Sphenodon

Hatteriya (lat. Sphenodon) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin dimdikbaşlar dəstəsinin hatteriyalar fəsiləsinə aid heyvan cinsi.

Hatteriya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Xarici görünüşcə iri kərtənkələyə oxşamasına baxmayaraq, hatteriyanın orqanlarının quruluşu özünəməxsus qədimilik və primitivliklə səciyyələnir. Baş və gövdənin üzəri qərni pulcuqların ən primitiv forması olan xırda pulcuqlarla örtülüdür. Fəqərələri balıqlarda ol¬duğu kimi amfisoldur, fəqərələrin cismi arasında xorda qalır. Steqosefalların qarın zirehinin qalığı sayılan dərialtı qarın qabırğaları var. Amfibilərdə olduğu kimi xış sümükləri üzərində də dişlər olur. Yaxşı inkişaf etmiş təpə gözü var. Təbil boşluqları və təbil pərdələri yoxdur. Kəllə qutusu diapsid quruluşdadır. Cütləşmə (kopulyasiya) orqanı yoxdur, bu əlamət reptililər içərisində yeganə haldır. Uzunluğu, adətən, 50 sm-dir, yaşlı erkəklər isə 70-75 sm-ə qədər ola bilir. Yeni Zelandiyanın şərqində və cənubunda sahilə yaxın adalarda yayılıb. Müstəmləkə rejiminin komplekslərin istismarını artırması, eləcə də itlər və donuzlar tərəfindən tələf edil¬məsi nəticəsində hazırda hatteriyanın nəsli kəsilmək üzrədir. Hatteriya az hərəkətli heyvan olub, gecə həyatı keçirir. Albatros və digər okean quşlarının yuvasında yaşayır, lakin onların yumurta və balalarına toxunmur. Qurdlar, həşərat və ilbizlərlə yemlənir. 20 yaşında cinsiyyət yetkinliyinə çatır. Payızda, adətən, 9-12, bəzən 15-17 yumurta qoyur: Yumurtalarını torpağa basdırır. Süni şərait¬də 50 ildən çox yaşadığı məlumdur [2].

  1. Integrated Taxonomic Information System (ing.). 2001.
  2. Mustafayev Q.T., Tağıyev Ə.N., Sadıqova N.A. Onurğalılar zoologiyası. Dərslik. Bakı: Bakı Universiteti Nəşriyyat, 2009, s.292-293