Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi — Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» 816 Nli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış dövlət idarəsi[1].
Milli Arxiv İdarəsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 2 dekabr 2002 |
Əvvəlki qurum | Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi |
Tabelik | Azərbaycan Respublikasının Prezidenti |
Baş qərargah | |
Ünvan | Bakı, Ziya Bünyadov pr. 3 AZ1106 |
Rəhbərlik | |
Rəhbər | Əsgər Rəsulov |
|
|
Rəsmi saytı | milliarxiv.gov.az |
Arxiv işinin əsası yalnız 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış «vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında» dekretlə qoyulmuşdur. Həmin dekretə müvafiq olaraq Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi oldu.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində respublikanın arxivçiləri çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrin, Azərbaycan ərazisində fəaliyyət göstərmiş xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər.
1922-ci ilin avqustunda Mərkəzi Dövlət Arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur ki, bu da arxiv orqanlarının nüfuzu və rolunun artmasına kömək edir. 20-ci illərdə yerlərdə də arxiv təşkilatları yaradılırdı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır.
1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirilir və onların işlərinin canlandırılması üçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiq edir. Bu Əsasnaməyə görə Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçinin siyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən istifadənin təşkili işi də tapşırılır. Azərbaycan SSR MİK Rəyasət Heyətinin qərarı ilə həmin ilin aprelində 1920-ci ildə yaradılmış mərkəzi arxivin bazasında respublikamızda iki mərkəzi dövlət arxivi: Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivi (kino-foto şöbəsi ilə) və Mərkəzi Dövlət Tarix Arxivi yaradılır.
1938-ci ildə bütün sovetlər birliyində olduğu kimi Azərbaycanda da arxiv təşkilatları xalq daxili işlər komissarlığının tabeçiliyinə verilir.
1960-cı ildə keçmiş SSRİ-nin başqa respublikalarında olduğu kimi arxiv təşkilatları respublikamızda da daxili işlər nazirliyinin tabeliyindən Azərbaycan SSR Nazirlər Sovetinin tabeliyinə verilir. Bundan sonra arxiv işinə və arxiv sənədlərindən istifadəyə diqqət artırılır, dövlət arxivləri şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi işinə başlanır. 1966-cı ildə Azərbaycan SSR Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, 1968-1969-cu illərdə isə Azərbaycan SSR Mərkəzi Dövlət Səs Yazıları Arxivi və Mərkəzi Dövlət Elm,Texnika və Tibb Sənədləri Arxivi, 15 şəhər və rayon mərkəzlərində Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivinin filialları yaradılır, 50 rayon dövlət arxivi isə sənədlərin müvəqqəti mühafizəsini həyata keçirən dəyişən tərkibli arxivlərə çevrilir.
SSRİ dağıldıqdan sonra keçmiş partiya arxivi Baş Arxiv İdarəsinin sərəncamına verilərək Nazirlər Kabinetinin qərarı ilə onun bazasında Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi yaradılır.
Bu gün Azərbaycan Respublikasının arxiv sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan respublika əhəmiyyətli 6 dövlət arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının dövlət arxivi, habelə 55 rayon və şəhər dövlət arxivləri daxildir.
1996-cı ildə Baş Arxiv İdarəsi YUNESKO yanında Beynəlxalq Arxiv Şurasına tam hüquqlu üzv qəbul edildi. Arxivlərimiz Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin arxivləri ilə yanaşı bir sıra qonşu ölkələrin arxivləri, xüsusilə Türkiyə və İran arxivləri ilə geniş əlaqələr yaratdı. Bu gün ABŞ, İngiltərə, Fransa, Almaniya, Türkiyə, İran, Belçika, Polşa və başqa ölkələrdən olan tədqiqatçılar respublikamızın arxivlərində saxlanılan elmin müxtəlif sahələrinə aid sənədlərdən geniş istifadə edirlər.
Milli arxiv fonduna Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmiş və fəaliyyət göstərən təşkilatların qanunvericilik aktları, idarəetmə sənədləri, məhkəmə və prokurorluq orqanlarının sənədləri; statistika, elmi, texnologiya, normativ-texniki, layihə, konstruktor, patent, kartoqrafiya sənədləri, kino, foto, fono (səs yazıları), video materialları, dizayn işləmələri və memarlıq layihələri; əlyazmaları, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları; sənət əsərləri, elmi, ədəbi və musiqi əsərləri; partiya, ictimai və qeyri-dövlət təşkilatlarının sənədləri; gündəliklər, memuarlar, məktublar və şəxsi xarakterli digər sənədlər daxildir.
Hazırda Azərbaycan Respublikasının arxiv sisteminə bilavasitə Milli Arxiv İdarəsinə tabe olan respublika əhəmiyyətli 6 dövlət arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının dövlət arxivi, habelə 55 rayon və şəhər dövlət arxivləri daxildir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |