Tenday (天台宗?) – buddizmin Yaponiyadakı sektalarından biri. IX əsrdə Çindəki Tyantay sektası əsasında yaradılmışdır. Bu sekta XIII əsrə kimi Yaponiyanın ən populyar iki buddist sektasından biri idi. Sektanın nəzəriyyələri Lotus sutrasına əsaslanır.
Tenday sektasının əsası 806-cı ildə keşiş Sayço tərəfindən qoyulmuşdur.[1] Yaponiyadakı Tenday sektası Çindəki Tyantay sektasına əsaslanır.[1] Bu sektanın mərkəzi Çinin Tyantay dağında yerləşdiyi üçün belə adlandırılmış, daha sonra Tenday sektası üçün də bənzər addan istifadə olunmuşdur.[1]
Sayço 804-cü ildə Çinə səyahət edərək 9 ay boyunca Tyantay dağında buddizmi öyrənmiş və Tyantay buddizminin ustası olmuşdur.[1] Sayço Yaponiya imperatoru Kammudan icazə alaraq Kiotonun şimal-şərqində yerləşən Hiey dağında buddizm məbədi tikdirmişdi.[1] Sayço Çindən Yaponiyaya qayıdanda bu məbədi Tenday sektasının mərkəzinə çevirmişdir.[1]
İmperator Kammu paytaxtı Naradan Kiotoya köçürdükdən sonra Tenday sektasını dəstəkləməyə başlamışdır, çünki Naradakı digər buddizm sektaları dövlətin işlərinə qarışmağa çalışırdı.[1] Sayçonun Hiey dağında tikdirdiyi Enryaku məbədi böyüyərək 3000-dən tikilidən ibarət struktura çevrilmişdir.[1] Bir çox dini lider Tenday buddizmini burada öyrənmişdir.[1]
Tenday sektası Şinqon sektası ilə birlikdə XIII əsrə kimi Yaponiyanın ən geniş yayılmış iki buddist sektasından biri idi.[1] Tenday sektası ən güclü dövrünə X-XI əsrlərdə çatmışdır.[1] Həmin dövrdə Yaponiya imperatorları və Fucivara kimi güclü ailələr Tenday sektasına güclü dəstək verirdilər.[1] Tenday sektası şintoizmdəki kamiləri mənimsəyərək praktikalarına əlavə etmişdir.[1] Tenday sektası aristokratiya ilə assosiasiya olunduğu üçün Təmiz torpağın buddizmi, Niçiren buddizmi və feodal hərbi liderlərin dəstəklədiyi Zen buddizmi kimi populyar sektaların kölgəsində qalmağa başlamışdır.[1] Onların üçü də Tenday sektasının nəzəriyyələrinə əsaslansa da, daha sonra ayrı-ayrı sektalara çevrilmişdirlər.[1]
Tenday keşişləri 12 il boyunca hazırlıq keçirərək buddist əlyazmalarını və Hiey dağında meditasiyanı öyrənirlər.[1] Tenday buddizminin nəzəriyyələri Lotus sutrasına əsaslanır.[1] Bu sutraya görə bütün insanların müdrik budda olma potensialı var.[1] Tenday sektası buddizmin Mahayana qoluna daxildir.[1] Bu sekta bir çox sayda insanın əqidəsini dəyişməsinə icazə versə də, Naradakı Hosso sektası kimi sektalara görə ancaq keşişlər budda ola bilərlər.[1]
Tenday buddizmində yerinə yetirilən əsas praktikalardan biri nembutsudur.[1] Bu, daha sonra Təmiz torpağın buddizmi və Amidaya sitayiş edən digər sektalar üçün də praktikaya çevrilmişdir.[1] "Namu Amida Butsu" ("Məni xilas et, budda Amida") ifadəsinin qısaltması olan "nembutsu" sözünü tez-tez təkrarlamaq insanı xilas edir və onu Amidanın Qərb cənnətində dirildir.[1]