Konstantin Lizqar

Konstantin Nikolayeviç Lizqar (188215 may 1920) — Azərbaycan Xalq Cümhuriyyətinin ərzaq naziri, Slavyan-Rus Cəmiyyətinin sədri.

Konstantin Lizqar
Konstantin Nikolayeviç Lizqar
26 dekabr 1918 – 14 mart 1919
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
11 mart 1918 – 1919
ƏvvəlkiVəzifə təsis olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 1882
Vəfat tarixi 15 may 1920(1920-05-15)

Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olmuşdur. 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olmuşdur. 1914-cü ildə leytenant rütbəsi ilə orduya sıralarına cəlb olunub. 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət etmişdir.[1]

Aprel işğalından sonra Bakının Qorçakovski 14 ünvanında yaşayan, sabiq ərzaq naziri və Slavyan-Rus Cəmiyyətinin sədri Konstantin Lizqar ilk həbs edilənlərdən oldu.[2]

1920-ci ilin mayın 2-də XI Qırmızı Ordu İnqilabi Şurası yanındakı Xüsusi Şöbə tərəfindən 292 saylı həbs vərəqi əsasında azadlıqdan məhrum edilib. Həbs vərəqində 38 yaşında olması, orta təhsilli, ixtisaslı zabit, neft sənayesi sahəsində çalışması, ailəliyi ilə bağlı qeydlər var idi.

1920-ci ilin mayın 15-də istintaqın çıxardığı qərar əsasında, yəni "1917-ci ildən əks-inqilabi fəaliyyətə başlayan, Beynəlmiləlin yaxınlaşan təhlükəsinə qarşı 1918-ci ildə Slavyan-Rus Cəmiyyətini yaradan, sədr kimi onun Sovet Rusiyasına qarşı fəal mübarizəsinə rəhbərlik edən, bütöv, vahid, bölünməz Rusiyanın xilası uğrunda şüurlu mübarizədə Könüllü Ordu, İngiltərə və Amerikanın nümayəndələri ilə görüşən, əks-inqilabi ideyalarını yaymaq üçün qəzet nəşr edən" Konstantin Lizqar XI Ordu Xüsusi şöbəsinin 15 may 1920-ci il tarixli qərarı ilə güllələndi.[3][4]

Konstantin Lizqar bolşeviklər tərəfindən güllələnən ilk Azərbaycan Xalq Cümhuriyyəti naziri olmuşdur.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xüsusi Zaqafqaziya Komitəsində yollar komissiyasının kargüzarı və Yollar Komissarlığında xüsusi tapşırıqlar məmuru vəzifəsində çalışıb.[1]

1918-ci ilin martında Tiflisdə Slavyan-Rus Cəmiyyətini təsis edərək onun sədri olmuşdur.

Konstantin Lizqar Slavyan-Rus Cəmiyyətinin sədri seçilənə qədər Müvəqqəti Hökumətin Xüsusi Zaqafqaziya Komitəsinin sərəncamında fəaliyyət göstərirdi. 1917-ci ilin avqustun 22-də Müvəqqəti Hökumətin Xüsusi Zaqafqaziya Komitəsinin ona verdiyi vəsiqədə yazılmışdı:[5]

" Bu vəsiqə Zaqafqaziya Xüsusi Komitəsinin sərəncamında olan poruçik Lizqara verilir, ondan ötrü ki, o, Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Göyçay İcraiyyə Komitəsinin və komissar Süleymanovun hərəkətlərini təhqiq etmək üçün Bakı quberniyasına ezam olunur. Bütün vəzifəli şəxslər, müəssisə və idarələr göndərilən şəxsə qanuni köməklik göstərməlidirlər.
Zaqafqaziya Xüsusi Komitəsinin üzvü Məmməd Yusif Cəfərov
"

Azərbaycan Xalq Cümhuriyyəti dövrü

[redaktə | mənbəni redaktə et]

Konstantin Lizqarın 1918-ci ilin 16 fevralında Zaqafqaziya Komissarlığının Ticarət və Sənaye Komissarı Lütfəli bəy Behbudov tərəfindən verilmiş tapşırıqla Batuma gedib, 28 fevrala qədər təlimatda göstərilən işləri yerinə yetirib qayıtması ilə bağlı sənəd də mövcuddur.[6] Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstandakı diplomatik nümayəndəsinin verdiyi vəsiqədə Konstantin Lizqarın dövrün əkinçilik naziri Xosrov bəy Sultanovun dəvəti ilə Tiflisdən Bakıya gəldiyi qeyd olunur.[7] Xosrov bəy Sultanovun himayədarlığı və sərəncamı əsasında Konstantin Lizqar Əkinçilik Nazirliyində xüsusi tapşırıqlar məmuru olaraq çalışmışdır. Konstantin Lizqar haqqında sonralar istintaqa ifadə verən, Slavyan-Rus Cəmiyyətinin üzvü Mixail Vinoqradov belə demişdir:[8]

" Konstantin Lizqarı mən 1918-ci ilin martından tanıyıram. Əvvəllər onunla dostluq münasibəti saxlamışam. Arvadının dediyinə görə, o, 15 il əvvəl Bayıl həbsxanasında özünü asan, neftin ötürülməsində və cinayətin gizlədilməsi məqsədi ilə üç nəfər ləzginin öldürülməsində günahlandırılan milyonçu Rılskinin qeyri-qanuni oğludur. Onu da bilirəm ki, Rılski onu öz oğulları ilə bir yerdə böyüdüb və Lizqar Stepan Rılskini başqa cür yox, qardaş adlandırır. Rılskinin ölümündən sonra Lizqara varis kimi pay düşdü və o, ticarət işinə qoyduğu bir milyondan çox pul əldə etdi. Ancaq tezliklə müflisləşib, Vladiqafqaza getdi və yenidən ticarət işlərinə başladı. Tiflisdə o, ehtiyac içərisində yaşayırdı və bir xidmətçi ilə kifayətlənmişdi, yeməyi tez-tez arvadı hazırlayırdı. Bakıda da ərzaq naziri təyin edilənə qədər eyni vəziyyət idi. Pulsuzluqlarını onunla izah edirdilər ki, Stepan Rılski Lizqarın hərəkətsizliyindən narazı qaldığı üçün onlara çox az pul verir. Bu vəziyyət Lizqarı Bakıda iş axtarmağa məcbur etmişdi. "

Konstantin Lizqar 1918-ci ilin dekabr ayının 26-da III Xoyski hökumətində ərzaq naziri təyin olunmuşdur.[9][10]

Konstantin Lizqar Stepan Rılskinin şirkətində müdir işləyən Suxaryevskini nazirlikdə hüquq məsləhətçisi təyin etmişdi. Sonra Lizqarın məktəb yoldaşı Ratner və Dərbəndli olan bacanağı Sulyenko işə qəbul olundu.

1919-cu ilin yanvarında Lizqar Stepan Rılski ilə buğda sövdələşməsinə başladı. O öz vəzifəsindən sui-istifadə etməyə başlamışdı. Mixail Vinoqradovun ifadələrində belə məlumatlar vardır:[11]

" Tezliklə onun buğda gətirilməsi ilə bağlı Hökumətin xeyrinə olmayan 10 milyon rubldan yuxarı miqdarda formal bankla sövdələşməyə girdiyi məlum oldu "

1919-cu ilin mart ayının 14-də III Xoyski hökuməti istefa verdi. Yeni hökumətdə yer ala bilməyəcəyindən narahat olan Konstantin Lizqar hökumətin ona 3 milyon pul ayıracağını düşünərək bacanağı Sulyenkonu buğda almaq üçün Yekaterinodara göndərdi. Buna baxmayaraq I Yusifbəyli hökumətində Lizqara vəzifə verilmədi. O, sonradan Neft Sənayeçiləri Cəmiyyətində işləməyə başladı.

  1. 1 2 3 "Cümhuriyyət Qurucuları. Nəsiman Yaqublu. Səhifə 352" (PDF). 2021-04-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-01.
  2. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K. N. Lizqarın istintaq işi, v.6
  3. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K. N. Lizqarın istintaq işi, v.7.
  4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 168. ISBN 9952-417-44-4.
  5. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K. N. Lizqarın istintaq işi, v. 62
  6. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K. N. Lizqarın istintaq işi, v. 63
  7. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K. N. Lizqarın istintaq işi, v. 65
  8. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K. N. Lizqarın istintaq işi, v. 106
  9. Paşayev A., Açılmamış səhifələrin izi ilə, B., 2001; Aдpec-календары Aзepбaйджанской Pecnyблики нa 1920 год, Б., 1920
  10. Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti: 1918–1920. B., 1990, s. 92.
  11. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Arxivi, PS-12174 saylı K. N. Lizqarın istintaq işi, v. 108.
  1. Yaqub Mahmudov. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). 2 (Lider nəşriyyatı). Bakı. 2004. səh. 472. ISBN 9952-417-44-4.
  2. Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları (PDF). Bakı: “NURLAR” Nəşriyyat-Poliqrafiya Mərkəzi. 2018. səh. 504.
  3. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). I kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 976.
  4. Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920), Parlament (Stenoqrafik hesabatlar). II kitab (PDF). Bakı: Azərbaycan nəşriyyatı. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİ YANINDA BAŞ ARXİV İDARƏSİ. 1998. səh. 992.
  5. Lətif Şüküroğlu. Cümhuriyyət hökuməti repressiya məngənəsində. 2. Bakı. 2000.