Sivilizasiya sərdabəsi

Daxili görünüşü.

Sivilizasiya sərdabəsi (ing. Crypt of Civilization) – 1937-1940-cı illərdə ABŞ-nin Corciya ştatında yerləşən Oqltorp Universitetində tikilən möhürlü, havakeçirməz otaq. 57 m3 həcmə malik otaqda bir çox artefakt və sənəd saxlanılır və 8113-cü ildə açılması planlaşdırılır. Otağın yaradılma məqsədi hazırkı dövrün mədəniyyətini gələcək dövrlərə çatdırmaqdır. Sivilizasiya sərdabəsi gələcək nəslə mədəniyyəti çatdırmaq üçün edilən ən yaxşı cəhd kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.[1]

Zaman kapsulası funksiyası daşıyan otağı yaratmaq ideyası universitetin keçmiş rektoru Tornvell Yakobsa məxsusdur. T.Yakobs keçmiş mədəniyyətlərin gələcək nəsillərə çox az məlumat buraxdığından şikayətçi idi. Buna görə də bu cür otağın yaradılmasını çox istəyirdi. Otaq dünyada ilk zaman kapsulu hesab olunur.[2]

Yakobs bu işdə ona kömək etməsi üçün ABŞ kinematoqrafı, fotoqrafı və ixtiraçısı Tomas Pitersə müraciət etmişdir. Piters layihə arxivçisi və inşaat müdiri vəzifəsinə gətirildi. Otaq universitetin keçmiş üzgüçülük hovuzunun yerində, yerin 7 metr dərinliyində, qranit qayaya inşa edildi. Qapının arxasında divarlar sukeçirməz şəkildə hazırlanmışdır.[2]

Artefaktları oksidlənmədən və paslanmadan qorumaq üçün şüşə ilə örtülmüş və oksigenlə doldurulmuş polad qoruyucuların içinə qoyulmuşdur. Möhürlənməzdən əvvəl bütün hava sorulub paslanmamanın qabağını almaq üçün otağa azot qazı buraxıldı.[2]

Otaq 25 may 1940-cı ildə möhürlənmiş və açılış tarixi 8113-cü il kimi müəyyənləşdirilmişdir.[2]

İçindəkilər

[redaktə | mənbəni redaktə et]

Otaqda saxlanılması üçün Budweiser pivəsi, protez, kişi və qadın manikenlər, stolüstü oyunlar, plastik oyuncaqlar, boşqab, vazelin, corab, tikiş maşını, kalkulyator, toxum kimi maraqlı əşyalar toplanmışdır. Bundan əlavə, son 6000 ildə bəşəriyyətin əldə etdiyi 600.000 səhifəlik yazılı material mikrofilm üzərində toplanmışdır. Eyni zamanda, Adolf Hitler, İosef Stalin, Benito Mussolini, Franklin Ruzvelt kimi tarixi şəxsiyyətlərin də səs qeydləri mövcuddur.[2]

Otağın girişinə həkk olunmuş lövhədə bunlar yazılmışdır:

" Bu sərdabədə XX əsrin I yarısında ABŞ-da və bütün dünyada mövcud olan mədəniyyətin abidələri toplanmışdır. Havanın inert qazlarla dəyişdirilmiş paslanmaz polad qablarda ensiklopediyalar, tarixi məlumatlar, elmi əsərlər, qəzetlərin xüsusi nəşrləri, səyahətnamələr, səyahət danışıqları, kino çarxları, modellər, fotoqeydlər və bənzər materiallardan fikirlər 1900-1950-ci illərdə mövcud olan mədəniyyətlər ilə təbiətinin müəyyənləşdirilməsi təşkil edir. Zinət və qiymətli əşyalar yoxdur.[2] "

Gələcək nəsillərin ingilis dilini unutma ehtimalına qarşı möhürlü otağın qarşısına "Dil birləşdiricisi" adlı maşın quraşdırılmışdır.[2]

Yakobsun bu ideyası daha sonra bir çox zaman kapsulunun yaradılmasına ilham vermişdir.[2]

  1. Guinness Book of World Records (1990)
  2. 1 2 3 4 5 6 7 8 "8113 Yılında Açılması İstenen, Medeniyetimiz Hakkında Bilgiler Taşıyan Zaman Kapsülü". Listelist (türkçe). 3 mart 2017. 2018-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyul 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]