Dərbənd

Dərbənd (rus. Дербент, azərb. Dərbənd / Дәрбәнд‎, ləzg. Кьвевар, yəni "iki (кьве) divar (вар)", Дербенд və Цал, aqul. Цал və Дербенд) — Dağıstan Respublikasında şəhər.

Şəhər
Dərbənd
Дербент
Gerb
Gerb
42°03′58″ şm. e. 48°17′20″ ş. u.HGYO
Ölkə  Rusiya
Respublika Dağıstan
Mer Malik Baqliyev
Tarixi və coğrafiyası
Əsası qoyulub 438
İlk məlumat VI əsr
Sahəsi 69.63 km²
Mərkəzin hündürlüyü – 2.6[K 1]
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 119 200 nəfər (2010)
Sıxlığı 1 711.91 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87240
Poçt indeksi 368600
Nəqliyyat kodu 05
Digər
www.derbent.org  (rus.)
Dərbənd xəritədə
Dərbənd
Dərbənd
Dərbənd xəritədə
Dərbənd
Dərbənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Dərbənd qalasından açılan mənzərə

Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Rusiyanın şəhər statusunu daşıyan ən cənub yaşayış məntəqəsidir. Dərbənd şəhəri eyni adlı rayonun inzibati mərkəzidir, Mahaçqala şəhərindən cənub – şərq istiqamətində 121 km uzaqlıqda yerləşir.[1]

Şəhər tarixdə Bab əl-Əbvab ("qapılar qapısı") və Dəmirqapı[2] adlarıyla da tanınırdı.

Etimologiya və digər tarixi adları

[redaktə | mənbəni redaktə et]

Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir. Bu şəhər üçün "Dərbənd" adı ilk dəfə 7-ci əsrə aid mənbələrdə qeyd olunmuşdur.

Dərbənd (farsca دربند) sözü tatfars dillərində mövcud olan "dər" (qapı; ağac) və "bənd" (divar; bağlı, bağlanan, qapanan) köklərinin birləşməsindən əmələ gəlmişdir ki, bu da "möhkəm, qorunmuş bir məntəqə" deməkdir. Bu ad yalnızca Dərbənd şəhərinə xas deyil — belə ki, Əfqanıstan, Pakistan, Tacikistan, Özbəkistan, İran (Cənubi Azərbaycanda da həmçinin), Türkiyə, Yunanıstan (Osmanlı dövründən qalma), Bosniya və Herseqovina (Osmanlı dövründən qalma)Ermənistanda (Qərbi Azərbaycanın tarixi Şörəyel mahalında) "Dərbənd" adını daşıyan bir çox kənd, şəhər və s. yaşayış məntəqələri var.

Dərbənd ərazisinin bəlkə də ən qədim adı Çoladır. Sözün kökü Qafqaz, Nax-Dağıstan dillərindən gəlir və mənası "divar"dır (məsələn ləzgitabasaran dillərində "Çola" sözünün koqnatı olan "цал" sözü "divar" deməkdir). Bu ad cürbəcür tarixi qaynaqlarda Çola və, böyük bir ehtimalla erməni dilindəki təlləfüzdən təsirlənərək, ÇoraÇor olaraq qeyd edilmişdir.[3] Bu ad günümüzdə əsasən şəhərin müasir Qafqaz xalqlarındakı adlarında yaşayır, o cümlədən tabasaranca (Цали / Цалли və ya Цур, həmçinin ДербентШагьур (yəni "şəhər")), dargicə (Чулли (qaytaq ləhcəsində) və ya Чяли (akuşa ləhcəsində)) və lakca (Чурул / Чуруль, həmçinin Дарбант).

Orta fars / pəhləvi dilində (yəni erkən Sasani dövründə) şəhər Veroy-Pahr (Wērōy-pahr / "gürcü mühafizəçisi"), süryanicə ܘܪܦܐܗܪܓ (Wirōpahrg) (eyni mənada), qədim ermənicə Իւրոյ Պարհակ (Iwroy Parhak) (eyni mənada), və qədim yunanca İbires / İvires (Ιβηρες "İberiyalılar / Gürcülər") (müasir yunanca sadəcə Ntermpent (Ντερμπέντ)) olaraq tanınırdı.

7-ci əsrdən başlayaraq, şəhərin adı "Dərbənd" olaraq təyin olunduqdan sonra bir çox xalqlar şəhər üçün öz doğma dillərində və həmçinin tarixi qaynaqlarında Dərbənd adından törəmiş adlar istifadə etməyə başladılar.

Qədim ərəblər Dərbəndi Bab (باب) / əl-Bab (أل باب "qapı"), Bab əl-Əbvab (باب الأبواب "qapılar qapısı"), Bab əl-Hədid (باب الحديد "dəmir qapı") (müasir ərəbcə Derbend (دربند) və ya Dirbinət (ديربينت)), monqollar Kahulqa / Kahalqa (Хаалга, "qapı, darvaza"), qədim gürcülər Dərbənd adına istinadən Darubandi (დარუბანდი) və ya Dzğvis-kari (ზღვის-კარი "dəniz qapısı/qapıları") (bəzi gürcü qaynaqlarına əsasən həmçinin Kaspi (კასპი) və Aleksandria (ალექსანდრია) olaraq da), erməni qaynaqları Dərbənd adına istinadən Darband (Դարբանդ), həmçinin Çora pahak (Ճորա պահակ "Çola / Çor mühafizəçisi") Ağvanits durr (Աղվանից դուռ "Alban qapıları"), ruslar vaxtilə Dərbənd adına istinadən Derben' (Дербень) və ya Jeleznıye vrata (Железные врата "dəmir qapılar"), qədim yunanroma qaynaqları pillae Caspiae ("Kaspi / Xəzər [dəniz nəzərdə tutulur] qapıları"), pillae Albaniae ("Alban qapıları") olaraq adlandırmışlar.

Qədim türklərin istifadə etdiyi Temir Kapuq (yəni "dəmir qapı") adı isə günümüzdə azərbaycanca sıx-sıx istifadə edilən və görülən Dəmirqapı və Dəmirqapı Dərbənd epitet və adlarında, və həmçinin şəhərin qumuqca (Темир-къапу) və kabardincə / çərkəzcə (Темыркъалэ, yəni "dəmir qala" variantında) adlarında da yaşayır. Dərbəndin yerli azərbaycanlı əhalisi tərəfindən həm də sadəcə Şəhər (Шәһәр) olaraq da adlanır.

Dərbənd iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 15,3 26,6 28,3 34,2 30,1 34,6 35,8 38,8 33,0 28,0 21,9 27,6 38,8
Maksimum orta, °C 5,5 5,3 8,2 14,3 20,3 26,1 29,1 28,9 24,2 18,2 11,9 7,5 16,6
Orta temperatur, °C 3,1 2,8 5,6 11,0 16,7 22,3 25,3 25,2 20,7 15,0 9,3 5,0 13,5
Minimum orta, °C 0,7 0,4 3,0 7,7 13,1 18,4 21,6 21,4 17,2 11,8 6,6 2,6 10,4
Mütləq minimum, °C −12,5 −17,9 −9 −3,1 4,2 11,0 12,9 10,7 5,1 0,4 −8,3 −12,1 −17,9
Yağıntı norması, mm 26,2 39,1 24,5 19,7 24,4 16,1 22,5 26,2 50,4 56,3 48,8 44,5 398,7
Mənbə: Погода и климат Дербент

Antik müəlliflərin əsərlərində Dərbənd adlı şəhərə, yaşayış məntəqəsinə təsadüf edilməyir. Lakin eramızın 68-ci ilindən, romalıların şərqə olan hücumları dövründən etibarən, "pillae Caspiae" — "Kaspi darvazası" adlı yer məlumdur. Birinci əsrin müəlliflərindən olan İosif Flavi də bu yeri Kaspi darvazası adlandırır. Ümumiyyətlə, I–III əsrlərdə yunan və latın dilli müəlliflər Kaspi keçidindən danışarkən onu "qapı", "darvaza", "şəhər qalası", "keçid" və "çıxış" sözləri ilə də əvəz etmişlər.

Mənbələrdən aydın olur ki, Kaspi keçidi eramızın birinci əsrindən strateji əhəmiyyətli keçidlərdən biri olmuşdur. Bu keçid Şimali Qafqazla Cənubi Qafqazı YaxınOrta Şərqlə birləşdirən mühüm vasitə idi. Bu ərazinin məhsuldar əkin sahələrinə, meyvə bağlarına, xüsusilə üzümlüklərə, gözəl və əlverişli iqlim şəraitinə malik olması şəhərin gələcək inkişafına bilavasitə şərait yaradırdı. İlk mənbələrin verdiyi məlumata görə, hələ eramızdan əvvəl I əsrdə indiki Dərbənd ərazisində mövcud olmuş üzümlüklər və meyvə bağları dənizə qədər olan ərazini örtmüşdü. Belə bir təbii şərait isə orada yaşayış məskəninin yaradılması üçün əla imkan yaratmışdır. Bunu Dərbənd rayonunda aparılmış arxeoloji qazıntılar bir daha sübut edir. Burada eramızdan əvvəl VII-VI əsrlərə aid yaşayış məskənləri aşkar edilmişdir.

Dərbəndin adı Azərbaycan türklərinin, eləcə də bütün türk dünyasının nəhəng ədəbi abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da çəkilir. Alman səyyahı Adam Oleari (XVII əsr) və türk səyyahı Övliya Çələbi, Dədə Qorqudun məzarının Dərbənddə olduğunu qeyd edirlər. Bu haqda Dərbəndnamədə də məlumat verilir.

Sasani şahları öz imperiyalarını köçəri hunlardan, sonrakı dövrlərdə isə xəzərlərdən qorumaq üçün Dərbənd şəhərinə və onun strateji əhəmiyyətinə xüsusi diqqət verirdilər. Odur ki, Dərbənd keçidinin möhkəmləndirilməsi ən vacib və təxirəsalınmaz iş hesab edilirdi. Sasanilər hələ II Yezdəgirdin hakimiyyəti dövründə Beşbarmaq dağının zirvəsində müdafiə əhəmiyyətli ilk istehkamın (Beşbarmaq səddi) inşasını həyata keçirmişdilər. Bundan sonra Gilgilçay səddi və nəhayət sonda ən mühüm müdafiə xarakterli Dərbənd istehkamının (Dərbənd qalası) inşasına başlanmışdır. Dərbənd səddi vasitəsiylə yalnız Dərbənd keçidinin mühafizəsi deyil, eyni zamanda şimal-şərqdə olan dağ yollarının da qorunması təmin edilirdi. Həm də Dərbənd qalasının yaradılması bu ərazidə sərhəd keşikçilərinin sayının bir neçə dəfə azaldılmasına imkan verirdi. İlk dəfə I Firuzun oğlu I Qubad (488–531) çiy kərpiclə səddin bünövrəsini qoymuş, onun oğlu I Xosrov Ənuşirəvan (531–578) isə həmin səddi yenidən daşla tikdirmişdir. Əldə olan məlumatlara görə səddin yenidən daşla tikilməsi 30 il (537–568) çəkmişdir. Bu müddət ərzində səddin inşasında iştirak edən minlərlə qul və kəndli Sasani hakimləri tərəfindən ağır bir şəraitdə istismar edilmişdir. Bununla əlaqədar olaraq səddin tikilməsi bəhanəsiylə Sasani hakimləri vergilərin miqdarını gündən-günə artırır və yerli əhalini var-yoxdan çıxarırdılar.

Abdulla Fazili qeyd edir ki, Dərbənd şəhərinin tarixində V əsri əlamətdar dövr adlandırmaq olar. Həmin dövr Dərbənddə iqtisadi və siyasi cəhətdən Qafqazın şərqində olan mühüm şəhərlərdən biri olmaqla bərabər, eyni zamanda Sasani canişinlərinin (mərzban) də paytaxtı olmuşdur. Mənbələrə görə I Xosrovun dövründə Dərbənd şəhərinə saxsı tünglər vasitəsiylə dağ bulaqlarından su gətirilmişdir. "Dərbəndnamə" əsərində olan məlumatlardan görünür ki, VI əsrin ortalarında İranın daxili vilayətlərindən Dərbənd ərazisinə üç min ailə köçürülmüşdür. Sasani hakimiyyəti devrildikdən sonra da Dərbənd şəhəri öz iqtisadi-siyasi əhəmiyyətini uzun müddət saxlaya bilmişdir.

Şəhərin strateji mövqeyindən istifadə edən ərəb xəlifələri onun abadlaşdırılmasına səy göstərirdilər; təsadüfi deyil ki, Azərbaycanın ən qədim məscidlərindən biri Dərbənd Cümə məscididir. Məsələn, xəlifə Süleymanın dövründə (715–717) Məsləmə ibn Əbdülmalik adlı sərkərdənin başçılığı ilə Dərbəndi xəzərlərdən geri almaq məqsədi ilə qoşun göndərilmişdir (bax Xəzər-ərəb müharibələri). Məsləmə xəzərləri Dərbənddən çıxardığı zaman qala və bürclər ziyan görmüşdü. O, qala divarlarını bərpa edərək burada ərəb hakimiyyətini gücləndirmişdir. Ərəblərin dövründə Xəzər dənizi vasitəsiylə şimaldan gətirilən ticarət malları Dərbənd vasitəsiylə Cənubi QafqazaYaxın Şərq ölkələrinə daşınırdı. Ərəb mənbələrində göstərildiyinə görə, Ərdəbildən bir neçə dəfə böyük olan bu şəhərdən Azərbaycanİrana kətan paltarlar aparılırdı. Bundan başqa Dərbənddə zəfəran da yetişdirilirdi.

Dərbənd mayakı (1853-cü ildə tikilmişdir)

II minilliyin ikinci yarısında Dərbənd şəhəri Şimali Azərbaycan xanlıqlarından Dərbənd xanlığının mərkəzi olmuşdur, və 1796-cı ildə Rusiya imperiyası tərəfindən işğal olunmuşdur. Rusiyada tətbiq edilən yeni inzibati-ərazi bölgüsünə əsasən Dərbənd ərazisi 1829-cu ildən əyalətə çevrilmiş; daha sonra 1840-cı ildə Dərbənd qəzası yaradıldı və Dərbənd şəhəri qəza mərkəzi oldu. 1846-cı ildə isə yenidən Dərbənd quberniyası yaradıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu, onun tərkibindəki Quba qəzası Bakı quberniyasına verildi, qalan ərazidə Dağıstan dairəsi yaradıldı.

1920-ci il martın 25-də 11-ci Qızıl Ordu Dərbəndi işğal edərək burada sovet hakimiyyəti elan olundu. Dərbənd şəhəri SSRİnin Rusiya SFSRinə daxil olan və 1921-ci ildə yaradılmış Dağıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil edildi. Bununla, Azərbaycanın tarixi şəhəri olan Dərbənd tam şəkildə Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibinə qatıldı.

25 iyun 1952-ci ildən 24 aprel 1953-cü ilədək Dağıstan MSSR inzibati cəhətdən 4 dairəyə bölünmüşdü, və bunlardan biri də Dərbənd dairəsi idi, hansı ki öz ərazisində 10 rayonu (Ağul, Axtı, Dərbənd, Doqquzpara, Qasımkənd (indiki Süleyman-Stal), Qürah, Məhərrəmkənd, Rutul, Tabasaran, və Xiv rayonlarını) və Dərbənd şəhərini birləşdirirdi; dairənin inzibati mərkəzi də Dərbənd şəhəri idi.

1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağıldıqdan sonra isə Dərbənd yenə də Rusiyanın tərkibində qaldı.

2013-cü il fevralın 2-də Dərbəndin mərkəzində azərbaycanlılara məxsus "Şəhristan" otel-istirahət kompleksində partlayış baş verib. Avtomobilə quraşdırılmış bomba düz otelin girəcəyində partladılıb. Otelə ciddi ziyan dəyib. Oradakılar evakuasiya edilib.[4]

Dərbənd şəhərinin tarixi məhəllələri və tarixi şəhər qapıları

[redaktə | mənbəni redaktə et]

Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində qeyd edir ki, 8-ci əsrdən başlayaraq Dərbənd əhalisinin çoxunu müsəlmanlar təşkil etmiş, şəhərə mühüm sayda ərəblər köçürülmüş, şəhər isə 7 məhəlləyə bölünmüşdür. Hər məhəllə tayfası üçün bir məscid tikdirib, onun adı ilə adlandırdı: 1) Xəzər məscidi, 2) Fələstin məscidi, 3) Dəməşq məscidi, 4) Həmməs məscidi, 5) Qeysəriyyə məscidi, 6) Cəzair məscidi, 7) Mosul məscidi. Bunlardan əlavə, cümə namazı üçün hazırkı Dərbənd Cümə məscidi tikilmişdir.

19-cu əsrin sonunda Dərbənd şəhərində olan 11 məhəllədən 9-u azərbaycanlı məhəlləsi idi:[5]

Dərbənd şəhərində olan məhəllələr aşağıdakılar idi:

  • Bayatqapı məhəlləsi
  • Bayat ucarı (və ya Boyat ucarı) məhəlləsi
  • Bazar (və ya Xanküçə) məhəlləsi
  • Carçı məhəlləsi
  • Cartəpə (və ya Cahartəpə) məhəlləsi
  • Genküçə məhəlləsi
  • Qırxlar[6] məhəlləsi
  • Mikri məhəlləsi
  • Peyinlikbaşı məhəlləsi
  • Ortatəpə məhəlləsi
  • Yəhudi məhəlləsi

Şəhər qapıları

[redaktə | mənbəni redaktə et]

Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində həmçinin qeyd edir ki, şəhərin 6 darvazası var idi: 1) Babülmühacir (indiki Carçı qapısı), 2) Babülcəhad (indiki Qırxlar qapısı), 3) Babülxüms (keçmiş Yeni qapı), 4) Babüssəğir (keçmiş Daş qapı / Türkmən qapısı), 5) Babülməktub (indiki Bayat qapı), 6) Babüləlqəmə (indiki Narınqala qapısı).

Keçmişdə Yengi/Yeni qapı, Qiyamət qapısı, Urma qapı, Bab Küçük (Kiçik qapı, Xəzər dənizinə çıxırdı), Daş qapı/Türkmən qapı, və Quba qapısı da mövcud idilər, lakin son 200 il ərzində hər birisi söküldü; ən sonuncu olaraq Daş qapı/Türkmən qapısının əksər hissəsi 1960-cı illərdə söküldü, lakin günümüzə qədər bir qismi salamat olaraq çatıb.

1 yanvar 2014 tarixinə olan məlumata əsasən şəhərdə yaşayan əhalinin sayı 120.470 nəfərdir.[7] Şəhər əhalisinin etnik tərkibi olduqca rəngarəngdir, burada 36 müxtəlif etnik qrupun nümayəndəsi məskunlaşmışdır.

Dərbənddə Dağıstan Respublikası və hökumətinin təsisçisi olduğu "Dərbənd" ictimai-siyasi qəzeti Azərbaycan dilinin kiril əlifbası ilə çap olunur.[8]

Dərbənd şəhərinin Rusiya və SSRİ (1897–2010) dövrlərindəki siyahıyaalınmalarına əsasən etnik tərkibi
Siyahıyaalınmanın ili
1897
1939
1959
1970
1979
1989
2002
2010
Ləzgilər 133 (0,9 %) ↗1 678 (4,9 %) ↗4 589 (9,7 %) ↗6 477 (11,4 %) ↗11 083 (16,4 %) ↗16 993 (21,8 %) ↗34 955 (34,6 %) ↗41 588 (34,5 %)
Azərbaycanlılar 9 767 (66,7 %) ↗8 734 (25,6 %) ↗11 190 (23,6 %) ↗14 381 (25,3 %) ↗17 005 (25,2 %) ↗21 600 (27,7 %) ↗27 264 (26,5 %) ↗32 123 (26,0 %)
Tabasaranlılar məlumat yoxdur ↗152 (0,4 %) ↗1 522 (3,2 %) ↗3 296 (5,8 %) ↗6 183 (9,2 %) ↗8 776 (11,3 %) ↗16 706 (16,6 %) ↗20 539 (17,2 %)
Ağullar məlumat yoxdur məlumat yoxdur ↗30 (0,1 %) ↗492 (0,7 %) ↗ 862 (1,3 %) ↗1 147 (1,5 %) ↗4 956 (4,9 %) ↗7 275 (7,9 %)
Dargilər 95 (0,6 %) ↗769 (2,3 %) ↗1 591 (3,4 %) ↗2 340 (4,1 %) ↗2 835 (4,2 %) ↗3 242 (4,2 %) ↗5 082 (5,2 %) ↗5 139 (5,2 %)
Ruslar 1 004 (6,9 %) ↗11 211 (32,9 %) ↘11 284 (19,8 %) ↗12 310 (26,0 %) ↘10 404 (15,4 %) ↘7 644 (9,8 %) ↘5 073 (5,0 %) ↘4 450 (3,5 %)
Rutullar məlumat yoxdur məlumat yoxdur 8 (0,1 %) 8 (0,1 %) ↗236 (0,4 %) ↗392 (0,5 %) ↗916 (0,8 %) ↗ 2 921 (2,8 %)
Ermənilər 621 (4,2 %) məlumat yoxdur məlumat yoxdur məlumat yoxdur məlumat yoxdur məlumat yoxdur məlumat yoxdur 1 367 (1,2 %)
Dağ yəhudiləri / Yəhudilər 2 181 (14,9 %) ↗7 604 (22,3 %) ↗11 399 (20,4 %) ↘9 218 (13,7 %) ↗11 500 (14,4 %) ↘7 002 (7,0 %) ↘1 724 (1,6 %) ↘1 345 (1,1 %)
Avarlar 278 (1,9 %) ↘182 (0,5 %) ↘107 (0,2 %) ↗398 (0,7 %) ↗772 (1,1 %) ↘271 (0,3 %) ↗442 (0,4 %) ↗541 (0,5 %)
Qumuqlar məlumat yoxdur 275 (0,8 %) ↗443 (0,9 %) ↗539 (0,9 %) ↗829 (1,2 %) ↘441 (0,6 %) ↗552 (0,5 %) ↘473 (0,4 %)
Laklar 97 (0,7 %) ↗120 (0,3 %) ↗252 (0,5 %) ↗361 (0,6 %) ↗526 (0,8 %) ↘451 (0,6 %) ↘436 (0,4 %) ↗472 (0,4 %)
Tatlar 8 (0,1 %) məlumat yoxdur ↗385 (0,7 %) ↗959 (9,4 %) ↗1 503 (1,9 %) ↗6 186 (6,2 %) 314↘ (0,3 %) …↘
digərləri 473 (3,2 %) 3 327 (9,8 %) 3 571 (7,5 %) 7 584 (13,3 %) 3 339 (5,0 %) 3 775 (4,8 %) 2 611 (2,6 %) 1 614 (1,4 %)
cəmi 14 649 (100 %) 34 052 (100 %) 47 318 (100 %) 56 869 (100 %) 67 422 (100 %) 77 851 (100 %) 101 031 (100 %) 119 200 (100 %)

Şəhərdə 1917-ci ilə qədər 3 şəxsi kinoteatr fəaliyyət göstərib.

  • "Miraj" — (binası 1924-cü ildə yanıb)
  • "Mulen" — (hazırda binada bir nömrəli uşaq idman məktəbi yerləşir)
  • 1935-ci ildə "Rodina" kinoteatrı tikilib. 2000-ci ildən burada Dövlət Azərbaycan Dram teatrı yerləşir.
  • 1937-ci ildə Dəmiryolçular klubu fəaliyyətə başlayıb. Hazırda burada Uşaq İncəsənət Evi yerləşir.
  • 1983-cü ildə "Yubileynıy" kinoteatrı tikilib. 1997-ci ildə bina Süleyman Stalskiy adlna Dövlət Ləzgi Musiqili Dram Teatrına verilib.

Fəaliyyət göstərən kinoteatrlar:

  • Xəyal-sinema — 100 nəfərlik 3D kinoteatr.

Hazırda Drəbənddə 3 dövlət və bir bələdiyyə teatrı fəaliyyət göstərir.

Dərbənddə doğulan məşhur azərbaycanlılar

[redaktə | mənbəni redaktə et]
  1. Yaşayış məntəqəsinin mərkəzinin kordinatlarına (42.066192°00′ şm. e. 48.288907°00′ ş. u.) əsasən hesablanılıb.
  1. "Малые Города России : Дербент". 2007-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-27.
  2. "ПостНаука: Булгарские заимствования в славянских языках — Анна Дыбо". 2022-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-17.
  3. "Тофик Мамедов - Кавказская Албания". 2014-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-14.
  4. "Dərbənddə azərbaycanlıların ən böyük otelini partlatdılar". 2014-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-02.
  5. "Arxivlənmiş surət". 2018-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
  6. "Arxivlənmiş surət" (PDF). 2022-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-05-10.
  7. Федеральная служба государственной статистики Российской Федерации: Численность постоянного населения субъектов Республика Дагестанa по муниципальным образованиям на 1 января 2014 года. Arxivləşdirilib 2014-04-07 at the Wayback Machine: 5. Республика Дагестан: Городской округ город Дербент: г. Дербент
  8. Musavat.com[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]