Svaneti üsyanı — 1921-ci ildə Gürcüstanın Svaneti bölgəsində Sovet-bolşevik hakimiyyətinə qarşı baş tutmuş üsyan. Üsyan həmin ilin dekabr ayında Sovet-bolşevik birləşmələri tərəfindən yatırılmışdır.[1]
Svaneti üsyanı | |||
---|---|---|---|
Qızıl Ordunun Gürcüstanı işğalı | |||
Tarix | 1921-ci ilin may-dekabr ayları | ||
Yeri | Svaneti | ||
Nəticəsi | Üsyan yatırıldı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
|
Üsyan Qırmızı Ordunun Gürcüstanı işğal etməsindən və Gürcüstan SSR-nin qurulmasından (1921-ci ilin fevral-mart ayları) bir qədər sonra, Qərbi Gürcüstanın dağlıq bölgələrindən olan Svanetidə baş vermişdir. Yerli əhali arasında ilk iğtişaşlar 1921-ci ilin may ayına təsadüf edir. Üsyan sürətlə genişləndi və Gürcüstandakı keçid höküməti sayılan Gürcüstanın İnqilab Komitəsinə (yaxud Revkom) qarşı müqavimət göstərməyə başladı.[2] Mosostr Dadeşkeliani, Nestor Gardapxadze və Bidzina Pirvelinin rəhbərlik etdiyi partizan dəstələri sentyabr ayında Svanetidə yerləşən Qırmızı Ordu qüvvələrini tərksilah etdilər. Onların sonrakı planı Gürcüstanın ikinci böyük şəhəri olan Kutaisinin nəzarətini ələ keçirmək idi.
Üsyanın getdikcə genişlənərək ümummilli səciyyə daşıması və vətəndaş müharibəsinə çevrilməsi ilə qarşı-qarşıya qalan[3] Gürcüstan İnqilab Komitəsi üsyançıları "siyasi quldurlar" adlandırdı və 7 oktyabr 1921-ci il tarixində onlara qarşı xüsusi cəza dəstələrinin yaradılması ilə bağlı əmr verdi. 15 noyabr 1921-ci ildə Sovet rəsmiləri Svaneti üsyançılarının sayının 1600 nəfər olduğunu və onların Gürcüstan Milli-Demokratik Partiyası tərəfindən koordinasiya edildiklərini qeyd etdilər.[4]
Svanetidəki döyüşlər altı ay davam etdi. Sovet qoşunları döyüşlərdə üstünlük əldə etdilər və üsyanın qonşu bölgələrə yayılmasının qarşısını aldılar. 1921-ci ilin dekabrında Qırmızı Ordunun da dəstəyi ilə üsyan yatırıldı. Üsyana rəhbərlik edən şəxslər edam edildilər və ərazidə sərt repressiya tədbirləri görüldü. Svanetiya üsyanının yatırılması Gürcüstanın əsas müxalifət partiyalarını daha sıx əməkdaşlıq əlaqələri qurmağa məcbur etdi. Qiyamdan 3 il sonra, 1924-cü ilin avqustunda Gürcüstanda Sovet hakimiyyətinə qarşı ümumi üsyan qaldırıldı (bax : Avqust qiyamı).[5] Lakin həmin üsyan da uğursuzluqla nəticələndi və 5 sentyabr 1924-cü ildə yatırıldı.