Ticarət müqaviləsi (1782)

Ticarət müqaviləsi (1782) — Quba xanlığı ilə Rusiya arasında bağlanmış müqavilə.

XVII əsrin II yarısinda Quba xanlığı ilə Rusiya arasında münasibətlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xanlıqları tarixinin əsas məsələlərindən biri də onların xarici siyasəti ilə bağlıdır. Xanlıqların xarici siyasəti istiqamətləri içərisində Rusiya ilə münasibətlər mühüm yerlərdən birini tuturdu. Quba xanlığı ilə Rusiya arasında münasibətlər daha intensiv xarakter daşıyırdı. Rusiya da Quba xanlığı ilə münasibətlərə xüsusi əhəmiyyət verirdi. Bu münasibətlərdə başlıca olaraq iqtisadi maraqlar üstünlük təşkil etsə də, bunlar siyasi əlaqələrlə müşayiət olunurdu. Şimal-Şərqi Azərbaycan torpaqlarını birləşdirməyə nail olan Fətəli xan (1758–1787) bölgədə mühüm siyasi qüvvəyə çevrilmişdi. Bu Quba xanlığı əleyhinə olan qüvvələrin konsolidasiyasına səbəb olmuşdu. 1774-cü ilin iyulunda baş verən Gavduşan döyüşündə Fətəli xan məğlubiyyətə uğramışdı. Fətəli xan elçisi Mirzə bəy Fərhadbəyovu 1775-ci ilin yazında II Yekaterinanın sarayına göndərmişdi. Fətəli xan məktubunda göstərirdi ki, Krım xanlığına Krımda, gürcülərə isə Gürcüstanda öz işlərində "əmin-amanlıq, firavanlıq və müstəqillik təmin olunduğu kimi" Quba xanlığına münasibətdə də belə göstəriş veriləcək ki, yaranmış vəziyyətdə onun düşmənləri cəzalandırılsın və susdurulsun, lakin II Yekaterina hökuməti həmin dövrdə məktubda irəli sürülən məsələləri müsbət həll etmədi. Elçiliklə eyni dövrə təsadüf edən professor S. Qmelinin ekspedisiyasının Qaraqaytaq usmisi tərəfindən saxlanması və onun həbsi vəziyyəti dəyişdi.

II Yekaterina Qmelinin ölümündən sonra general-poruçik de Medemə usmini cəzalandırmaq haqqında reskript verdi. De-Medemin ekspediyası Fətəli xanın da mövqeyini gücləndirməsinə imkan verdi. XVIII əsrin 70–80-ci illərində Rusiya Şərq ölkələri, о cümlədən Quba xanlığı ilə ticarətə xüsusi fikir verirdi. Bu məqsədlə 1781-ci ilin iyulunda Voynoviçin başçılığı ilə Astrabada ekspedisiya göndərildi. Ekspedisiya Astrabad körfəzi sahillərində rus ticarət məskəni salmalı idi. Burada yerli əhali ilə ticarət münasibətləri yaradıldı. Rus ekspedisiyası 1782-ci il mayın sonunda Həştərxana hərəkət edərkən Bakıya gəldi. 26 avqust 1782-ci ildə Bakıda Quba xanlığı ilə Rusiya arasında ticarət müqaviləsi, yaxud Quba xanlığının Rusiya qarşısında ticarət müqaviləsi imzalandı.

Ticarət müqaviləsinin şərtləri

[redaktə | mənbəni redaktə et]

Ticarət müqaviləsi 5 maddədən ibarət idi.

  • I maddəyə görə Fətəli xanın mülklərində, Dərbənd, Bakı, Salyan və başqa Xəzərsahili vilayətlərdə rus təbəələrinin işlərinə qarışmaq, tacirlər və onların prikazçiklərindən hər hansı gömrük tələb etmək olmazdı.
  • II maddəyə əsasən əgər Rusiya təbəəsi gəmilərin yüklənməsi və digər hallarda Bakı xanının onlardan zorla aldıqlarını dəqiq sübut edə bilsəydi, alınanlar geri qaytarılmalı idi.
  • III maddə bu öhdəliklərin pozulması zamanı cəzalandırmanı nəzərdə tuturdu.
  • IV maddə qəzaya uğrayan Rusiya gəmilərinin mallarının toxunulmazlığını, oradakı insanlara yardım göstərilməsini tələb edirdi.
  • V maddə Fətəli xanın mülklərində ölən Rusiya təbəələrinin mal və ya mülkünün mühafizəsi haqqında idi.
  • Братья на веки. Документы и материалы. В 2-х тт. т. I, IX в. — 1922 г. Баку, 1987, с.103–104.
  • Абдуллаев Г.Б. Из истории Северо-Восточного Азербайджана в 60–80-х гг. XVIII в.Баку, 1958
  • Абдуллаев Г.Б. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку, 1965.
  • Центральный Государственный Военно-Исторический Архив, ф.52, 1783, Оп. 1/174, д.228, л.13. В кн.: Абдуллаев Г.Б., Из истории Северо- Восточного Азербайджана в 60–80-х гг. XVIII в. Баку, 1958, с. 102–103