Çeşidinə və geniş yayılma arealına görə simli alətlərin Azərbaycan musiqi mədəniyyətində müstəsna yeri vardır.
Yazılı mənbələrdə simli çalğı alətlərinin yaranmasına dair bir çox əfsanələr mövcuddur. Rəvayətə görə, qartalın parçaladığı bir heyvanın bağırsaqları ağacın budaqlarına dolaşır. Sonradan quruyub tarıma çəkilmiş bağırsaq külək əsdikcə titrəyərək müxtəlif musiqi səsləri verməyə başlayır. Bu səsləri eşidən qədim insanlar ilk simli çalğı alətlərini icad edirlər.
Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da, tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə müəyyən üsullarla heyvan bağırsağından hazırlanmışdır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz tarixi əhəmiyyəti olmuş çoxsaylı simli musiqi alətləri zaman-zaman formalaşaraq, müasir musiqi alətlərinin yaranmasına öz təsirini göstərmiş və bu günümüzə gəlib çatmışdır.
Simli musiqi alətləri ifa tərzinə görə dörd qrupa bölünür:
Simli çalğı alətləri, əsasən, üç hissədən ibarətdir:
Simli alətlərin çanaqlarının hazırlanma texnologiyası iki cürdür:
Hazır olmuş çanağa qol əlavə edilir. Bu zaman qol ilə çanağın tarazlığına xüsusi fikir vermək lazımdır. Qol çanağa birləşdirildikdə dəqiqliyi tam saxlamaq üçün xüsusi xətkeşlərdən istifadə edilərək, qolun kəllə ilə birləşdiyi hissə 5 mm aralı qoyulur ki, simlər köklənərkən qol qabağa gəlib öz yerini alsın. Çanaq ilə qol birləşdikdən sonra üz hissəsi quraşdırılır. 5 mm qalınlığında tut və ya qoz ağacından hazırlanmış üzlük əsasən, bəzir və ya zeytun yağı ilə yağlanıb bir neçə gün saxlanılır. Ta yağı tamamilə özünə çəkdikdən sonra o, odun üstünə tutularaq qurudulur (bişirilir). Bir neçə gündən sonra bu proses bir daha təkrar edilir. Hazır olmuş üzlük xüsusi ağac yapışqanı ilə çanağın üzərinə bərkidilir.
Alətin quraşdırılmasında, əsasən, sümükdən və balıq yağından bişirilərək hazırlanmış taxta yapışqandan istifadə edilir. Hissələr hamarlandıqdan və təmizləndikdən sonra üzərlərinə isti halda nazik yapışqan sürtülür və üst-üstə qoyularaq güclü təzyiqlə sıxılır. Bütün hissələr birləşdikdən sonra aşıqlar və pərdələr quraşdırılır.
İstənilən çalğı alətinin çanağını hazırlamaq üçün kəsilmiş ağac gövdəsini ikiyə bölüb, özəyi çıxarmaq lazımdır. İkiyə bölünmüş parçaların kəsilmiş üzləri hamarlanır, nəzərdə tutulmuş alətin ülgüsü çəkilərək içərisi oyulur. Tutdan hazırlanan alətlərin çanağını yaş-yaş oymaq daha asan olur. Təcrübə göstərir ki, yaşı çox və özəyi boş olan ağacdan istifadə etmək məqsədəuyğun deyildir.
Alətin səslənməsi onun necə quraşdırılmasından çox asılıdır. Çanaqlar tam quruduqdan sonra onun iç və çöl tərəfləri bir qədər də yonulub hamarlanır və bundan sonra qol, kəllə və başqa hissələri quraşdırılır. Çanağın üzü mal ürəyinin pərdəsi və ya balıq dərisi ilə örtülür. Çanağın üzərində qoyulmuş böyük xərək simlərin ehtizazını qəbul edir və çanağın daxilindəki boşluğa verir. Bu boşluqda formalaşan səs dalğaları yenidən üz hissəyə qayıdır. Bu halın bir neçə dəfə təkrarı nəticəsində səs güclənir, uzanır, beləliklə, dolğun tembrli səs çalarları əldə olunur.
Qol hissəni hazırlayarkən materialın möhkəmliyinə xüsusi fikir vermək lazımdır, çünki alət kökləndikdə güclü təzyiq altında olan qolda əyilmə (çəngəl) ola bilər.
Aşıqların hazırlanması üçün ən yaxşı material armud ağacı sayılır. Ondan hazırlanmış aşıqlar kökü dəqiq saxlayır, atmosfer təzyiqinə davamlı olur.
Simli çalğı alətində metal, kapron, ipək və bağırsaqdan hazırlanmış simlər istifadə olunur. Metaldan olan simlər daha güclü və təmiz səs versə də, ifa zamanı barmaqla sıxarkən ipək və bağırsaqdan hazırlanmış simlərə nisbətən daha sərt olur. Simlər hər alətdə müxtəlif diametrdə olur və baş tərəfi ilgək edilərək çanağın aşağı tərəfində yerləşdirilmiş xüsusi simgirlərə keçirilir. Simgir metal, ebonit və yaxud möhkəm ağac materialından hazırlanır.
Müxtəlif dövrlərdə Azərbaycan ərazisində musiqi alətlərini hazırlayan məşhur sənətkarlar olmuşdur. Hazırda Bakıda və respublikanın digər rayonlarında onlarla peşəkar el sənətkarı bu ənənəni davam etdirir.[3]