Srebrenitsa qətliamı

Srebrenitsa qətliamı və ya Srebrenitsa soyqırımı (serb. Масакр у Сребреници) — 1991–1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə həyata keçirilən soyqırım aktı.

Qətllər general Ratko Mladiçin tabeliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən törədilmişdir. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilmişdir. Serb ordusuyla yanaşı "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak etmişlər. BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq soyqırımın qarşısını almaq mümkün olmamışdır.

Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır. Bu soyqırım həm də II dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.

Qətliamın başlanğıcı

[redaktə | mənbəni redaktə et]

Yuqoslaviya dağıldıqdan sonra 1992-ci ildə serblərin Bosniyada hərbi əməliyyatlara başlaması BMT-ni 6 bölgəni müdafiə altına almağa məcbur etdi. Srebrenitsa da bu bölgələrdən biri idi.

Soyqırımdan əvvəl əhalisi 24 min olan şəhərə digər bölgələrdən qaçqınlar axın etdikdən sonra şəhər əhalisinin sayı 60 minə çatmışdır. Artıq Srebrenitsa aclıq və xəstəliklərlə mübarizə aparan bir qaçqın düşərgəsinə çevrilmişdi. Müsəlmanların əlindəki silahlar BMT sülhməramlıları tərəfindən yığılmışdı.

Ratko Mladiçin tabeliyində olan serb dəstələri Srebrenitsaya hücumlarını intensivləşdirdikdən sonra müsəlmanlar onlardan alınan silahların geri qaytarılması üçün BMT sülhməramlılarına müraciətlər etdilər. Amma bu müraciətlər hollandiyalı sülhməramlılar tərəfindən rədd edildi. BMT sülhməramlıları yalnız iki F 16 təyyarəsi ilə şəhər üzərində uçuşlar keçirməklə kifayətlənirdi.

Hollandiyalı sülhməramlılar bir gecənin içində BMT sülhməramlılarının Bosniyadakı rəhbəri olan fransız generalın əmri ilə şəhərdən çıxdılar. 1995-ci il iyulun 11-də Ratko Mladiç silahlıları müdafiəsiz qalmış şəhərə daxil olmaqda heç bir maneə ilə üzləşmədilər. Onlar bosniyalı müsəlmanları yollarda, dağlarda vəhşicəsinə qətlə yetirməyə başladılar. Vəhşiləşmiş serb əsgərləri gələcəkdə şəxsiyyətlərini tanımaq mümkün olmasın deyə cəsədləri parçalayaraq hər birində 64 cəsəd olmaqla kütləvi məzarlıqlarda basdırırdılar.

Sonralar yayımlanan video görüntülərin birində serb generalının Serebrenitsanı tərk edən hollandiyalı sülhməramlılarının komandirinə hədiyyə verməsi öz əksini tapmışdır. Bir həftə ərzində davam edən soyqırım II dünya müharibəsindən sonra bəşəriyyətə qarşı törədilən ən böyük cinayət sayılır.

Serb silahlı qüvvələrinin uzun müddət qətliamda günahlandırılmasına baxmayaraq, serb rəsmiləri yalnız 2004-cü ilin iyun ayında, Srebrenitsa komissiyasının ilkin protokolundan sonra təhükəsizlik qüvvələrinin kütləvi qətliamı planlaşdırdığını və həyata keçirdiyini qəbul etmişdir. Serb komissiyasının 1995-ci il Srebrenitsa qətliamı ilə bağlı yekun protokoluna əsasən kişi və oğlan uşaqlarının kütləvi qırğınının planlaşdırıldığı etiraf edilmişdir. Komissiya qurbanların 34 siyahısını tərtib etdikdən sonra 7800 nəfərin qətlə yetirildiyini aşkar etmişdir.

Hərbi xidmət yaşına çatmış bütün bosniyalı kişilərin əsir alınması üçün müştərək fəaliyyət göstərilmişdir. Əslində əsir alınanlar arasında Srebrenitsanın işğalından sonra anklavda qalan azyaşlı oğlan uşaqları və hərbi xidmət yaşını keçmiş yaşlı kişilər də olmuşdur. Bu kişi və uşaqlar Potokariyə qaçmağa çalışmalarından və ya Bosniya Müsəlman kolonuna qoşulmasından asılı olmayaraq hədəfə alınmışdır. Bosniyalı müsəlman kişiləri əsir almaq və həbs etmək üçün keçirilən əməliyyat mükəmməl təşkil olunmuşdu. Qadınları və qız uşaqlarını aparan avtobuslar yol boyunca sistemli şəkildə dayandırılmış və avtobusda kişilərin olub olmadığı yoxlanılmışdır.

Serbiyanın münasibəti

[redaktə | mənbəni redaktə et]

Serbiya parlamenti 2010-cu ildə qətnamə qəbul edərək, bosniyalı serblərin ordusunun 15 il əvvəl Srebneritsada törətdiyi qətliama görə bölgənin müsəlman xalqından üzr istəyib. Parlamentdə gərgin keçən debatlarda bəzi deputatlar qətnamədə "soyqırım" ifadəsinin işlədilməsinə tərəfdar çıxsa da, çoxluq bunun əleyhinə olub. Martın 30-dan başlanan müzakirələr martın 31-i səhər saatlarına qədər uzanıb. 173 deputatdan 127-si qətnamənin lehinə səs verib. Deputatlar sənədi müzakirə etdiyi vaxt qətnamənin əleyhinə olanlar parlament binası qarşısında toplaşıblar. Etirazçılar əllərində bosniyalı serblərin liderləri Radovan Karaciç və Ratko Mladiçin portretlərini tutublar.

Serbiyada son illərdə bu qətliamın baş verdiyini inkar edənlərin sayı çoxalır, bəziləri isə qətliamı törədənləri qəhrəman sayırlar. Bu qrup serblərlə bosniyalılar arasında davamlı sülh üçün əsas maneə sayılırlar.[1]

25 aprel 2013-cü ildə, Serbiya Prezidenti Tomislav Nikolits qətliam üçün üzr istədi: "Mən diz çökür və Serbiyanın Srebrenitsada baş verən qırğın üçün bağışlanmasını xahiş edirəm. Mən bəzi şəxslər tərəfindən bizim dövlətimiz və xalqımızın adından edilən bu cinayətlər üçün üzr istəyirəm"

2003-cü il. Srebrenitsa Soyqırımı Abidəsi

[redaktə | mənbəni redaktə et]

30 sentyabr 2003-cü ildə keçmiş ABŞ prezidenti Bill Klinton soyqırım qurbanlarının xatirəsinə Srebrenitsa Soyqırımı Abidəsinin rəsmi açılışını etmişdir. Layihənin ümumi qiyməti təxminən milyon dollar olmuşdur və bu məbləğ ABŞ hökuməti tərəfindən ödənilmişdir.

Biz əksəriyyətini uşaqların təşkil etdiyi insanların soyqırım axmaqlığı ilə söndürülən günahsız həyatlarının xatirəsini hörmətlə yad edirik. Bill Klinton

2005-ci il. Cinayətkarların müəyyən olunması

[redaktə | mənbəni redaktə et]

4 oktyabr 2005-ci ildə, Bosniya Serb Hökumətinin Xüsusi İşçi Qrupu 25 083 nəfərin qətliamda iştirak etdiyini açıqladı. Bunlardan 19 473 nəfəri müxtəlif Bosniya Serb silahlı qüvvələrinin aktiv əmrlər verən və qətliamda şəxsən iştirak edən üzvləri olmuşlar. 17 074 nəfərin adları müəyyən edilmişdir. Həmçinin məlumat verilmişdir ki, bu şübhəli şəxslərdən 892 nəfəri Serbiya Respublikasında hələ də vəzifəli şəxslər və ya dövlət qulluqçularıdır. Adlar hələ də gizli saxlanılır.

2006-cı il. Yeni kütləvi məzarlıqların aşkar edilməsi

[redaktə | mənbəni redaktə et]

2006-cı ilə qədər Srebrenitsa ətrafında 42 kütləvi məzarlıq aşkar edilmişdi və mütəxəssislər daha 22 məzarlığın da olmasına inanırlar. 2070 qurbanın kimliyi müəyyən edilmişdir. 7000 torbada saxlanılan cəsəd hissələri isə hələ də müəyyən edilməmiş qalır. 11 avqust 2006-cı ildə Kamenikada yerləşən kütləvi Srebrenitsa qətliamı məzarlığından daha 1000 cəsədin qalıqları üzə çıxarılmışdır.

2009-cu il. AB Parlamentinin Qətnaməsi

[redaktə | mənbəni redaktə et]

15 yanvar 2009-cu ildə Avropa Birliyinin Parlamenti böyük səs çoxluğu ilə (556 leyhinə, 9 əleyhinə və 22 tərəfsiz) 11 iyulun Avropa Birliyində Srebrenitsa soyqırımı günü kimi yad edilməsi ilə bağlı qətnamə qəbul etdi. Bosniyalı serb siyasətçiləri belə bir qərarın Bosniya Serb Respublikası tərəfindən qəbuledilməz olduğunu əsas gətirərək qətnaməyə etiraz etdi.

  1. "Soyqırım inkarçılarına qarşı tədbir görülməlidir". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.