Tağı bəy Şirinbəyov — Azərbaycan xalqı və milləti qarşısında böyük xidmətləri olan şəxslərdən biri. Çar hökuməti, erməni quldurlarına qarşı mübarizə aparmışdır.
Tağı bəy Şirinbəyov | |
---|---|
Doğum tarixi | 1840-cı il |
Doğum yeri | Şuşa qəzası, Rusiya imperiyası |
Vəfat tarixi | 1906-cı il |
Vəfat yeri | Rusiya İmperiyası, Bakı |
Vəfat səbəbi | ermənilər tərəfindən öldürülüb |
Vətəndaşlığı | Rusiya İmperiyası |
Milliyyəti | Azərbaycanlı |
Dini | islam |
Təhsili | |
Fəaliyyəti | xeyriyyəçi |
Tağı bəy Şuşada məşhur olan Şirinbəyovlar soyuna məxsusdur. Bu soyun ulu babası Əlinağı bəydir. Əlinağı bəy Şuşa şəhərində yaşamışdır. Əlinağı bəy Mehri xanımla ailə qurmuş, onların bu nigahdan Şirin bəy adlı oğulları dünyaya gəlmişdi. Şirin bəy Əlinağı bəy oğlu 1794-cü ildə Şuşa şəhərində anadan olmuş, ilk təhsilini Molla yanında almışdır. Ticarətlə məşğul idi.[1]
Şirin bəyin törəmələri Şirinbəyov soyadını daşıyırdılar. Şirin bəy Kərbəlayı Tükəzban xanımla ailə qurmuş, onların Hüseyn bəy, Həsən bəy, Tağı bəy, Zeynal bəy, Məhəmməd bəy adlı oğulları dünya gəlmişdir.
Şirin bəyin üçüncü oğlu Tağı bəy 1840-cı ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini mollaxanda almışdı. Sonra rus-tatar məktəbində təhsilini davam etdirmişdi. Türk, fars, ərəb, rus və fransız dillərini bilirdi. Ticarətlə məşğul idi. Tağı bəy II gildiya tacir idi.[1]
Tağı bəy Şirinbəyov əsasən Rusiyanın Vladiqafqaz, Petrovsk (indiki Mahaçqala) şəhərlərində ticarətlə məşğul idi. Məlumdur ki, Şuşa şəhərinin xarici ticarətinin inkişafı və çiçəklənməsini Rusiya ilə bağlayırlar. Amma bir çox rus məmurları ticarət karvanlarının təhlükəsiz hərəkətlərini təmin etmək əvəzinə, özləri də quldurlarla birləşir, talan edilmiş malları bölmək məqsədilə ticarət yolları üzərindəki karvanların talan edilməsinə şərait yaradırdılar. Çar hökumətinin qanunlarına görə, tacirlər basqınlara məruz qalanda yerli hakimlər talan edilmiş malları ya tapmalı, ya geri qaytarmalı və yaxud da ticarət hesab kitabına uyğun qiymətlə onun dəyərini ödəməli idilər. Müsəlman tacirlərə barmaqarası baxan çar çinovnikləri günü-gündən daha da azğınlaşırdılar.
Tağı bəy Şirinbəyovun haqqı pozulduğundan hökumətdən qaçaq düşərək, qardaşı Kərbəlayı Məhəmməd bəyin dəstəsinə qoşulur. Sonra özü müstəqil qaçaq dəstəsi yaradır. 1880-ci ilə aid polis məruzələrindən aydınlaşır ki, Tağı bəyin qaçaq dəstəsində Kərbəlayı Dadaş Hacı Hüseynəli oğlu, Nəsir Kərbəlayı Namaz oğlu, Bəşir Məşədi Abış oğlu, Nəsir Əmiraslan oğlu, Kərbəlayı Həsən Kərbəlayı Mehdiqulu oğlu adlı adamlar da var idi.
Aparılan araşdırmalar göstərir ki, qaçaqlıq həyatı yaşayan Tağı bəyin dəstəsinin daldanacaq yeri Xənəzək və Cəmilli arasındakı meşəlik idi.[1]
Tağı bəy Şirinbəyov 7 aprel 1872-ci ildə Şuşa qəbirstanlığının yanında Yurkovskini cəzalandırmışdı. Tağı bəy Şirinbəyov dəstəsi ilə 1881-ci ildə gecə basqınlarının birində qaravul nəfərlərindən sıravi Akim Fişenkonu yaralamışdı.
Şuşa şəhərindəki erməni əsilli gecə gözətçiləri şikayət edirdilər ki, Tağı bəyin atdığı güllələr qulağımızın dibindən keçir. Tağı bəy və qardaşı Kərbəlayı Həsən bəy həmyerlisi Əhməd Qasım oğlunu yaralamışdılar.
1886-cı ildə Tağı bəy Şirinbəyov Gəncədə həbsxanaya salınır. Ona 5 il iş kəsildikdən sonra, sürgünə göndərilir.
Tağı bəy Şirinbəyov sürgündən dönəndən sonra Bakı şəhərində yaşamağa başlayır. Şəhərin bazarlarında bir neçə dükan açıb, istifadəyə verir. Sonra Tütün fabriki açır. Tez bir zamanda iş adamı kimi tanınır. Qardaşı Kərbəlayı Həsən bəyin övladlarını Bakıya dəvət edir. Şəhərin görkəmli guşələrində torpaq sahəsi alıb, evlər tikdirir. O, kapitalını ancaq bina tikintisinə deyil, həm də xalqının maariflənməsinə, onun mədəniyyət səviyyəsinin yüksəldilməsinə sərf edir.[1] Tağı bəy Şirinbəyovun fabrik və ticarət müəssisələrinin illik ticarət dövriyyəsi artıq 200 min rubla çatmışdı.
Tağı bəy Şirinbəyov Qarabağda olduğu kimi, Bakı şəhərində də kasıblara yardım edirdi. O, kimsəsizlərə, evsiz-eşiksizlərə, kasıblara, qoca və xəstələrə arxa durur, təhsil almağa imkanı olmayan uşaqlara əl tutur, onların oxumasına yardım et-mək kimi humanist ideyalara qulluq edirdi.
Tağı bəy Şirinbəyov Bakı şəhərində “Qarabağlılar” məscidinin tikintisinə xeyli vəsait ayırmışdı.
Tağı bəy sahib olduğu azad sahibkarlığını, iş imkanını genişləndirmək istəyirdi , lakin erməni qatil və quldurları imkan vermədilər.
Tağı bəy Şirinbəyov Göyçək xanımla ailə qurmuşdu. Onların bu nikahdan Böyükkişi bəy adlı oğlu, Tükəzban xanım, Zəhra xanım adlı qızları dünyaya gəlmişdi.
Tağı bəy Şirinbəyov 1906-cı ildə Bakı şəhərində ermənilər tərəfindən öldürülmüşdür. Mir Möhsün Nəvvab Tağı bəyin ölümü haqqında yazırdı:
Həmin gün bizim qarabağlı Tağı bəy Şirin bəy oğlunu qardaşı uşaqları evlərinə qonaq çağırmışdılar. Tağı bəy Şirin bəy oğlu faytonla həmin küçədən keçərkən Lalayevin evindən həmin quldurlar tərəfindən ataşə tutularaq öldürülmüş, faytonçu isə bir neçə yerindən ağır yaralanmışdı.[2] |