Slavyan-rus cəmiyyəti

Slavyan-rus cəmiyyəti—"Vahid, bölünməz Rusiya" uğrunda mübarizə məqsədilə Tiflis şəhərində yaradılmış qurum.

1918-ci il martın 11-də Konstantin Lizqarın sədrliyi ilə cəmiyyətin ilk iclası keçirilmiş, nizamnaməsi qəbul edilmişdi. 1918-ci il, martın 14-də qeydiyyatdan keçmiş nizamnaməsində onun slavyanrus əsilli vətəndaşların milli, elmi, dini, məişət, texniki, tədris-tərbiyəvi birliyi məqsədilə yaradıldığı göstərilirdi. Bu məqsədə nail olmaq üçün cəmiyyət mövcud qanunlar çərçivəsində müxtəlif tipli (praktiki və ümumtəhsil) məktəblər, yaşlılar və uşaqlar üçün bazar günü məktəbləri, peşə kursları və qiraət zalları, klublar, körpələr evi və yetimxanalar, kilsələr, ambulatoriya və müalicə müəssisələri, kooperativlər, kredit dairələri, hüquqşünas, həkim, tibb bacıları dərnəkləri, cəmiyyət üzvləri üçün məşğulluq büroları, əyləncə yerləri, mətbuat orqanları və mətbəələr açmağı nəzərdə tuturdu. Nizamnamədə həmçinin, cəmiyyətin milliyətindən asılı olmayaraq hamıya mədəni-maarif və xeyriyyə yardımı göstərəcəyi qeyd olunurdu. Bakıda şöbəsi fəaliyyət göstərirdi.[1]

Yevsey Gindes

1918-ci ilin dekabr ayının 3-də Slavyan-rus cəmiyyəti onun fəaliyyətinin əsasını təşkil edən ideyaların həyata keçirilməsi məqsədilə tərkibinə daxil olan cəmiyyət və təşkilat üzvlərinin mənafelərinin müdafiəsi istiqamətində birgə iş aparmaq üçün AXC parlamentinə daxil olmaq arzusu ilə Azərbaycan Milli Şurasının rəhbəri Məhəmməd Əmin Rəsulzadəyə müraciət etdi.[2] Müraciət qəbul olundu və cəmiyyət 5 deputatla parlamentdə təmsil olunaraq fraksiya yaratdı.

Cəmiyyət "bolşeviklərsiz Rusiya" ilə ittifaqa tərəfdar idi.

  • AXC Ensiklopediyası, II cild, Slavyan-rus cəmiyyəti maddəsi
  • Şüküroğlu L, Cümhuriyyət hökuməti repressiya məngənəsində
  1. Cəmil Həsənli, Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti
  2. "Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılması milli demokratik dövlət quruculuğunun şərəfli səhifəsidir". 2018-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-02.