onu dərhal yaxalayıb həbs etsinlər. Əlqas Mirzə nə edəcəyini düşünərkən Sevindik bəy onu Senendec bölgəsindəki Ərdalan qalasında tutaraq Şah Təhmasibin hüzuruna gətirir. Yenidən qiyam cəhdinin qarşısını almaq üçün onu Qəhqəhə qalasında həbs edirlər.[6]

Mənbələrdə biz Sevindik bəy Əfşarın adına Osmanlıya tabe kürd əmirlərindən Şahqulu sultanın üzərinə yürüş zamanı rast gəlirik. İsgəndər bəy Münşi “Tarixi aləmarayi Abbasi ”əsərində bu barədə yazır ki, İsmayıl Mirzə Ərzurum valisi İsgəndər paşa üzərində hicri 960-cı ildə qələbə çalmışdı. Bu qələbədən sonra Şah Təhmasib onu Sevindik bəy Qorçubaşı ilə birlikdə osmanlılara tabe olan kürd əmirlərindən Şahqulu sultanın qiyamını yatırmaq üçün göndərir. Onlar kürdlərdən bir çox şəxsi öldürüb, böyük qənimətlərlə geri qayıdıblar.[7]

Şəkidə üsyanın yatırılmasında rolu

[redaktə | mənbəni redaktə et]

Şəki hakimi Dərviş Məhəmməd xan Əlqas Mirzənin Səfəvilərdən ayrılmaq cəhdini müdafiə etmiş və öz qardaşı Şahnəzəri qoşunla onun yanına göndərərək ona hərbi yardım göstərmişdi. Buna görə də Sultan Süleyman Azərbaycandan geri çəkilən kimi, Şah Təhmasib Kiş qalasına sığınmış Dərviş Məhəmməd xanı “cəzalandırmaq” üçün Qarabağdan Sevindik bəy Əfaşarı 2500 qorçi ilə Şəkiyə göndərdi. Qızılbaşlar Şəkini viran qoyub qənimət ələ keçirdikdən sonra geri döndülər.[8]

Nəhayət, hicri 958 (1551)-ci ildə I Şah Təhmasib Şəkinin müstəqilliyinə son qoymaq qərarına gəldi. Şah Təhmasib Şəki hakiminin üsyankar rəftarına qarşı cavab vermək məqsədilə 1551-ci ildə Şəki üzərinə yürüşə başlayır. Bu zaman Dərviş Məhəmməd xana nifrət bəsləyən gürcülər də I Təhmasibin yanına gəlib öz itaətlərini bildirirlər. Səfəvi ordusunun gəldiyi xəbərini eşidən Dərviş xan Gələsən-Görəsən qalasına sığınır. Digər əyanlar isə Kiş qalasında idilər. Şah Təhmasib qorçubaşı Sevindik bəyə Kiş qalasına hücum etməyi tapşırır. Sevindik bəyin səyləri nəticəsində bir müddət sonra qala ələ keçirilir. Daha sonra isə Sevindik bəy digər qızılbaş əmirləri ilə birlikdə Elbrus dağlarına sığınan şəkililəri təqib edir. Dağa sığınan üsyançılar Sevindik bəyin qüvvələrinə təslim olduqdan sonra Gelesen Görəsən qalasında özünü müdafiə edən Dərviş Məhəmməd xan bölgədə tərəfdarının olmadığını anlayıb ümidsizliyə qapılır. Qaladan çıxıb qaçmaq istəyərkən Səfəvi ordusunun tələsinə düşür. Səfəvi ordusu ilə könülsüz döyüşə girən Dərviş Məhəmməd xan döyüş meydanında öldürüldü. Beləliklə, 1551-ci ildə qorçubaşı Sevindik bəyin səyləri nəticəsində Şəki üsyan yatırıldı.[9]

Hicri 967/1559-60-cı illərdə Şahzadə Bəyazid Qəzvinə aparılarkən onu qarşılamaqçün Şah Təhmasibin göndərdiyi dəstədə Sevindik bəy Əfşar da var idi. I Təhmasib Bəyazidin oğullarını ondan ayırdı və hər birini məşhur əmirlərindən birinə tapşırdı. Mahmudu Sevindik bəy qorçubaşına tapşırmışdı.[10]

Hicri 968 / 1561-62-ci illərdə Şahzadə Bəyazidin həbsdə olarkən Osmanlı və Səfəvi sarayı yüksək rütbəli şəxsləri, hətta sərhəd boyu paşalar arasında ciddi yazışmalar həyata keçirilmişdi. Bu istiqamətdə h. 968/1561-62-ci illərdə Şah Təhmasibin göstərişi ilə Səfəvi əyanlarının birgə yazdığı məktub Osmanlı əyanlarına göndərildi. Məktubda adı çəkilən şəxslərdən biri də Sevindik bəy Əfşar idi.[8]

Faruq Sümer yazır: "Onlardan qorçubaşı Sevindik bəy 969-cu ildə (1561–1562) ölərkən yaşı 90-ı keçmişdi.

Oğlu Hüseyn bəy I Şah Təhmasibin və onun xələfi II Şah İsmayıl Səfəvinin dövründə Xorasanda, müxtəlif sancaqlarda vali olmuş, Şah Sultan Məhəmməd Xudabəndə zamanında isə vali olduğu Səbzivarda üsyan qaldırdığı üçün Həmzə Mirzənin əmri ilə yaxalanıb edam edilmişdir.[11]

Sevindik bəy Əfşar Xorasanda dəfn edilib.

  1. Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: Şuşa, 2008.
  2. Anonim, 1986. səh. 592
  3. Rumlu, 2004. səh. 280
  4. Qumi, 1359. səh. 313
  5. Bayramlı, 2015. səh. 97
  6. Sarıçiçək, 2016. səh. 43
  7. Rumlu, 2004. səh. 77
  8. 1 2 Əfəndiyev, 2007. səh. 98
  9. Sarıçiçek, 2016. səh. 43
  10. Sarıçiçek, 2016. səh. 44
  11. Münşi, 2019. səh. 523
  • İsgəndər bəy Münşi Türkman. Tarix-i Aləmara-yi Abbasi. I. Ankara: TTK. Türk Tarih Kurumu yayınları. 2019.
  • Zabil Həsrət oğlu Bayramlı. AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ İDARƏ OLUNMASINDA TÜRK QIZILBAŞ ƏYANLARININ ROLU. Bakı: «AVROPA» nəşriyyatı. 2015. səh. 348.
  • Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. səh. 344. ISBN 978-9952-34-101-0.
  • Sertaç Sarıçiçek. SAFEVİLER DÖNEMİNDE İRAN'DA AVŞARLAR. Ankara. Hacettepe Üniversitesi Sosyal Bilimler Enstitüsü Tarih Anabilim Dalı. 2016.
  • Ənvər Çingizoğlu. Avşarlar. Bakı: Şuşa nəşriyyatı. 2008. səh. 368.
  • Anonim. Tarixi Cahaqoşa. Merkez-i Tahkikat Farsi-yi İran ve Pakistan, İslam-abad, Rawlpendi. 1986.
  • Həsən bəy Rumlu (tərcümə Cevat Cevan). Əhsən-ət Təvarix. Ardıç yayınları. 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]