Su (tayfa)

Bu məqalə Su tayfası haqqındadır. Digər mənalar üçün Su (dəqiqləşdirmə) səhifəsinə baxın.

Su tayfası — e.ə. III minilliyin əvvəllərində Urmiya gölünün cənub-qərb bölgələrində, Zaqroş dağlarında mövcud olmuş etno-siyasi birliklərdən biri.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Onların Subi vilayəti vaxtilə Lullu ölkəsi adlanan Xamuada yerləşirdi. Mənbələrdən məlum olur ki, Su ölkəsi e.ə. XXI əsrin II yarısında Mesopotamiyaya tabe idi. Lakin e.ə. 2003-cü ildə su tayfaları elamlılarla birləşərək şumer-akkad çarlığını darmadağın etmişdilər. Mənbələrdən məlum olur ki, əslində Zaqroş dağları ətrafında şərq və cənub şərq bölgələrində yaşayan bütün tayfalar-lullular, kutilər və s. artıq e.ə. I minillikdə su tayfaları adı altında ümumiləşdirilirdi. Bəzi mənbələrdə Aratta ölkəsinin adı da "Su ölkəsi" kimi qeyd olunmuşdur. Su və ya Subi əhalisini urartulular isə bir müddətdən sonra artıq mannalı adlandırırdılar. [1]

Adın mənşəyi

[redaktə | mənbəni redaktə et]

Bu etnonimin ilkin forması suv // sub olmuşdur. Bir sıra tədqiqatçılar su etnonimini İkiçayarasının şimalında geniş bir ərazidə yaşayan Subir // Subar və Urmiya gölü hövzəsində yerləşmiş suvbi // sumbi tayfa adlarının qısaldılmış (şəkilçisiz) forması hesab etmişdilər. Qədim qaynaqlarda sular tayfası ilə bağlı bir sıra ifadələr işlədilmişdir. Məsələn, "Su ölkəsinə mənsub lulu", "Şubar (Subar) ölkəsinə mənsub lulu". Bəzi hallarda Aratta ölkəsinin adı "Su ölkəsi" mixi işarələri ilə göstərilmişdir. Bu Aratta, Lullubum və Su ölkəsinin Urmiya gölü hövzəsindəki geni şbir ərazinin müxtəlif adları olmasını deməyə əsas verir. Sular da turukki və lullu tayfa birləşməsinə daxi idi.[2]

Mixi yazılarda Urmiya gölünün cənubunda "Su adamların ölkəsi" barədə də danışılır. Su tayfaları e.ə. əvvəl XXI əsrin ikinci yarısında Mesopotomiyada hakimiyyətdə olmuş III Ur sülaləsindən asılı idi. Bunu mixi yazılarda Laqaş canişini Urdunnanın Su xalqının ensisi olaraq təqdim edilməsi faktı da təsdiq edir. Su tayfaları e.ə. 2003-cü ildə Elamlılarla birlikdə III-Ur sülaləsinə qarşı hərbi hücumunda və bunun nəticəsində həmin sülalənin süqutunda da iştirak etmişdilər.

Hətta Assuriya carı II Sarqonun da yazılarında onlar barədə müəyyən məlumatlar verilirː

" ... Urartu insanlari Subi ölkəsinin əhalisini Mannalı adlandırırlar. "

Bu isə öz növbəsində eradan əvvəl 9 əsrdə yaranmış Manna dövlətinin bu və ya digər mənada Su tayfaları ilə müəyyən etnik bağlılıqları olduğunu göstərməkdədir.[1]

  1. 1 2 Paşayeva, Məhəbbət. Azərbaycanın qədim dövlətləri. (e.ə. III minillik - III əsrin əvvəlləri) (az.) Bakı: İqtisad Universiteti nəşriyyatı. 2018. 44-45
  2. Yusifov, Yusif. Azərbaycan quldarlıq quruluşu dövründə (II fəsil) // Azərbaycan tarixi. I cild (az.). Bakı: Çıraq. 2007. 84–85. ISBN 5-552-01386-7.