Təbiətin mühafizəsi – Ətraf təbii mühitin mühafizəsi-təbii ehtiyatlardan istifadə, onların saxlanmasını və səmərəli istehsalını təmin etmək üçün dövlət və hüququ tədbirlər sistemi. Azərbaycan Respublikasında təbiətin mühafizəsi müvafiq dövlət orqanları, qoruqları, meşəçilik idarələri, ovçuluq təsərrüfatları və b. müəssisələr tərəfindən həyata keçirilir. Təbiətin mühafizəsi torpağın, su ehtiyatlarının, havanın sənaye tullantıları və zəhərləyici kimyəvi maddələrlə çirklənməsi, meşə və otlaqların mühafizəsi, nadir tapılan və nəsli kəsilməkdə olan faydalı bitki və heyvanların mühafizəsi, təbii sərvətlərdən düzgün istifadə edilməsi, təbii abidələrin qeydiyyatı, mühafizəsi və bərpası, balneoloji və iqlim ehtiyatlarından maksimum istifadə olunması, termal və mineral mənbələrin mühafizəsi, həmçinin təbiətin mühafizəsi ideyası və qorunmasına yönəldilmiş tədbirlərin təbliği və s. ilə məşğul olur. Eyni zamanda geniş miqyasda tarlaqoruyucu və digər melorativ meşə zolaqları salınır, torpağın münbitliyinin artırılması, meliorasiya üzrə tədbirlər görülür, su və külək eroziyasına qarşı mübarizə aparılır. Su ehtiyatlarının mühafizə edilməsi üçün işlər görülür. Dəniz və başqa su hövzələrinə tökülən axar suların zərərsizləşdirilməsi üçün xüsusi təmizləyici qurğular quraşdırılır. Təbiətin mühafizəsi eyni zamanda təbii ehtiyatların saxlanması və bərpasının ümumi prinsipləri və metodlarının işlənilməsinə aid elmi fəndir. Bu fənnin bölmələri torpağın, suyun, atmosferin, bitki və heyvanat aləminin, təbii komplekslərin (landşaftın) qorunması və s.-dən ibarətdir. Azərbaycan Respublikasında ətraf mühit mühafizəsi üzrə mühüm tədbirlər keçirilir. Belə ki, nadir flora, fauna və əhəmiyyətli obyektləri qoruyub saxlamaq üçün diqqətəlayiq işlər görülür, milli parklar, dövlət qoruqları, yasaqlıqlar, ovçuluq təsərrüfatları yaradılır. Təbiətin mühafizəsinin əsas forması təbii ehtiyatlardan səmərəli və kompleks istifadə etməkdir.[1]
Təbii resursların qorunması, səmərəli istifadəsi və bərpası üzrə dövlət tədbirlərini tənzimləyən əsas hüquqi normaların məcmusu.
Ekologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |