Taleh Şirinov (Taleh Voraşil oğlu Şirinov; 26 mart 1963, Hacıxanlı, Laçın rayonu) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan Texniki Universitetinin "İnformasiya və telekommunikasiya texnologiyaları" fakültəsinin dekanı (2019).[1]
Taleh Şirinov | |
---|---|
Taleh Varaşil oğlu Şirinov | |
Doğum tarixi | |
Doğum yeri | Hacıxanlı, Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Elmi adı | dosent |
İş yeri | Azərbaycan Texniki Universiteti |
Taleh Şirinov 26 mart 1963-cü ildə Laçın rayonunun Hacıxanlı kəndində anadan olmuşdur. 1970-ci ildən 1978-ci ilə qədər Laçın rayonu Haçıxanlı kənd orta məktəbində, 1978-80-ci illərdə isə Bakı şəhəri 1 saylı Respublika fizika-riyaziyyat təmayüllü orta məktəbdə təhsil almışdır. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş və 1986-cı ildə həmin fakültəni riyaziyyatçı ixtisası üzrə bitirmişdir.
1987-ci ildən 2004-cü ilədək Azərbaycan Texniki Universitetinin «Avtomatika və idarəetmə» kafedrasının nəzdindəki «İdarəetmə» Elmi-tədqiqat laboratoriyasında laborant, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində işləmışdır.
2004-cü ildən 2010-cu ilədək «Avtomatika və idarəetmə» kafedrasında baş müəllim, 2010-cu ildən 2017-ci ilə qədər «Tətbiqi informatika» kafedrasında dosent, hal-hazırda isə «Mühəndis riyaziyyatı» kafedrasında dosent vəzifəsində işləyir.
2019-cu ildən «İnformasiya və telekommunikasiya texnologiyaları» fakültəsinin dekanıdır.
2007-ci ildə Bakı Dövlət Universitetinin ixtisaslaşdırılmış Elmi Şurasında namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin Elmi Şurasının sədri və Azərbaycan Texniki Universiteti Elmi Şurasının üzvüdür.
2020-cı ildə Azərbaycan Respublikası "Qabaqcıl Təhsil işçisi" nişanı ilə təltif edilib.
T.V.Şirinov bakalavr və magistr ixtisası pillələrində təhsil alan tələbələrə «Proqramlaşdırma texnologiyalarında hesablama üsulları», «Ədədlər nəzəriyyəsi və kriptoqrafiya», «Kompüter elminin müasir problemləri», «Optimallaşdırmanın ədədi üsulları» və s. fənlər üzrə mühazirə, laboratoriya, kurs və elmi – tədqiqat işləri aparır. O, bakalavr pilləsi üzrə buraxılış işlərinə, həmçinin magistr dissertasiyalarına rəhbərlik edir. T.V.Şirinov mütəmadi olaraq Universitet, Respublika, Beynəlxalq konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış edir. O, müxtəlif mərkəzi jurnallarda və xaricdə dərc olunan 50-dən çox elmi əsərin, o cümlədən 4 dərs vəsaitinin, 2 metodik vəsaitin, 10-dan çox tədris proqramlarının və metodik işlərin müəllifidir.
Ailəlidir, üç övladı var.