Stanley Milgram

Stenli Milqrem (15 avqust, 1933, Nyu-York – 20 dekabr, 1984, Nyu-York) Amerika sosial psixoloqu idi. O apardığı bir çox geniş təsirə malik olmuş təcrübələri ilə – Avtoritetə tabe olma (Milgram eksperimenti), Kiçik dünya fenomeni, şəhərlərin psixoloji xəritələri, metro eksperimenti – ilə tanınır.

Stenli Milqrem
ing. Stanley Milgram
Doğum tarixi
Doğum yeri Nyu-York, ABŞ
Vəfat tarixi Nyu-York, ABŞ
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Uşağı 4
Təhsili
Fəaliyyəti universitet müəllimi[d], sosioloq, psixoloq
Elmi dərəcəsi
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

S.Milgram əslən Şərqi Avropadan olan yəhudi ailəsində dünyaya gəlmişdi. O hələ kiçik yaşlarından yüksək intellekt və müxtəlif sahələrə maraq nümayiş etdirirdi.[1][2]

Məktəbi bitirdikdən sonra o, Queens Kollecdə, siyasi elmlər (politologiya) sahəsində təhsilini davam etdirmişdir.

Kolleci bitirdikdən (1954) sonra o, universitetlərdən birində, Xarici İşlər Məktəbinə daxil olmağa hazırlaşırdı. Lakin Kollecin dekanı ona Harvard Universitetinin Sosial münasibətlər fakültəsinə daxil olmağı məsləhət gördü. Milgram fakültənin proqramı ilə tanış oldu və sosial psixologiya, sosiologiya, antropologiya fənnləri onda maraq oyatdı. O, sənədlərini həmin fakültənin doktoranturasına verdi və qəbul olunmadı. Çünki, o, psixologiya kursları keçməmişdi. Milgram bununla barışmadı. Fakültə rəhbərliyi ilə aparılan danışıqlardan sonra, ona, yay ərzində lazım olan kursları bitirəcəyi təqdirdə fakültəyə daxil olma icazəsi verildi. Milgram yay müddətində bir neçə universitetdə psixologiya kursları keçdi və payızda arzu etdiyi fakultənin doktoranturasına qəbul olundu.

Onun Harvarddakı müəllimlərinin içində S. AschG. Allport da var idi. Milgram S. Aschın konformluq tədqiqatlarında onun köməkçisi olmuşdur.[2] Milgramın doktorluq dissertasiyası (1960) kros-kultural tədqiqat əsasında yazılmışdı. Bu tədqiqat S. Aschın konformluq eksperimentinin modifikasıyası idi və Norveçlilərin və Fransızların konformluq səviyyələrini öyrənirdi. Təcrübə OslodaParisdə aparıldı. Milgramın konformluq eksperimentində Norveçlilər Fransızlara nisbətən daha yüksək konformluq nümayiş etdirdilər.[3]

1960-cı ildə S. Milgram Yel Universitetinə professor köməkçisi (dosent) vəzifəsinə qəbul edildi. Burada o özünün məşhur Avtoritetə tabe olma eksperimentinin (Milgram eksperimenti) pilot sınaqlarına başladı və grant almaq üçün bir neçə elmi təşkilata müraciət etdi. 1961-ci ildə National Science Foundation təşkilatı bu tədqiqat üçün grant ayırdı və Milgram təcrübəni rəsmi olaraq başladı.

Avtoritetə tabe olma təcrübəsi

[redaktə | mənbəni redaktə et]

Avtoritetə tabe olma təcrübəsi (Milgram eksperimenti) sosial psixologiyanın ən əhəmiyyətli və eyni zamanda da ən ziddiyyətli təcrübələrindən biri sayılır. Bu təcrübə psixologiyaya dəqiq faktlar verdi və həm də etik normalardan kənara çıxmaqda ittiham edilərək cəmiyyətdə böyük səs küyə səbəb oldu. Təcrübə göstərdi ki, insanlar avtoritetin (yüksək statuslu şəxs və ya qrup rəhbəri) əmri ilə onlar üçün heç bir təhlükə yaratmayan şəxsə asanlıqla zərər vura bilərlər.

Təcrübədə iştirakçı şüşə arakəsmənin arxasında elektrik stulunda oturmuş şəxsə yüngül linqvistik çalışmalar verməli idi. İştirakçı həmin şəxsdən düzgün cavab aldıqda novbəti tapşırığa keçməli, düzgün cavab almadıqda ona elektrik cərəyanı göndərməli idi. Elektrik cərəyanının gərginliyi 15 v-dan başlayır, hər növbəti səhvlə 15 v artırdı və maksimum 450 v ola bilərdi.. Əslində elektrik stulunda oturmuş şəxs aktyor idi və heç bir elektrik cərəyanı almırdı, lakin iştirakçı bunu bilmirdi. İştirakçı hər dəfə elektrik cərəyanı göndərməli olanda qarşısındakı şəxsin dartılmasını görür və şikayətlənməsini eşidirdi. Bu zaman o yanındakı avtoritetə (eksperimentator köməkçisinə) dönür və ondan məsləhət istəyirdi. Eksperimentator köməkçisi ona davam etmək əmri verirdi. Təcrübənin əsas nəticəsi də bundan sonra məlum olurdu. Bəzi iştirakçılar onlara verilmiş zərər vurma əmrinə tabe olmur və təcrübəni tərk edirdilər, digərləri isə eksperimentator köməkçisinin əmrinə tabe olur və qarşıdakı şəxsə göndərdikləri cərəyanın gərginliyini artırırdılar.

Təcrübə zamanı iştirakçıların həyəcan keçirdikləri, moral dilemma qarşısında qaldıqları və onu həll etmək üçün cəhd göstərdikləri aydın görünürdü. Təcrübənin nəticəsində iştirakçıların 65%-i destruktiv əmrə tabe olaraq qarşıdakı şəxsə maksimum, 450 v cərəyan göndərdi.

Təcrübə əsasən iki növ etiraza səbəb oldu. Təcrübənin validliyi şübhə altına qoyuldu və iddia edildi ki, iştirakçılar cərəyan göndərdikləri şəxsin rol oynadığını duymuş ola bilərlər.[4] İştirakçıların təcrübə zamanı keçirdikləri həyəcan və onlarla aparılmış posteksperiment (eksperiment sonrası) intervyu bu iddianın əsassız olduğunu sübut edirdi. Elmi dairələrdə və ümumiyyətlə cəmiyyətdə ən çox etiraz yaradan məsələ isə təcrübənin etik problem həlli ilə bağlı idi. İddia edilirdi ki, S. Milgram iştirakçıları yol verilməz dərəcədə böyük təzyiq altında saxlayıb. Psixologiya cəmiyyətində təcrübə yüksək təriflərlərlə və kəskin tənqidlərlə qarşılandı. Milgram iştirakçıların təcrübə zamanı stressə məruz qaldıqları faktı ilə razılaşır və bunun real həyatda tez tez rast gəlinən uyğun hallardakından daha az olduğunu söyləyirdi. Lakin Milgramın bu tənqidə qarşı əsas dəlili ondan ibarət idi ki, hər bir iştirakçı ilə təcrübədən sonra söhbət aparılmış, onlara əsil vəziyyət haqqında məlumat verilmişdi. İştirakçı yüksək tabe olma nümayiş etdirdiyi halda isə onun özünü qiymətləndirməsinin zərər görməməsi üçün onun iştirakının elm və cəmiyyət üçün vacibliyi onun diqqətinə çatdırılmışdı.[5] Əslində Milgram öz təcrübəsinin etik problemlərini və bu problemləri necə həll edəcəyini hələ grant üçün yazdığı müraciətində qeyd etmişdi.[2]

Milgram təcrübəsi müxtəlif dövrlərdə, müxtəlif ölkələrdə, fərqli tədqiqatçılar tərəfindən dəfələrlə replika edilmiş (dəqiq təkrarlanma), alınmış nəticələr orijinala çox yaxın alınmışdır. Bu təcrübənin insan təbiətinin, xüsusən də tabe olma prosesinin öyrənilməsində xüsusi rolu yekdilliklə qəbul edilir.[2]

Sonrakı karyerası

[redaktə | mənbəni redaktə et]

S. Milgram 1963-cü ildə Harvard Universitetinin Sosial münasibətlər fakültəsinə professor köməkçisi vəzifəsinə qəbul edildi. Burada uzun müddət çalışmasına baxmayaraq apardığı təcrübənin etik mübahisələrə səbəb olması üzündən ona tam professorluq vəzifəsi verilmədi. Lakin belə təklif City University of New York tərəfindən gəldi və Milgram bu universitetdə həm tam professor kimi, həm də sosial psixologiya proqramının rəhbəri kimi işə başladı. Bu universitetdə çalışarkən, 1974-cü ildə, o, avtoritetə tabe olma təcrübəsini ətraflı təsvir etdiyi Obedience to Authority kitabını yazdı və bu təcrübəyə aid filmlər çəkdirdi.

S. Milgramın əsas maraq sahəsi tabe olma olsa da o bir çox fərqli problemləri də tədqiq etdi və psixoloqları həmin problemlərlə maraqlandırmağı bacardı. Onun müxtəlif psixoloji məsələləri əyani və orijinal şəkildə təcrübəyə qoymağa xüsusi istedadı var idi. Bu eksperimentləri o adətən öz tələbələri ilə birgə aparır, bununla onlara da iş təcrübəsi qazandırırdı.

City Universitet 1980-ci ildə S. Milgrama Əməkdar Psixologiya Professoru adı verdi.[2]

S. Milgram 1961-ci ildə sosial yardım sahəsində çalışan Aleksandra Menkin ilə ailə qurmuşdur. Onların iki uşaqları olmuşdur. Stanley və Aleksandra Milgramlar xoşbəxt ailə həyatı yaşamışlar. S. Milgram uşaqlarına çox bağlı ata olmuşdur, işi ilə məşğulluğuna baxmayaraq onlarla vaxt keçirməyə, səyahət etməyə imkan tapmışdır.[1][2]

Stanley Milgram, indi psixologiyanın inkişaf etdiyi bütün ölkələrdə tanınır, onun elmi nəticələri qəbul edilir və təcrübələri təkrarlanır. Psixologiya elminə xidmətlərinə və cəmiyyətin diqqətini çox vacib məsələlərə yönəltdiyinə görə onun adı böyük hörmətlə çəkilir.

Ən çox tanınmış əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Milgram, S. (1961), Nationality and conformity, Scientific American, 205, 45-51.
  • Milgram, Stanley. (1967). The Small World Problem. Psychology Today, 1(1), May. pp 60 – 67
  • Milgram, S. (1969). Experience in Living in Cities. Science, 167: 1461-8, Mr 13, ‘70.
  • Milgram, S. (1974). Obedience to Authority, Harper and Row.
  1. 1 2 Alexandra Milgram. My Personal View of Stanley Milgram. In T. Blass. (2000). Obedience to Authority: Current Perspectives on the Milgram Paradigm. p. 3
  2. 1 2 3 4 5 6 Psyography: Stanley Milgram http://faculty.frostburg.edu/mbradley/psyography/stanleymilgram.html Arxivləşdirilib 2017-12-02 at the Wayback Machine
  3. Милграм. С. (2000). Эксперимент в социальной психологии. Питер. c. 199
  4. Milgram, S. (1974). Obedience to Authority, Harper and Row. p. 169
  5. Milgram, S. (1974). Obedience to Authority, Harper and Row. p. 194