Siyasi Repressiya Qurbanları Muzeyi (Bakı)

Siyasi Repressiya Qurbanları Muzeyi1925-ci ildən dövlətin əsas repressiv orqanlarının, Fövqəladə Komissiyanın, Daxili İşlər Xalq KomissarlığınınDövlət Təhlükəsizlik Komitəsinin fəaliyyət göstərdiyi binada açılıb. Binanın zirzəmisində saxlama kameraları, istintaq otaqları, ölüm cəzasına məhkum edilənlərin güllələndiyi yerlər mövcud olub.[1] [2]

Siyasi Repressiya Qurbanları Muzeyi
Açılış tarixi 24 may 2019
Təsisçi Dövlət Sərhəd Xidməti
Mövzu Siyasi repressiya qurbanları
Yerləşir Bakı
Ünvan Zərifə Əliyeva küç. 30

Muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acınacaqlı səhifələrindən, 1920-1950-ci illərdə SSRİ-nin yüz minlərlə ictimai xadim və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndəsinin, sıravi vətəndaşın siyasi repressiyalara məruz qoyulması ilə nəticələnən repressiv siyasətindən bəhs edir[3]. 1920-1950-ci illərdə repressiyaya məruz qalmış vətəndaşların ümumi sayı 400 min nəfərdən artıq olub[4].

Haqqında[redaktə | mənbəni redaktə et]

Muzey 24 may 2019-cu ildə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr edilən tədbirlər çərçivəsində DSX-nin inzibati binasında yaradılıb. 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanları fəaliyyət göstərib. Binanın zirzəmisində həbs edilənlərin saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllələnməsi yerləri mövcud olub.[2]

Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərindən əldə edilib. QazaxıstanALJİR” Siyasi Repressiya Muzeyi tərəfindən də sənədlər təqdim olunub. Muzeyin ekspozisiyasının hazırlanmasına Mədəniyyət NazirliyiAMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən də kömək göstərilib. Muzeyin əsas zalında “Danışan sənədlər” adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920—1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilib.[2]

Muzeyin əsas zalında yerləşdirilən lövhələr repressiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə, güllələnmiş “xalq düşmənləri”nin islah—əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşlarına, repressiya qurbanı olmuş cümhuriyyət tələbələrinə, ziyalılara həsr olunub. Bir başqa lövhədə şair Mikayıl Müşfiq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mirzə Şərifzadə və digərlərinin güllələnmələri barədə aktların və arayışların surətləri nümayiş olunur. Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması barədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədilə muzeydə saxlama kameraları, karserlər, dindirilmə, güllələnmə otaqları tarixi rekonstruksiya üsulu ilə bərpa edilib. Muzeyin dəhlizlərində qanunsuz həbsə etirazı, azadlığa canatmanı simvolizə edən kompozisiyalar quraşdırılıb. “Repressiya burulğanı”, “Ümid işığında” adlı kompozisiyalarda zindan həyatını yaşamış və Vətənindən didərgin edilmiş soydaşlarımızın keçirdikləri iztirab və əziyyətlər rəmzi formada ifadə olunub.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında "Siyasi qurbanların xatirəsi muzeyi"nin açılış tədbiri". dsx.gov.az. 25 may 2019. 26 May 2019 tarixində orijinalından arxivləşdirilib.
  2. 1 2 3 4 "Dövlət Sərhəd Xidmətinin inzibati binasında "Siyasi repressiya qurbanları muzeyi" açılıb". azertag.az. 24 may 2019. 26 may 2019 tarixində arxivləşdirilib.
  3. "Azərbaycanda Siyasi Repressiya Qurbanları Muzeyi açılıb". amerikaninsesi.org. 25 may 2019. 26 may 2019 tarixində arxivləşdirilib.
  4. "Bakıda 'Siyasi Rep­ressiya Qurbanları Muzeyi' açılıb" (az.). azadliq.org. 25 may 2019. 20 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]