Toranomon insidenti (虎ノ門事件, Toranomon ciken?) – 27 dekabr 1923-cü ildə Daysuke Nanba tərəfindən Yaponiya imperatorunun regenti Hirohitoya qarşı təşkil olunan sui-qəsd cəhdi.[1] Nanba sui-qəsd cəhdi üçün solçu idealogiyadan təsirlənməklə yanaşı, 1910-cu ildə Vətənə xəyanət insidentinə görə edam edilmiş Kotoko Şusuinin intiqamını almaq istəyirdi.[1]
İnsidentdən sonra Nanba edam edilmiş və baş nazir Yamamoto Qonnohyoe istefa vermişdir.[1]
Yamaquçi prefekturasının nüfuzlu ailələrindən birindən olan Daysuke Nanba imperiya sisteminin dəstəkçisi idi və hətta orduda karyera qurmağı planlaşdırmışdı.[1] Lakin 1919-cu ildən etibarən solçu mühazirələrinə qatılmış, seçki hüququ aksiyalarında iştirak etmiş, Vətənə xəyanət insidenti haqqındakı hesabatları oxumuş və siyasi mövqeyi dəyişmişdi.[1]
1921-ci ildə Kavakami Hacime tərəfindən yazılmış məqalədə Rusiya inqilabçılarının fədakarlıqları təsvir olunmuşdu və bu, Nanbaya böyük təsir göstərmişdi.[1] Nanba belə qərara gəlmişdi ki, inqilab üçün fədakarlıq mütləqdir.[1] Nəhayət 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsindən sonra Yaponiya hökumətinin yerli koreyalılara, sosialistlərə və anarxistlərə divan tutması Nanbanı qəzəbləndirmiş və o, hərəkətə keçməyə qərar vermişdir.[1]
Sui-qəsd cəhdi 23 dekabr 1923-cü ilin səhər saatlarında, Tokio şəhərinin Toranomon adlı bölgəsində baş vermişdir.[1] Həmin gün Hirohito parlamentin yeni sessiyasını açmağa hazırlaşırdı.[1] Nanba kütlənin içərisində gizlənərək Hirohitonun avtomobilinə atəş açsa da,[1] hədəfini qaçırmışdır.
Rəsmilər Nanbanın motivasiyasını araşdırdıqdan sonra onun dəli olduğunu elan etmişdirlər.[1] Qapalı məhkəmə işindən sonra 24 noyabr 1924-cü ildə ölüm cəzasına layiq görülmüş və 2 gün sonra edam edilmişdir.[1] Məhkəmə zamanı Nanba kommunist olduğunu və Kotoko Şusuinin qisasını almaq istədiyini bildirmişdir.[1] Tokio Universitetinin Tibb Məktəbindən olan professorların da iştirakı ilə hazırlanan məhkəmə qeydinə görə Nanba əslində sui-qəsd cəhdi üçün solçu idealogiyadan ilhamlanan rasional insan idi.[1] Ədliyyə məmurlarının Nanba kimi insanları idarə etmək üçün yeni qanunvericiliyi təklif etmələri, onların əslində Nanbanın dəli olmadığını bildiklərini göstərirdi.[1] Hökumət zəlzələdən sonra insanları sakitləşdirmək, eləcə də, rasional insanın imperatora hücum edə bilməyəcəyini göstərmək üçün belə bir açıqlama vermişdi.[1]
Toranomon insidentindən sonra baş nazir Yamamoto Qonnohyoe məsuliyyəti öz üzərinə götürərək istefa vermişdir.[1] Bəzi rəsmilər də onun bu addımını izləmişdirlər.[1] Keçmiş Ədalət naziri Hiranuma Kiiçiro "Kokuhonşa" adlı mühafizəkar və ultramillətçi təşkilat qurararaq xarici idealogiyaların Yaponiya üçün təhlükəli olduğu fikrini yaymağa başlamışdır.[1] İnsident 1925-ci ildə Sülhün mühafizəsi qanununun tərtib olunmasına gətirib çıxarmışdır.[1]