Sorbus boissieri var. adsharica

Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür.

Adi quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir.

Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur. Meyvələrində çoxlu miqdarda şəkər, üzvi turşular [alma, limon, salisil turşuları] və qatranlı maddələr vardır. Bundan başqa meyvələrinin tərkibində karotin, C, B1, B2, və s. vitaminləri vardır. Ona görə də meyvələrindən vitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. Belə ki, qurudulmuş meyvələrindən çay hazırlayıb, avitaminozlarda daha çox işlədirlər.

Qurudulmuş meyvələri "vitamin yığıntısı"nın tərkibində, yaxud ayrıca çay kimi dəmləyərək avitaminoz zamanı və qaraciyər xəstəliklərində istifadə edilir. Bundan başqa təzə dərilmiş meyvələrindən şərbət, mürəbbə hazırlayıb, qanazlığında və qaraciyər xəstəlikləri zamanı, eləcə də qənnadı sənayesində işlədirlər.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 6-8 (bəzən 15) m, gövdəsinin diametri 40 sm çatan ağac və ya hündür koldur. Gövdəsinin qabığı boz, hamar, qoca ağaclarda çatlıtəhərdir. Tumurcuqları konus formalı, tünd rəngli, ağımtıl tüklüdür. Yarpaqları təklələkli, qısa ucu biz olan 11– 19 yarpaqcıqdan ibarətdir. Orta yarpaqcıqların uzunluğu 4-8 sm, eni 0.8- 3 sm qeyri-simmetrik yumurtavari-lansetvari, qıraqları yuxarı hissədə iti mişarvaridir. Üstdən yaşıl, altdan bozumtul-mavitəhər rənglidir. Çiçək qrupu çoxçiçəkli, qalxanvaridir, tüklənmiş, sonradan çılpaqlaşan budaqcıqların ucunda yerləşir. Çiçəkləri 10–15 mm, ağ, özünəməxsus kəskin iyə malikdir. Narıncı və sarımtıl rəngli yetişmiş meyvələri 7–11 mm, kürəvari, yumurtavari və ya uzunsov yumurtavaridir, 2-4 (bəzən 8) ədəd uzunsov, ucu biz toxumu vardır. May-iyunda çiçəkləyir, avqust-sentyabrda meyvə verir.

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

6–15 m hündürlüyündə, ağac və ya kol bitkisidir. Tumurcuqları tünd, konusşəkilli, ağımtıl tüklüdür. Yarpaqları təklələkvaridir. 13-15 yarpaqcıqdan ibarətdir. Yuxarıda yerləşən yarpaqlar çılpaq, orta yarpaqlar yumurtavari-lansetşəkilli və ya uzunsov-lansetvari, yuxarı hissədən kənarları dişli, aşağı hissədən bütövkənarlı, 5-6 sm uzunluğunda, 1,5-1,8 sm enindədir. Çiçəkləri çoxçiçəkli qalxancıqda yerləşir. Ləçəkləri ağ, kəskin özünəməxsus ətirli, 10–15 mm diametrindədir. Kasacığı əyilmiş, kənarları dişli, vəzili, kirpikciklidir. Yetişmiş meyvələri şarvari, yumurtavari və ya uzunsov-yumurtavari, narıncı, bəəzn sarımtıl, 2-4 uzunsov toxumludur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi may-iyun, meyvə əmələgətirməsi avqust-sentyabr aylarına təsadüf edir. Meşə kənarlarında, fıstıq meşələrində talalarda, yuxarı dağ qurşaqlarında rast gəlinir.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Adi quşarmudu Cənubi Qafqazda, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Quşarmudunu eyni zamanda bağlarda və parklarda da becərirlər.

Adi quşarmudu qafqaz coğrafi tipinin qafqaz sinfinin qafqaz qrupuna aiddir. Qafqazda yayılmışdır. Azərbaycanda Böyük Qafqazda və Kiçik Qafqazın şimal rayonlarında yuxarı meşə zolağından yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 2300 m qədər) bitir. Böyük Qafqazın qərbi və Quba sahəsi, Kiçik Qafqazın şimal hissəsidir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiya azalır, yaşama ərazisi məhdudlaşır.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Kseromezofitdir, meşə və qayatöküntü bitkilik tiplərində rast gəlir. Meşə talaları, meşə kənarları, fıstıq meşələri və qayalarda tək-tək, ya da qrup şəklində rast gəlir.

Kimyəvi tərkib

[redaktə | mənbəni redaktə et]

Adi quşarmudu flavonoid, steroid, C, P, B2, E vitaminləri, piyli yağlar, aromatik və sianogen birləşmələr, aşı maddələri, fenolkarbon və üzvü turşular, karotinoidlər və antosianlarla zəngindir.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Elmi, eksperimental və xalq təbabətində, eləcə də baytarlıqda geniş tətbiq edilir. Hind və Azərbaycanın orta əsrlər təbabətində istifadə olunmuşdur. Əsasən mədə-bağırsaq, dizenteriya, qaraciyər, böyrək, böyrək daşı, sinqa, angina, revmatizm xəstəliklərinə qarşı, habelə avitaminoz, ishal və maddələr mübadiləsinin pozulması zamanı istifadə olunur. Antifunqal, antibakterial, protistosid, kontraseptiv, yarasağaldıcı, diuretik, işlədici, büzüşdürücü, hemostatik, iltihab proseslərinə qarşı və insektisid təsirə malikdir.

İstifadə olunan hissələri

[redaktə | mənbəni redaktə et]

Dərman məqsədilə meyvələrindən istifadə olunur. Bunu meyvələri şaxta düşəndən sonra toplanır. Tibbdə həm mədəni becərilən, həm də yabanı halda yayılan quşarmudu bitkisinin meyvələrindən çox vaxt təzə dərilən kimi, yaxud qurudandan sonra istifadə olunur.

Müalicə məqsədi ilə bitkinin tumurcuqları, çiçəkləri, meyvələri, yarpaqları və qabığı istifadə edilir.

İstifadə formaları

[redaktə | mənbəni redaktə et]

Dəmləmə və cövhər.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Meyvələri yeməlidir, qənnadı məmulatlarının və spirtli içkilərin hazırlanmasında istifadə olunur. Quru meyvələr çay və qəhvə suroqatı kimi istifadə oluna bilər. Yaxşı bal və çiçək tozu verir. Dekorativ və boyaq bitkisidir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Dərman bitkisi kimi əhali tərəfindən həddindən artıq toplanılması, kolların qırılması kimi səbəblərdir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbirləri aparılmayıb. Yasaqlıqların təşkili vacibdir.

  • Aucuparia sylvestris Medik.
  • Mespilus aucuparia (L.) Scop.
  • Pyrenia aucuparia (L.) Clairv.
  • Pyrus aucuparia (L.) Gaertn.
    • Pyrus aucuparia subsp. aucuparia aucuparia
    • Pyrus aucuparia var. typica (C.K.Schneid.) Asch. & Graebn.
  • Pyrus rossica A.D.Danilov
  • Sorbus altaica Koehne
  • Sorbus amurensis Koehne
  • Sorbus anadyrensis Kom.
    • Sorbus aucuparia subsp. aucuparia aucuparia
    • Sorbus aucuparia var. typica C.K.Schneid.
  • Sorbus boissieri C.K.Schneid.
    • Sorbus boissieri var. adsharica Sosn.
  • Sorbus camschatcensis Kom.
  • Sorbus glabrata (Wimm. & Grab.) Hedl.
  • Sorbus kamtschatcensis Kom. [Spelling variant]
  • Sorbus pohuashanensis (Hance) Hedl.
    • Sorbus pohuashanensis var. amurensis (Koehne) Y.L.Chou & S.L.Tung
  • Sorbus polaris Koehne
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 477.