Bərbət

Bərbət — mizrabla çalınan simli musiqi alətidir. Ud tipli alətlər sırasına aid edilən bərbətin gövdəsi böyük, qolu isə uzundur.

Bərbət
Hornbostel–Zaks təsnifatı 321.321-6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bərbət orta əsrlərdə ünlü müğənni, bəstəkar, bərbət musiqi alətinin yaradıcısı və gözəl ifaçısı olmuşdur. Tanınmış musiqi araşdırmacısı T. Vızqo 1990-cı ildə Düşənbə şəhərində Barbədə həsr olunmuş beynəlxalq simpoziumdakı məruzəsində belə fikir söyləyib:

"Alət ərəblərdən köçmədir. Ona görə ərəbcə "əl-üd" adlanıb, fars adı isə bərbətdir (yə'ni, ördək döşü). [1]

"Bərbət" sözünün bər "sinə", bət "ördək" sözlərinin birləşməsindən yarandığını güman etmək olar. Bəzi mənbələrdə isə onun ərəb sözü olub, "ləpələnmə", "dalğalanma" mənasını verməsi qeyd olunur. [2]

Mirzə Əli - Xosrovun Barbedin musiqisini dinləməsi, 1539-1543, Britaniya Milli Kitabxanası.

Bu alətin ərəblərdən gəldiyi inancı yayğındır. Ancaq XIII əsrdə yaşamış Şərq alimi Mahmud Amuli bərbəti yunan filosofu Pifaqorun (e. ə. 580-500 il) icad etməsi haqqda da təqdim edilir.[3] Əbdülqədir Marağayi isə Səfiəddin Urməvinin "Kitab əl-ədvar" əsərində udun qədim növünü Adəm peyğəmbərin nəvələrindən biri Lameş Qabil oğlunun icad etdiyini bildilir. Digər yandan, qədim Əfrasiyab şəhərinin (hazırda Səmərqənd) terrakotları (üzü qabarıq, arxası yastı yandırılmış gildən qayrılmış heykəllər, çoxusunun yaşı təqr. e. ə. III-I əsrlər) göstərir ki, Soqdiana sakinlərinin ən sevimli çalğı aləti bərbətə və uda çox bənzəyirdi. [4] Böyük Orta Asiyalı alim İbn Sina özünün "Kitab əş-Şifa" (Şəfa kitabı) əsərində bu tipli alətin təsviri üçün "bərbət" kəlməsini işlədir, baxmayaraq ki, əsər ərəbcə yazılıb. Azərbaycanda yaşamış Fəxrəddin Razi (1150-1210) udun simləri ilə eynən üst-üstə düşən bərbədin təsvirini verir. Heratlı alim-nəzəriyyəçi (XV əsr) əl-Hüseyni bərbədə beşinci simi artıranda sonra alətə "ud" (ərəbcə "ağac, taxta") adı verilir. Bəlkə də, ad dəyişimi dəri çanağın ağac çanağla əvəz olunması ilə bağlıdır.

XVI-XVII əsrlərə kimi Azərbaycanda istifadə olunmuş, mizrabla çalınmışdır. Əsasən, saray musiqi aləti sayılan bərbət haqqında Azərbaycan klassiklərinin, o cümlədən Nizami Gəncəvinin yaradıcılığında ətraflı məlumat verilib. Tarixi mənbələrdən, eləcə də Nizami yaradıcılığından məlum olur ki, bu alətin yaradıcısı öz dövrünün məşhur musiqiçisi, mahir ifaçı Barbəd olmuşdur. Nizami Gəncəvi Xosrov və Şirin poemasında saray musiqiçisi Barbədi belə tərif edir:

Sərxoş bülbül kimi gələndə
Barbəd Su kimi axırdı əlində bərbət.
O çala bildiyi yüz xoş nəğmədən
Seçdi otuzunu özü bəyənən.
Bu otuz nəğmə ki, Barbəd çalırdı,
Gah ürək verirdi, gah can alırdı.

Əsasən saray məclislərində istifadə edilmiş bərbətlə çəng birlikdə çox gözəl səslənmişlər.

Nizami bu iki alətin birgə səslənməsini belə təsvir etmişdir:

"O məclisdə işarət başlayan zaman
Çaldılar çəng ilə bərbəti haman.
Bərbətlə çəng səsi axıb müxtəsər
Tük ilə rəng kimi birləşmişdilər. [5]

Ünlü miniatür rəssamı Mirzə Əli (rəssam) Nizami Gəncəvinin "Xosrov və Şirin" mövzusuna həsr olunmuş miniatürlərində bərbəti çox təsvir edib. [6]

Ud tipli alətlər ailəsinə mənsub olan bərbətin gövdəsi uda nisbətən böyük, qolu isə xeyli uzundur. Bərbətə bağırsaqdan hazırlanan 6 qoşa sim bağlanılır. Simlər ipək və bağırsaqdan hazırlanır. Üzü isə şam ağacından hazırlanır.

Şərq ölkələrində bərbətin müxtəlif növləri olmuşdur. Onun ilk vətəni Səudiyyə Ərəbistanı sayılır. Bir çox mənbələrdə bərbətin 3, 8, 10 simli növləri olduğu barədə dəlillər vardır.

Bərbət, əsasən, 3 hissədən (çanaq, qol və kəllə) ibarətdir. Çanağı yığma üsulu ilə qoz və ya qırmızı çinar, qol, kəllə və aşıqları isə qoz ağacından hazırlanır. Üzü 4 mm qalınlığında şam ağacı ilə örtülərək üzərində bir neçə yerdən səs rezonatorları açılır. Qolunda 912 pərdə olur. Ümumi uzunluğu 665 mm, eni 465 mm, hündürlüyü 250 mm, qolunun uzunluğu 205 mm-dir. Bərbət qədim ud kimi, yəni xalis kvarta münasibətində köklənir. Diapazonu böyük oktavanın "mi" səsindən ikinci oktavanın "mi" səsinə kimidir. [7]

Əbdülqədir Marağayi udu ən mükəmməl alət hesab edirdi və Orta Çağda iki cür udun mövcud olduğunu yazırdı:

  • dörd cütsimli udi-qədim (bərbət)
  • beş cütsimli kamil ud. [8]

Tanınmış el sənətkarı Qasım Qasımov tərəfindən udun yeni növləri icad olunub:

  • Cürəud
  • Sinəud
  • Vəlud
  1. "Məcnun Kərimov - Azərbaycanın qədim musiqi alətləri. "Musiqi dünyası" jurnalı". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  2. "Azərbaycan ənənəvi musiqi atlası - Bərbət". 2018-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  3. Abbasqulu Nəcəfzadə. Çalğı alətlərimiz Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Bakı, 2004.
  4. Вызго Т. С. Музыкальные инструменты Средней Азии. Исторические очерки. М., Музыка, 1980, с. 84-87, 96.
  5. "Məcnun Kərimov - Azərbaycanın qədim musiqi alətləri. "Musiqi dünyası" jurnalı". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  6. "Меджнун Керимов. О восстановлении забытых древних азербайджанских инструментов чанга и барбета. Международный музыкальный культурологический журнал HARMONY". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  7. "Azərbaycan ənənəvi musiqi atlası - Bərbət". 2018-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-28.
  8. "Саадет Абдуллаева. Чарующий слух музыкальный инструмент. Журнал İRS, № 5(53), 2011" (PDF). 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-03-12.