Tor zenit-raket kompleksi — istənilən hava şəraitində aşağı və orta hündürlükdə uçuş həyata keçirən təyyarə, helikopter, qanadlı raket, yüksək dəqiqlikli idarəolunan raketlər, pilotsuz uçuş aparatları və qısa mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq imkanına sahib olan özüyeriyən qısa mənzilli zenit-raket kompleksidir. Sovet İttifaqı tərəfindən istehsalına başlanılan bu sistemin NATO kod adı SA-15 "Gauntlet"dir. Bu sistemin 3K95 "Kinjal" adı altında istehsal olunan dəniz variantı isə NATO tərəfindən SA-N-9 "Gauntlet" adlanır. Tor, həmçinin AGM-86 kimi yüksək dəqiqlikli idarəolunan raketləri gecə və gündüz, istənilən hava şəraitində və radioelektron mübarizə mühitində məhv etməyi bacaran ilk hava hücumundan müdafiə sistemidir.[1] 1986-cı ildə silahlanmaya qəbul edilib. Postsovet məkanında ən mükəmməl HHM sistemlərindən hesab olunur.[2] Kompleksin modernizasiya edilmiş variantı olan "Tor-M2" müxtəlif tipli döyüş vertolyotlarına və cəbhə aviasiyasına qarşı tətbiq edilmək üçün nəzərdə tutulub. Eyni vaxtda 4 hədəfə atəş aça bilər, atəş radiusu 10 metrdən 10 kilometrə qədər hündürlük, 15 kilometrə qədər məsəfədə təşkil edir. Kompleksin modernləşdirilmiş variantı ona hərəkətdə olanda da hədəfləri izləməyə və atəş açmağa imkan verir. Buraxılış qurğusunda 16 döyüş raketi olur.
9K330 Tor | |
---|---|
Tipi | Zenit-raket kompleksi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1986 – davam edir |
İstismara başlanması | 1986 |
İstismar edənlər | İstifadəçilər siyahısına bax |
İstifadə edilən döyüşlər | Rusiya-Gürcüstan müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor |
Almaz-Antey:
|
Konstruksiya tarixi | 1975 |
İstehsal illəri | 1983 – davam edir |
Variantları | Tor, Tor-M1, Tor-M2, Tor-M1-2U |
Xüsusiyyətləri | |
Ağırlığı | 34 ton |
Sürət | 65 km/s |
Əsas silah | 9M330, 9M331 raketi |
Uzunluğu | 7.5 m |
Eni | 3.3 m |
Hündürlüyü | 5.1 m |
Ekipaj | 3 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
8 yanvar 2020-ci il tarixində yerli vaxtla saat 06:44-də İranın İslam İnqilabı Keşikçiləri Korpusunun HHM qüvvələrinə məxsus Tor M-1 raket sistemi tərəfindən Tehran İmam Xomeyni beynəlxalq hava limanından qalxan və Tehran-Kiyev reysini həyata keçirən Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-800 sərnişin təyyarəsi yerdən 2400 metr yüksəklikdə vurulmuş, hadisə nəticəsində 176 nəfər, o cümlədən 9 nəfər heyət üzvü həlak olmuşdur.
İran rəsmiləri hadisədən 3 gün sonra 11 yanvar tarixində hadisənin "insan səhvi nəticəsində" baş verdiyini etiraf etmişdir.