Tofiq Qasım oğlu Köçərli (11 fevral 1929, İsalı, Gədəbəy rayonu – 31 oktyabr 2007, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi[1].
Tofiq Köçərli | |
---|---|
Doğum tarixi | 11 fevral 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 2007 (78 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Mükafatları |
|
kocharlitofiq.com |
Tofiq Köçərli 1929-cu il fevralın 11-də Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində alıb[2]. 1950-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra 1951–1952-ci illərdə Moskva Dövlət Universitetində ixtisasartırma kursları keçib. 1955-ci ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1966-cı ildə professor, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir[1].
Əmək fəaliyyətinə 1950–1951-ci illərdə Quba Müəllimlər İnstitutunda müəllim kimi başlayan Tofiq Köçərli 1952–1953-cü illərdə Ağdam Müəllimlər İnstitutunda kafedra müdiri, 1953–1956-cı illərdə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda müəllim, baş müəllim və dosent işləyib.
1957–1965-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi, 1965–1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri, 1972–1990-cı illərdə rektoru, 1990–1991-ci illərdə isə professoru olub.
1993–2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-siyasi Tədqiqatlar İnstitutunun elmi işçisi, 2002-ci ildən ömrünün sonunadək isə akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi vəzifəsini tutub.
Tofiq Köçərli müasir Azərbaycan tarixinin aktual problemlərinin tədqiqi ilə ardıcıl məşğul olmuş, onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifidir. 1950–1990-cı illərdə Tofiq Köçərlinin elmi yaradıcılığı Azərbaycanda sosialist inqilabı və sosializm quruculuğu tarixinə həsr edilmişdir. O, çoxcildlik "Sov. İKP tarixi"nin (c. 4, kitab 1–2, M., 1970–71), "Azərbaycan tarixi"nin (c.3, hissə 1, B., 1973), "Azərbaycan Kommunist Partiyası tarixinin oçerkləri" (B., 1964), "Beynəlmiləl birliyin böyük gücü" (Kiyev, 1979) və sair əsərlərin müəlliflərindəndir.
1990–2007-ci illərdə Tofiq Köçərli tərəfindən yazılmış 7 monoqrafiya, çoxsaylı məqalə və çıxışlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə, erməni ekstremistlərinin xalqımıza qarşı törətdikləri cinayətlərin ifşa edilməsinə həsr edilmişdir. Onun "Qarabağ", "Naxçıvan: tarixi həqiqətlər və uydurmalar", BMT-nin Baş Katibi Kofi Annana ünvanlanmış Məktub ("Erməni saxtakarlığı"), "К истории Карабахского вопроса" və s. əsərləri Qarabağın və Naxçıvanın qədim və çağdaş tarixinə aid qiymətli sənədlərlə, dəqiq məlumatlarla zəngindir və Azərbaycan tarix elminə verilmiş qiymətli töhfələrdir[3].[4].
T. Köçərli ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. O, üç çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, o cümlədən, Azərbaycan Respublikası Milli Şurasının üzvü olmuşdur[1][5].
31 oktyabr 2007-ci ildə Bakı şəhərində dünyasını dəyişib[6].
Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, akademik Firudin Köçərlinin qardaşıdır.
Tofiq Köçərli bir sıra orden və medallarla, o cümlədən Qırmızı Əmək Bayrağı ordeni ilə, təltif olunmuş, Azərbaycan SSR-nin "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 2006-cı ildə "Ambassador for Peace" (Sülh Səfiri) Beynəlxalq Sülh Federasiyasının mükafatına layiq görülmüşdür.