Suriya-Türkiyə sərhəd divarı — Türkiyənin qanunsuz keçidlərin qarşısını almaq üçün Türkiyə-Suriya sərhədində qurduğu 837 kilometrlik divardır. Layihənin məqsədi sərhədləri qanuni olaraq keçməmiş və qeydiyyatdan keçməyən, müvəqqəti şəxsiyyət sənədləri olmayan suriyalı sığınacaq axtaranlara, qaçaqçılara və "terror təşkilatı" üzvlərinə qarşı qorumaqdır[1]. Divar dünyanın ən böyük 3-cü divarı olma xüsusiyyətinə malikdir[2][3].
Suriya-Türkiyə sərhədi Ankara anlaşması ilə formalaşmış 911 kilometrə bərabər olan Türkiyənin ən uzun hissəsidir və Hatay dövlətinin Türkiyə Respublikasına qoşulması ilə günümüzə qədər gəlib çatıb.
Ankara sərhəd təhlükəsizliyini artırmaq üçün 2015-ci ildə inşaat layihəsinə başlamışdır. 2016-cı ilin yanvar ayında Hatayın Yayladağ ilçəsindəki Suriya sərhədində beton divarın inşasına başlanıldı. Layihənin maliyyələşdirilməsi müvafiq valiliklər və TOKİ tərəfindən təmin edilmişdir. Divarların hər biri 7 ton ağırlığında, 2 metr enində və 4 metr hündürlüyündədir. 3 metr beton və 1 metr tel hörgüsündən ibarətdir. Divar gözətçi qülləsi, patrul yolu, gücləndirilmiş qəfəs teli, işıqlandırma sistemləri, aktiv sərhəd qoşunları, hava, PUA və hava zirehli nəqliyyat vasitələri, akustik sensorlar, uzaqdan idarə olunan silah sistemləri, lazer silahları, avtomatik aşkarlama proqramları və s. bir çox texnoloji komponentə malikdir. Bundan əlavə, kəşfiyyat və müşahidə sistemlərini birləşdirmək üçün insansız və insanlı qüllələr və bu insanlı qüllələrdə bütün insan ehtiyaclarını ödəmək üçün canlı vahidlər mövcuddur. 9 iyun 2018-ci il tarixində 564 km-lik divarın tikintisi başa çatmışdır. 2021-ci ilə qədər bütün 837 km divar tamamlanmışdır.
2017-ci ildə Suriya hökuməti sərhəd divarından bəhs edərək Türkiyəni ayrılıq divarı tikməkdə günahlandırır[4]. Suriya Xarici İşlər Nazirliyinin səlahiyyətliləri türk qüvvələrinin və sərhəd nəzarətçilərinin, yük maşınlarını Suriya bölgələrinə, xüsusən də Əl-Həsəkə vilayətinin şimal çöllərinə gətirdiyini, torpaq divarını qurmaq üçün beton dirəkləri quraşdırarkən torpaq yol çəkdiyini və xəndək qazdığını iddia edir. Türk qüvvələrinin Hələb əyalətinin şimal çölündə 250 metr dərinlikdə Suriya ərazisinə girdiyi bildirir. Suriya hökuməti türk qüvvələrininə bu hərəkəti şimal-qərbdəki İdlib əyalətində də təkrarlayaraq divar inşa etmək məqsədilə altı hektar ərazini ələ keçirdiyini bəyan edir. Suriya rejimi səlahiyyətliləri, Suriya hökumətinin razılığı olmadan birtərəfli beynəlxalq hərəkətlərin Suriyanın suverenliyini pozduğu kimi qəbul ediləcəyini bildirir.