Sultan Sultanov (kimyaçı)

Sultan Əsgər oğlu Sultanov (15 avqust 192717 iyul 2013) — Azərbaycan alimi, texnika üzrə elmlər doktoru, professor, 1983-2009-cu illər ərzində “Reaktiv və dizel yanacaqları laboratoriyasına rəhbərlik etmişdir. [1][2]

Sultan Sultanov
Sultan Əsgər oğlu Sultanov
Doğum tarixi
Doğum yeri Naxçıvan MR, Ordubad
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı Professor
İş yeri Neft-Kimya Prosesləri İnstitutu
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları Fəxri fərman, Əmək veteranı

Həyatı[redaktə | mənbəni redaktə et]

Sultan Sultanov 1927-ci il avqust ayının 15-də Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri Ordubad şəhərində keçmişdir. Uşaqlıqdan tibb elminə böyük həvəsi oldugu üçün o orta məktəbi bitirdikdən sonra tibb texnikumuna daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1947-ci ildə Bakıya gəldikdən sonra o, həkim və ya kimyaçı olmaq dileması qarşısında qalır. Çox düşündükdən sonra sənədlərini Bakı Dövlət Universitetinin kimya fakültəsinə verir və oranı 1952-ci ildə əlaçı diplomu ilə bitirir. 1950-1951-ci illərdə Universitetdə təhsil aldığı müddətdə fiziki-kimya fakültəsində baş laborant vəzifəsində çalışır.

1952-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının nəzdində olan Neft İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayır. İnstitutda işləyə-işləyə 1954-1958-ci illərdə Azərbaycan Elmi-tədqiqat Neft Emalı İnstitutunun aspiranturasına daxil olur.

1959-1982-ci illərdə S.Ə.Sultanov akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. [3]

O, ilk dəfə alkilləşmə sahəsində yeni reaksiya – alümosilikat katalizatorunun iştirakı ilə alkil qrupunun aromatik həlqədən naften həlqəsinə keçməsini müəyyən etmişdir.

1959-cu ildə o, “Qaynar katalizator layında benzolun olefinlərlə alkilləşməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. Həmin ildə ona SSRİ AAK-ın qərarı ilə kimya elmləri namizədi elmi dərəcəsi verilmişdir.

Hava reaktiv mühərrikli aviasiyanın ilk illərində Azərbaycan alimləri tərəfindən keçmiş SSRİ-də yüksək istismar xassələrinə malik olan T-1 markalı reaktiv yanacağı yaradılmışdır. Bu sahədəki nailiyyətlər S.Ə.Sultanovu da yeni termiki sabit dünya standartlarına cavab verən reaktiv yanacaqlarının respublikamızda alınması istiqamətində elmi-tədqiqat işlərini aparmağa sövq edir.

1979-cu ildə S.Ə.Sultanov “Neft və sintetik raket və reaktiv yanacaqlarının alınması sahəsində Azərbaycan neftinin tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1982-ci ildə ona SSRİ AAK-nın qərarı ilə texnika elmləri doktoru alimlik dərəcəsi verilmişdir.

S.Ə.Sultanov 1983-2009-cu illər ərzində “Reaktiv və dizel yanacaqları laboratoriyasına rəhbərlik etmişdir. 1991-ci ildə SSRİ AAK-nın qərarı ilə “Yanacağın və qazın kimyası və texnologiyası” ixtisası üzrə ona professor elmi adı verilmişdir.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Perspektiv reaktiv yanacaqlara olan tələbatlar istiqamətində tədqiqatları davam etdirən S.Ə.Sultanov, Azərbaycan neftlərinin orta fraksiyalarının fiziki-kimyəvi xassələrini və karbohidrogen tərkibini tədqiq edərək, azparafinli neftlərdən ayrılan fraksiyalar əsasında səs sürətindən iti sürətli təyyarələr üçün T-6 markalı yüksək termiki sabit yanacağın alınma texnologiyasını yaratmışdır. Bu yanacaq Başqırdıstanın Salavat Neft Kimya Kombinatında istehsal olunub, sənaye təcrübi nümunəsi ixtisaslaşdırılmış üsullarla sınaqdan müvəffəqiyyətlə keçmiş və aviasiyada istifadəsinə vəsadət verilmişdir.

Sonralar “Neft Daşları” neftindən T-8B markalı termiki sabit aviasiya yanacağının alınma texnologiyası işlənib hazırlanmışdır. Bu yanacaq Rusiyanın Novokuybışev şəhərindəki Neft-kimya kombinatında istehsal olunub, ixtisaslaşdırılmış üsullarla sınaqdan keçirilmişdir. Professor S.Ə.Sultanov əməkdaşları ilə birlikdə Azərbaycan neftləri ilə digər regionların kükürdlü neftlərinin qarışığından istifadə etməklə, reaktiv yanacaqlarının termiki sabitliyini artırmaq istiqamətində bir sıra tədqiqatlar apararaq, yüksək termoksidləşməyə malik RT və RQ-1 markalı yanacaqların alınma texnologiyasını işləyib hazırlamışdır.

Professor S.Ə.Sultanovun rəhbərliyi ilə reaktiv yanacaqlarının xammal ehtiyatlarının parafinli neftlər əsasında genişləndirilməsi istiqamətində elmi təqqiqat işləri aparılmış və bu neftlərdən alınan yanacaqların mənfi temperatur xassələrini yaxşılaşdırmaq üçün yüksək silisiumlu seolit katalizatorlarla selektiv hidrokrekinq prosesi ilə alınma texnologiyası işləyib hazırlamışdır. Professor S.Ə.Sultanovun rəhbərliyi ilə Azərbaycanın parafinli neftlərinin qarışığından alınan fraksiyalar və ikinci emal məhsulları əsasında ilk dəfə olaraq PT, JET A-1, JP-5, T-6, T-8B və PT-1 markalı reaktiv yanacaqlarının alınma texnologiyası işlənib hazırlanmışdır.

Yeni yanacaq növlərinin yaradılması sahəsində tədqiqatları davam etdirən S.Ə.Sultanov öz əməkdaşları ilə birlikdə tsiklopentadien və metiltsiklopentadien əsasında yüksək enerji tutumlu karkas və spiran karbohidrogenlərini sintez etməyə nail olmuşdur. Penta- və dekaboranlar, eləcədə tsiklik boranların alkil törəmələri əsasında yüksək enerji tutumlu yanacaqların alınma texnologiyasını yaratmışdır.

Tsiklopentadienin stirol ilə sooliqomerləşmə məhsullarından raket yanacaqlarına əlavə komponent kimi istifadə olunmuşdur.

Professor S.Ə.Sultanovun rəhbərliyi ilə reaktiv və raket yanacaqlarının komponentlərinin alınması üzrə çox saylı elmi tədqiqat işləri aparmış və kondensasiya olunmuş politsiklik karbohidrogenlərin maksimal sıxlığa, yüksək yanma istiliyinə malik olduğu göstərilmişdir. Eksperimental tədqiqatların nəticələrinə, alınmış yanacaq kompozisiyalarının əsas göstəricilərinə görə “desilen” tipli yüksək sıxlıqlı yanacaqlara qoyulan tələblərdən də daha üstün olduğu göstərilmişdir.

Təyyarələrin hidravlik sistemlərində istifadə olunan AMQ-10 markalı hidravlik yağın baza məhsulunun təkmilləşdirilmiş texnologiya əsasında alınması və bu məqsədlə perspektiv xammal ehtiyatlarının artırılması sahəsində də S.Ə.Sultanov geniş tədqiqat işləri aparmışdır. O, əməkdaşları ilə birlikdə AMQ-10 hidravlik mayesinin baza məhsulunun parafinli neftlərindən alınmasının ekoloji cəhətdən zərərsiz texnoloji prosesini işləyib hazırlamış və proses Respublika Patenti ilə təsdiq olunmuşdur.

Sultan müəllimin rəhbərliyi ilə “Azdövrlü və ortadövrlü dizel mühərrikləri ücün DT markalı dizel yanacağının alınma texnologiyası” “Azərneftyağ” NEZ-də tətbiq olunmuş və bugünə kimi bu yanacaq həmin texnologiya ilə alınır.

Elmi Tədqiqatları[redaktə | mənbəni redaktə et]

Professor S.Ə.Sultanov yanacaqlar sahəsində ixtisaslı kadrların hazırlanmasına böyük diqqət yetirirdi. Onun bilavasitə rəhbərliyi altında 1 elmlər doktoru və 8 elmlər namizədi yetişmişdir.

Professor S.Ə.Sultanovun apardığı elmi tədqiqatların nəticələri 230-dan artıq elmi məqalədə və 20-də çox müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Elmin inkişafındakı roluna və yüksək ixtisaslı kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə 2000-ci ildə o, AMEA-nın “Fəxri fərmanı”, “Əmək veteranı” medalı, “Böyük Vətən mühari-bəsinin 30 illik Qələbə Medalı” ilə təltif olunmuş, 2005-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-04.
  2. "Arxivlənmiş surət". 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-04.
  3. http://www.nkpi.az/?page=read&id=687[ölü keçid]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. “Müəllim” nəşriyyatı. Bakı 2019. s.129-132.
  2. M.İ.Rütəmov, A.H.Həsənov, S.Ə.Sultanov. Raket və reaktiv yanacaqları. Bakı. "Elm". 2005