Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Surxay Allahverdiyev (Allahverdiyev Surxay Rəhim oğlu; 21 may 1941, İrəvan) — Rusiya alimi. Biologiya elmləri doktoru. M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin[ru] biologiya və ekologiya kafedrasının professoru.
Surxay Allahverdiyev | |
---|---|
Allahverdiyev Surxay Rəhim oğlu | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri |
|
Təhsili |
|
Allahverdiyev Surxay Rəhim oğlu 1941-ci il mayın 21-də İrəvanda anadan olub. 1958-ci ildə Bakı şəhərində 26 saylı orta məktəbi bitirib. 1959-cu ildə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının[ru] meyvə-tərəvəzçilik fakültəsinə daxil olub və 1964-cü ildə ali təhsilini bitirib. 1964-1965-ci illərdə Xabarovskda sovet ordusu sıralarında xidmət edib. Bir il sonra SSRİ Elmlər Akademiyasının A.N.Bax adına Biokimya İnstitutunun[ru] aspirantı olub və 1972-ci ildə “bitkilərin biokimyası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib.[1]
1969-cu ildə S.Allahverdiyev Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun bitkilərin fiziologiyası şöbəsində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. 1977-1988-ci illərdə S.Allahverdiyev Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun bitkilərin fiziologiyası şöbəsinin baş elmi işçisi vəzifəsində çalışıb. 1988-ci ildə S.Allahverdiyev Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun bitkilərin davamlılığı laboratoriyasının rəhbəri vəzifəsini icra edib, 1989-cu ildə isə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun bitkilərin fiziologiyası şöbəsinin və bitkilərin davamlılığı laboratoriyasının müdiri təyin olunub. 1992-ci ildə S.Allahverdiyev Sankt-Peterburqdakı N.İ.Vavilov adına Ümumittifaq Bitkiçilik İnstitutunda “bitkilərin fiziologiyası” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib. 1993-1994-cü illərdə Yakın Doğu Texniki Universitetində (Ankara, Türkiyə) dəvətli, 1995-2008-ci illərdə Zonquldak Karaelmas Universitetində (Bartın, Türkiyə) müqavilə əsasında professor vəzifəsində çalışıb.
1998-ci ildə S.Allahverdiyev BMT yanında Beynəlxalq İnformatizasiya Akademiyasının, 2003-cü ildə isə Rusiya Qeyri-ənənəvi və Nadir Bitkilər İctimai Akademiyasının akademiki seçilib.
2007-2012-ci illərdə S.Allahverdiyev Moskva Dövlət Vilayət Universitetinin kənd təsərrüfatının əsasları ilə botanika kafedrasının professor vəzifəsini tutub. 2011-ci ilin sentyabrından bu günə qədər M.A.Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin biologiya və ekologiya kafedrasının professorudur.
S.Allahverdiyev “Bitkilərin stresslərə davamlılığının fizioloji və biokimyəvi aspektləri və onların becərilməsində ekoloji cəhətdən təmiz texnologiyalar” elmi məktəbinin yaradıcısıdır.
2008-ci ildə Səudiyyə Kralı adına Universitet (Ər-Riyad, Səudiyyə Ərəbistanı) S.Allahverdiyevin Kral Feysəl mükafatına namizədliyini irəli sürüb. 2011-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyası ona “Elmi məktəbin banisi” fəxri adı verib. Rusiya Təbiətşünaslıq Akademiyasının 2012-ci il 23 may tarixli qərarı ilə S.Allahverdiyev akademik fəxri adına layiq görülüb. Elə həmin il o, ixtiralara verdiyi töhfələrə görə Alfred Nobel medalı ilə təltif edilib.
S.Allahverdiyev Azərbaycan Bitki Fizioloqları Cəmiyyətinin (1969), Rusiya Bitki Fizioloqları Cəmiyyətinin (1993), Türkiyə Biokimyaçılar Cəmiyyətinin (1997), Avropa Bitki Fizioloqları Cəmiyyətinin (1998) üzvüdür. O, “Teoretiçeskiye i prikladnıye problemı aqropromışlennoqo kompleksa”, “Vestnik Moskovskoqo qosudarstvennoqo ovlastnoqo universiteta” və s. jurnallarının şura üzvüdür.
S.Allahverdiyev Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Latviya, İran, Yunanıstan, Türkiyə, Pakistan, İsveç, Çexiya, ABŞ, Səudiyyə Ərəbistanı, İtaliya, Fransa və Bolqarıstanda keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda iştirak edib. O, Rusiya, Avropa və Türkiyə jurnallarında 187 elmi əsər dərc edib.
Alimin rəhbərliyi altında 8 namizədlik (onlardan 3-ü SSRİ-də, 5-i Türkiyədə) və 2 doktorluq (Ph.D) (Türkiyə) dissertasiyası müdafiə olunub.
S.Allahverdiyev tərəfindən bir sıra elmi-tədqiqat işləri yerinə yetirilib: hormonal aktivliyə malik bioloji aktiv polimer-polistimulinlərin testinə dair Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun və D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunun təsərrüfat müqaviləli işləri (1984-1988); ətraf mühitin quraqlıq və duzluluğu şəraitində bitki davamlılığı mexanizmlərini müəyyən etməyə dair Bolqarıstan EA-nın Popov adına Bitki Fiziologiyası İnstitutu ilə birgə layihə (1989-1991); Türkiyə Elmlər Akademiyası və Zonquldak Karaelmas Universitetinin xətti ilə 10 layihə (1995-2006); şabalıd xərçənginin tədqiqinə dair Moskva Dövlət Vilayət Universiteti ilə birgə layihə (2005-2008); Türkiyə Hökuməti xətti ilə Türkmənistanda həyata keçirilən ağac növlərinin fotosintezinin müəyyən edilməsi üçün lazer texnologiyasının tətbiqinə və Türkiyənin şimal-qərb zonasındakı meşələrində karbon dioksid balansının müəyyən edilməsinə dair Türkiyə Elmlər Akademiyasının Tədqiqat Mərkəzi ilə birgə layihə (2010-2013); Saransk Dövlət Universitetinin biologiya fakültəsi ilə “Bitki xammalının kompleks istifadəsinə və ekoloji cəhətdən təhlükəsiz materialların əldə edilməsi üçün onun tullantılarının emalına dair problem oriyentasiyalı tədqiqatların keçirilməsi” layihəsi (2011-2013).
S.Allahverdiyevin öz kəşflərinə patentləri və müəlliflik şəhadətnaməsi vardır:
“Vodorastvorimıye ammoniynıye soli akrilovıx kislot i alkil efirı aril-aroksialkankarbonovıx kislot v roli requlyatorov rosta i razvitiya rasteniy” (Moskva, 1992), “Water soluble polymeric systems of phytohormones with slow release: synthesis and application” Avropa patenti (1993); “Cryphonectria parasitica, şabalıd xərçəngi doğuran göbələyi müəyyən etmənin ekspress metodu”nun kəşfi patenti (Ankara, 2010); “Sposob identikfikatsii fitopatoqennoqo qriba Cryphonectria parasitica i diaqnostika krifonektroza (endotievoqo raka) kastana metodom PTSP” kəşf patenti (Moskva, 2011).