Telman Çalyan

Telman Qarabağlı (tam adı: Telman Ayrapetoviç Çalyan[1]; d. 23 fevral 1931, Bərdə, Azərbaycan SSR - ö. 22 oktyabr 1999, Moskva, Rusiya) — erməni hüquqşünas, filoloq və yazıçı; SSRİ Yazıçılar İttifaqının üzvü (11 yanvar 1962); "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" (4 may 1989).

Telman Qarabağlı
Telman Ayrapetoviç Çalyan
Doğum tarixi
Doğum yeri Azərbaycan Azərbaycan SSR, Bərdə
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Rusiya Rusiya, Moskva
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Uşaqları Emil
Artur
Atası Ayrapet
Anası Sona xanım
Təhsili ali
Fəaliyyəti yazıçı

Telman Qarabağlı 23 fevral 1931-ci ildə Bərdə şəhərində anadan olmuşdur.

Atası çox erkən dünyasını dəyişmişdir. Anası Sona isə Bərdədə məktəb direktoru olmaqla yanaşı, həm də həmin təhsil ocağında Azərbaycan dili dərsini tədris etmişdir.

Tam orta təhsil verən məktəb olmadığından Bərdədə 8-ci sinifi bitirdikdən sonra, təhsilini davam etdirmək üçün Mirbəşir rayonuna (hazırkı Tərtər rayonu) getmiş və 10-cu sinfi orada bitirmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1949-cu ildə əmək fəaliyyətinə dövrünün əksər həmyaşıdları kimi Mirbəşir rayonundakı kolxozlardan birində işləməyə başlamışdır.

1950-ci ilin yazında Kirov adına ADU-nin hüquq fakültəsinin Azərbaycan bölməsinə daxil olmuşdur. 1955-ci ildə oranı bitirib gənc mütəxəssis kimi Neft daşlarında prokuror köməkçisi vəzifəsinə təyinat almışdır. 1957-ci ildə Bakının Kirov rayonunda (hazırkı Binəqədi rayonu) prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. Prokurorluq orqanları onun üçün cəlbedici olmamış və özünü daha çox yaradıcılıqda gördüyündən, bu sahə onu daha çox cəlb etdiyindən 1959-cu ildə prokurorluq orqanlarından tutduğu vəzifədən azad olaraq peşə istiqamətini tamamilə dəyişmək qərarına gəlmişdir.

Təxminən 1959–1960-cı illərdə o, yenidən Kirov adına ADU-nin filologiya fakültəsinə daxil oluraq ikinci ali təhsili alır. Elə bu illərdən etibarən o, Azərbaycan ədəbiyyatından Telman Qarabağlı imzası ilə daha geniş tanınmağa başlayır.

Əmək fəaliyyətini 1964-cü ildən etibarən Azərbaycan Teleradiosunda davam etdirir. O, burada əvvəlcə Uşaq şöbəsinə rəhbərlik edir. 1969-cu ildə isə dəvət aldığı Bakı televiziyasında Uşaq televiziya verilişləri şöbəsinə rəhbər təyin edilir. 1975–1976-cı illərdə Azərbaycan SSRİ KP MK-nin 1-ci katibi Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan televiziya və radiosunda açıl erməni şöbəsinə rəhbərlik etmək üçün dəvət alır. Bundan sonra Telman Qarabağlı Azərbaycan Televiziyasının erməni şöbəsində 1989-cu ilə kimi – şöbə bağlanan günə kimi Baş Redaktor vəzifəsində çalışır.

Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə Telman Qarabağlıya 1989-cu ilin mayın 4-də "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir.[2]

1960-cı ildə ailə həyatı qurmuşdur. Bir il sonra 1961-ci ildə əkiz oğulları Emil və Artur dünyaya gəlmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Telman Qarabağlı yaradıcılığının ilk dövründə Azərbaycan uşaq ədəbiyyatını müəllifi olduğu öz kitabları ilə zənginləşdirir.

1957-ci ildə Bakıdakı "Uşaqgəncnəşr" mətbəəsində azyaşlı oxucular üçün tərbiyəvi əhəmiyyətli kiçik hekayələr kitabı nəşr edilmişdir. 1958-ci ildə isə uşaqlar üçün onun qələmə aldığı "Qartal" hekayələr kitabı Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatında çap edilmişdir.

11 yanvar 1962-ci ildə Qarabağlı SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunur.

Telman Qarabağlı 25-dən çox kitabın müəllifi olub ki, onların ikisi rus dilinə tərcümə edilmişdir.

  • "Alçiçək, balçiçək, gülçiçək, fındıqburunlar və günəş"
  • "Anamın oğulları"
  • "Qartal"
  • "Günəşin nağılı"
  • "Du-du yol verin"[3]
  • "Odlar ölkəsinin uşaqlar"
  • "Pələng balası"
  • "Təhlükə sovuşdu"
  • "Fərizənin sevinci"

Əsərlərinin motivləri əsasında bir neçə qısametrajlı və sənədli filmlər çəkilmiş, teatrlarda pyesləri tamaşaya qoyulmuşdur.

Ömrünün son illəri

[redaktə | mənbəni redaktə et]

Ömrünün son illərini Moskva şəhərində yaşamışdır. Sonuncu kitab və məqalələrində Azərbaycan və Erməni xalqlarını qarşılıqlı nifrəti dostluqla, sevgi ilə əvəz etməyə çağırmışdır. 22 oktyabr 1999-cu ildə Moskva şəhərində vəfat etmiş və orada da dəfn edilmişdir.

  1. "Qulam Məmmədli. İmzalar. Bakı, 1977, səh. 111" (PDF). 2011-10-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-17.
  2. Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 4 may 1989-cu il tarixli Fərmanı
  3. "Lətifə Nəsir qızı Quluzadənin avtobioqrafiyası kuklateatri.com". 2012-03-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-17.