Tehran metropoliteni (fars. متروی تهران) — Tehranda metropoliten xətlərini birləşdirən nəqliyyat sistemi. İranda ilk metro sistemi.
Tehran metropoliteni | |||
---|---|---|---|
Təsvir | |||
Tipi | metro, Metro Ekspress, Şəhərətrafı dəmir yolu | ||
Ölkə | İran | ||
Yerləşməsi | Tehran | ||
Açılış tarixi | 7 mart 1999 | ||
İllik sərnişindaşıma | 900 milyon (2016) | ||
Saytı | metro.tehran.ir | ||
Marşrut şəbəkəsi | |||
Xətlərin sayı | 7 | ||
Stansiyaların sayı | 106 (metro) 117 (ümumi) | ||
Texniki detallar | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Tehranda metropoliten 1999-cu ildə fəaliyyətə başlayıb. 2017-ci ilə qədər 7 xətdən ibarət olub, xətlərinin ümumi uzunluğu 175 km-dən çoxdur. Daha iki xəttin tikintisi aparılır. Metro Tehranı iri peyk-şəhəri Kərəclə birləşdirir.
Tehranda ilk metro layihəsi 1979-cu il İslam inqilabına qədər təklif edilmişdir. 1970-ci ildə Tehran bələdiyyəsi şəhərdə metro tikilməsi üzrə beynəlxalq tender elan etdi. RATP-nin (Régie Autonome des Transports Parisiens) Paris dövlət şirkətinin törəməsi olan SOFRETU (Société française d'études et de réalisations de transports urbains) adlı fransız şirkəti tenderdə qalib gələrək həmin ildə də layihənin ilkin mərhələsini reallaşdırmağa başladı. 1974-cü ildə yekun hesabat, "küçə metrosu" da adlanan layihə bələdiyyəyə təqdim edildi. Küçə metro sistemi şəhərin mərkəzi hissəsində dairə ilə yol şəbəkəsini, 8 xətli metro sistemini, yeni şəhər məhəllələri üçün 2 magistral əlavə avtobus şəbəkəsi və taksi sistemini təklif edirdi. 1976-cı ildə geoloji tədqiqatlar başladı. 1978-ci ildə fransız şirkəti tərəfindən Tehranın şimalında ilk xəttin tikintisinə başlandı. Tikinti 1979-cu il inqilabı və İran-İraq müharibəsinin başlanmasına görə dayandırıldı. 1980-ci ilin dekabrında SOFRETU şirkəti İrandakı fəaliyyətinə xitam verdi. 1982-ci il mart ayının 3-də İran Nazirlər Kabineti formal olaraq fransız şirkəti tərəfindən Tehran metrosunun tikintisinin dayandırılması haqqında bəyanat verdi.
1985-ci ilin yayında sürətlə artan əhalinin təzyiqləri və ictimai nəqliyyatın inkişafının qaneedici səviyyədə olmaması layihənin vacibliyini açıq-aşkar göstərirdi. Xətt 1 (Şəhid Ayətulla Xaqxani bulvarından Rey şəhərinə qədər) və onun Behişt-e Zəhra qəbristanlığına doğru davamı üçün prioritet oldu. Xətt 2 (Dərdəştdən Sodeqiyyə meydanına doğru) və onun Kərəc şəhər ətrafına və Mehrşəhr rayonuna qədər davamı ikinci dərəcəli elan edildi. 3 və 4-cü xətlərin də çəkilməsi üçün tədqiqatlar aparılırdı. Metronun tikintisi və istismarının "Metro" şirkətinə həvalə edilməsi qərara alındı.
Bu mərhələdən başlayaraq Metro kompaniyası Əsgər İbrahimi tərəfindən 11 il müddətində idarə edildi. Bu müddət ərzində metro sisteminə 100 milyonlarla ABŞ dolları xərcləndi, şirkət hökumətdən Bəndər Abbasda (Hörmüzgan ostanında) dəmir filizi şaxtasının istismarına, Şərqi Azərbaycan ostanında Moğan Diotomit şaxtasının istismarı və satışına, İsfahan neft emalı zavodunun təmizlənmiş qalıqlarının ixracına dair razılıq alır.[1] Növbəti illərdə Əsgər İbrahiminin təşkilatdan gedişindən sonra sədr vəzifəsinə Mohsen Haşemi təyin edildi, Tehran və Kərəc arasında Tehran metrosunun ilk xətti istismara verildi.
1999-cu il mart ayının 7-də yerüstü Tehran-Kərəc ekspress qatarı yolun müəyyən bir hissəsində - Tehranın Azadi meydanı ilə Kərəcin Malard məntəqəsi arasındakı 31,4 km uzunluğunda olan məsafədə istismara verildi. Xətt çin şirkəti NORİNCO (China North Industries Corporation) tərəfindən tikilmişdi. 2000-ci ildə 1 və 2-ci xətlərin də kommersiya istifadəsinə başlanıldı. Bu xətlərdəki vaqonlar CNTİC (China National Technical Import & Export Corporation) şirkəti tərəfindən hazırlanmışdı. Dəmiryollarının çəkilməsinə görə Avstriya şirkəti VOEST ALPİNE məsuliyyət daşıyırdı. Metro bir sıra beynəlxalq şirkətlərin avadanlıqlarından istifadə edir: Tehran-Kərəc qolundakı ikiyaruslu sərnişin vaqonları CNTİC şirkəti tərəfindən təchiz edilmiş və Erak fabrikində yığılmışdı.
Layihəyə təxminən 1 milyard ABŞ dolları xərcləndi.[1] Tehran metrosunun tam fəaliyyət göstərən 1 və 2-ci xətləri gözlənildiyi kimi 2 milyon sərnişin daşıyacaqdı.
Xətt | Açılışı[2] | Uzunluğu | Stansiyaları[3] | Tipi |
---|---|---|---|---|
1 | 2001 | 28.1 km (17.5 mil)[4] | 29[4][5] | Metro |
2 | 2000 | 22 km (14 mil)[6] | 22[5][6] | Metro |
3 | 2012 | 37 km (23 mil)[7][8] | 23[5][8] | Metro |
4 | 2008 | 23.1 km (14.4 mil)[9] | 22[9] | Metro |
7 | 2017 | 22 km (14 mil)[10] | 7 | Metro |
8 | 2017 | 30.2 km (18.8 mil)[11] | 3 | Metro Ekspress |
Metro xətlərinin
ümumi uzunluğu: |
162.4 km (101 mil) | 106 | ||
5 | 1999 | 43 km (27 mil)[12] | 11[12][13] | Şəhərətrafı dəmir yolu |
Xətlərin ümumi
uzunluğu |
205.4 km (128 mil) | 117 |
Gediş haqqının ödənişi maqnit biletlərin və plastik kartların köməyi ilə həyata keçirilir. Biletləri bir neçə gediş üçün, yaxud da müəyyən vaxt çərçivəsində gedişlərin sayını məhdudlaşdırmadan istifadə edilə bilər.
Plastik karta gediş yüklənməsinin dəyəri:
(Azərbaycan manatı ilə göstərilən qiymətlər 21 avqust 2017-ci il valyuta məzənnəsinə uyğun olaraq göstərilib,1 AZN = 22.221 IRR)