Siyka Kostadinova Çonçeva (bolq. Сийка Костадинова Цончева; 22 sentyabr 1926 – 17 sentyabr 1971) ― bolqar hərbi pilot. O həm hərbi təyyarə, həm mülki təyyarə, həm hidrotəyyarə, həm də helikopter idarə etmiş yeganə bolqar qadındır. Pilotluq karyerası ərzində o, ən azı 11 növ təyyarə idarə edib.[1][2]
Siyka Çonçeva | |
---|---|
Doğum tarixi | 22 sentyabr 1926 |
Vəfat tarixi | 17 sentyabr 1971 (44 yaşında) |
Fəaliyyəti | pilot, zabit, hərbi qulluqçu |
Siyka Çonçeva 22 sentyabr 1926-cı ildə Bolqarıstanın Veliko Tırnovo vilayətinin Dzulunitsa şəhərində anadan olub.[2] O, Qorna-Oryaxovitsa şəhərində orta məktəbi bitirdikdən sonra Varnada tibb bacısı kimi təhsilini davam etdirib. Universitetdə oxuduğu müddətdə Varnadakı aerokluba qoşulmuş və paraşütlə tullanma və üzgüçülük kursları almağa başlamışdır. O, doğulduğu kənddə ilk gimnastika məşqçisi olub.[1]
Çonçeva 1948-ci ildə Qraf-İqnatievo kəndində imtahan verərək uçuş sertifikatı almışdır.[1][2]
O, məktəbi bitirdikdən sonra 1949-cu ildə Pleven şəhərindəki "G. Benkovski" aviasiya məktəbinə kursant kimi daxil olub. 1950-ci ildə oranı bitirmiş və leytenant rütbəsinə yüksəlmişdir. Çonçeva təlimatçı kursunu bitirdikdən sonra orada təlimatçı kimi qalmış və iki il kursantları ikinci sınaq imtahanlarına hazırlamışdır.[3]
O, 1952-ci ildə Varnadakı Çayka aerodromuna təyin edilib. Hərbi pilot kimi o, Arado-196 A-3 "Shark", Henkel-60 "Seal" hidrotəyyarələrini idarə edib. Çençova daha sonra Po-2, Yak-12, Li-2 və Mi-1 helikopterlərini idarə etdiyi hərbi nəqliyyat aviasiya alayında xidmət göstərib.[1][2] O, 1970-ci ildə Bolqarıstanın mülki aviasiya qrupuna təyin edilmiş və burada kiçik AN-14 təyyarələri ilə uçmuşdur.
Rodop bölgəsi öz mülki hava limanını inşa etməyi 1960-cı illərdə planlaşdırırdı və nəhayət, 1970-ci illərin əvvəllərində Qırcaəli rayonunun "Qledka" kəndinin yaxınlığında hava limanı tikilmişdi. Qırcaəli hava limanındakı uçuş-enmə zolağından əsasən Mi-1, Mi-8 helikopterləri və paytaxtla Qırcaəli arasında gündəlik sərnişin reysləri həyata keçirən, səhər Sofiyaya, axşam isə geriyə uçan kiçik An-14 nəqliyyat təyyarələri istifadə edirdi.
1971-ci il sentyabrın 17-də səhər tezdən Balkan yarımadasını qara buludlar və dağ dumanı ilə müşahidə olunan güclü siklon əhatə etmişdi. Çonçeva göyərtəsində dörd ekipaj üzvü və səkkiz sərnişinin olduğu An-14-ü Qırcaəli hava limanından havaya qaldırmışdı. Uçuş marşrutu Rila dağlarının yaxınlığındakı duman üzərindən keçirdi. Çonçeva uçuşun həmin hissəsi üçün Sofiyadakı yol polisi dispetçerindən təyyarəni idarə etməyi xahiş etdi. Lakin həlledici məqamda Çonçevanın təyyarəsi üçün radar göstəriciləri daha yüksək hündürlükdə uçan Türkiyə təyyarəsinin göstəriciləri ilə üst-üstə düşdü. Naviqator iki təyyarəni qarışdırmış və An-14 hələ dağların üzərində olarkən ona səhvən eniş təlimatı vermişdi. Bu səhv başa düşüldükdə təyyarəyə dərhal 1000 metr yüksəyə qalxmaq əmri verilsə də, artıq çox gec idi. Təyyarə Samokov yaxınlığındakı Sveti-duh dağı yaxınlığında qayalara çırpıldı. Qəza nəticəsində yalnız bir nəfər, təyyarənin quyruq hissəsində siqaret çəkən bir sərnişin sağ qalmışdır.[1][2]
Siyka Çonçeva ölümündən sonra Bolqarıstanın hərbi aviasiyasına verdiyi töhfələrə görə "Lyaskovets bələdiyyəsinin fəxri vətəndaşı" mükafatına layiq görülmüşdür.[4]