Torpağın münbitliyi

Torpağın münbitliyi- torpağın bitkilər tərəfindən mənimsənilən qida maddələri, rütubət və s. ilə təminetmə və məhsulvermə qabiliyyəti. [1] Torpaqşünaslıq elminin klassik tərifinə görə, münbitlik torpağın bitkinin normal inkişafı və böyüməsindən ötrü qida elementləri və su, onun kök sistemini hava və istiliklə və əlverişli fiziki-kimyəvi mühitlə təmin etmək qabiliyyətidir.[2]

Hələ qədim dövrlərdən insanlar torpaqlardan istifadə edərkən onları bitkilərin məhsul vermək qabiliyyəti nöqteyi-nəzərdən qiymətləndirməyə cəhd etmişlər. Ona görə də münbitlik anlayışı torpaqşünaslığın bir elm kimi yaramasından çox əvvəl insanlara məlum idi və istehsal vasitəsi kimi torpağın ən əhəmiyyətli xassəsi hesab olunurdu.

Münbitlik haqqında müasir təlimin inkişafı V.R.Vilyamsın adı ilə bağlıdır. O, təbii torpaqəmələgəlmə prosesinin gedişatında torpaq münbitliyinin formalaşmasını və inkişafını hərtərəfli öyrənmiş, torpağın bir sıra xassələrindən asılı olaraq münbitliyin təzahür formalarını nəzərdən keçirmiş, həmçinin münbitliyin artırılmasının əsas prinsiplərini işləmişdir.

Münbitlik-torpağı dağ süxurlarından fərqləndirən əhəmiyyətli keyfiyyət xassəsidir. Torpaq və onun münbitlik anlayışları bir-birindən ayrılmazdır. Torpağın münbitliyi təbii torpaqəmələgəlmə prosesinin inkişafının, həmçinin kənd təsərrüfatı istifadəsi zamanı mədəniləşmə prosesinin nəticəsidir.

Torpağın xassə və rejimləri

[redaktə | mənbəni redaktə et]

Torpaq münbitliyinin amilləri və torpaq münbitliyinin şəraiti anlayışları bir-birindən fərqləndirilir. Torpaq münbitliyinin amillərinə bitkinin həyatı və böyüməsi üçün zəruri olan azot və kül qidalanması elementləri, su, hava və qismən istilik, torpağın münbitlik şəraitinə isə bitkinin yer amilləri (fiziki və fiziki-kimyəvi xasələr, toksiki maddələrin olması və s.) ilə təmin olunmasını müəyyən edən xassə və rejimlərinin məcmusu daxildir.

Torpaq münbitliyinin asılı olduğu vacib parametrlər torpaq rejimlərinin (temperatur, su-hava, qida, fiziki-kimyəvi, biokimyəvi, duz və oksidləşmə-reduksiya) konkret göstəriciləridir.

Rejim parametrlərini isə öz növbəsində iqlim şəraiti, torpağın aqrofiziki xassələri, onun qranulometrik, mineraloji və kimyəvi tərkibi, qida elementlərinin potensial ehtiyatı, həmçinin onların mütəhərrik formalarının miqdarı, humusun tərkibi və ehtiyatı, mikrobioloji proseslərin intensivliyi, reaksiyası və başqa fiziki-kimyəvi xassələr müəyyən edir.

Geokimyəvi və geoloji proseslər (cod və ya yumşaq, şirin və ya minerallaşmış suların axımı, humuslu horizontların eroziya vasitəsilə aparılması və s.) də həmçinin torpaq münbitliyinin formalaşmasına təsir göstərə bilər.

Torpağın temperatur rejimi

[redaktə | mənbəni redaktə et]

Temperatur şəraitini səciyyələndirmək üçün torpağın 0-20 sm qatında 10°C-dən yuxarı temperaturların cəmi göstəricisindən, vegetasiya dövrünün uzunluğundan, həmçinin torpağın donmasının dərinlik və müddət göstəricisindən istifadə olunur. Bu parametrlərə uyğun olaraq torpaqlar aşağıdakı kimi ayrılır: isti, mülayim-isti, mülayim, mülayim-soyuq, soyuq, donuşlu və uzun müddət mövsümi donan.

Torpağın su-hava rejimi

[redaktə | mənbəni redaktə et]

Torpağın su-hava rejiminin optimal səviyyəsi optimal miqdarda nəmliyin (təqribən TS-nun 60%-ə qədəri) və torpaq havasında bitkinin həyatı üçün zəruri miqdarda oksigenin (təqribən 20%) olmasını tələb edir. Torpağın su-hava rejimi aqronomik baxımdan əhəmiyyətli strukturun, məsaməliyin, onun su-fiziki xassələrinin olmasını tələb edir. Bu komöleks fiziki xassələr öz növbəsində torpaqda humusun miqdarı, onun qranulometrik tərkibi və fiziki-kimyəvi xassələri ilə sıx əlaqədardır.

Torpağın fiziki-kimyəvi rejimi

[redaktə | mənbəni redaktə et]

Torpağın optimal fiziki-kimyəvi xassələri torpağın reaksiyasından, mübadilə olunan kationların tərkibindən və miqdarından, torpağın buferlik xassəsindən asılı olaraq formalaşır.

Torpağın biokimyəvi rejimi

[redaktə | mənbəni redaktə et]

Torpağın biokimyəvi rejimi üzvi qalıqların torpağa daxil olması və onların transformasiyasının mürəkkəb kompleks prosesləri ilə müəyyən olunur. Bu proseslər isə öz növbəsində üzvi maddələrin humuslaşmasında və minerallaşmasında, həmçinin btkilərin qida elementlərinin mənimsənilə bilən formaya düşməsində fəal iştirak edən müxtəlif qrup mikroorqanizmlərin iştirakı ilə baş verir.

Torpağın qida rejimi

[redaktə | mənbəni redaktə et]

Torpağın qida rejimi torpaqdakı bütün zəruri qida elementlərinin ümumi və onların mənimsənilən formalarının miqdarından, bioloji akkumuyasiya proseslərinin və maddələrinin bioloji dövranının intensivliyindən, həmçinin bitkinin qida elementlərinin çevrilməsinə təsir edən torpaq xassələrindən (aerasiya, reaksiya və s.) asılıdır.

Torpağın duz rejimi

[redaktə | mənbəni redaktə et]

Torpağın duz rejiminin torpaq münbitliyində rolu əvvəlki fəsillərdə nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, bitkilərin inkişafına suda həll olan duzların toksik miqdarı mənfi təsir göstərir.

Torpağın oksidləşmə-reduksiya rejimi

[redaktə | mənbəni redaktə et]

Oksidləşmə-reduksiya vəziyyətini səciyyələndirən əsas göstərici Eh-ın dinamikası, həmçinin torpaqda bəzi oksidləşmə-reduksiya sistemlərinin kəmiyyət göstəriciləridir.

Torpağın ayrı-ayrı xassə və rejimlərinin münbitliyinin formalaşmasında rolunu qiymətləndirərkən, aşağıdakı əhəmiyyətli müddəaları qeyd etmək lazımdır: münbitlik torpağın xassə və rejimlərinin mürəkkəb qarşılıqlı asılılığının və qarşılıqlı təsirinin nəticəsi kimi özünü göstərir; xassə və rejim göstəriciləri kəmiyyətcə qiymətləndirilə bilər; müxtəlif bitkilərin (bitki qruplarının) torpağın xassə və rejimlərinə tələbi müxtəlifdir; xassə və rejimlər dinamikdir, yəni zaman ərzində dəyişkəndir.

Bu müddəaların təhlilindən deyə bilərik ki, torpağın qida rejimi onun mineral birləşmələrinin mürəkkəb çevrilmələrinin, üzvi maddələrin mienarallaşma və humuslaşma proseslərinin, müxtəlif qrup mikroorqanizmlərin və torpaq faunasının fəallığının, qələvi-turş şəraitinin təsirinin, oksidləşmə-reduksiya proseslərinin, su-hava və temperatur rejimlərinin dinamikasının nəticəsidir.

Öz növbəsində, oksidləşmə-reduksiya rejimi üzvi maddələrin miqdarından və formasından, aerasiya şəraitindən və mikrobioloji proseslərin inkişafının hidrotermik şəraitini müəyyən edən torpağın fiziki xassələrindən və s. asılıdır.

Torpağın çox əhəmiyyətli xassəsi kimi strukturu da su-hava, oksidləşmə-reduksiya rejimləri, torpağın aqrofiziki xassələri ilə sıx bağlıdır.

Bu rejimlər də öz növbəsində humusun miqdarından, onun keyfiyyət tərkibindən, qranulometrik və mineroloji tərkibindən, fiziki-kimyəvi xassələrindən və s. asılıdır.

Müxtəlif bitkilərin (bitki qruplarının) torpaq şəraitinə tələbi eyni deyildir. Ona görə də torpaq münbitliyi onun xassə və rejimləri əsasında qiymətləndirilərkən konkret bitkilərin tələbi də nəzərə alınmalıdır. Belə ki, çay kolu üçün zəif turş reaksiya əlverişli hesab olunur; paxlalı bitkilər üçün bu cür reaksiya öldürücüdür. Torpağın xassə və rejimləri zaman ərzində dəyişir və torpaqəmələgəlmənn fəsli tskillərindən, torpağa təsir vasitələrindən və onun kənd təsərrüfatında istifadə müddətindən asılıdır. Bu hal torpaq münbitliyinin tənzimlənməsini zəruri edən səbələrdən biridir.

Torpağın münbitliyinin növləri

[redaktə | mənbəni redaktə et]

Torpağın münbitliyinin aşağıdakı növləri fərqləndirilir:

  • Təbii
  • Süni
  • Effektiv və ya iqtisadi
  • Potensial

Təbii münbitlik

[redaktə | mənbəni redaktə et]

Təbii münbitlik təbii torpaqəmələgəlmə proseslərinin inkişafı ilə şərtlənmiş və insan tərəfindən pozulmamış torpaq xassə və rejimlərinin mürəkkəb qarşılıqlı təsiri ilə müəyyən olunur. Təmiz formada təbii münbitlik xam torpaqlara məxsusdur və torpaq üzərində yetişən senozların məhsuldarlığı ilə səciyyələnir.

Süni münbitlik

[redaktə | mənbəni redaktə et]

Torpaqların əkinçilikdə istifadəsi təbii torpaq proseslərində, rejim və xassələrində əhəmiyyətli dərəcədə dəyişikliklər əmələ gətirir. Bu dəyişikliklər torpaqların becərilməsi, gübrələrin verilməsi, müxtəlif meliorativ tədbirlər və s. ilə əlaqədardır. İnsanın təsiri nəticəsində torpağın xassə və rejimlərində yaranmış kəmiyyət və keyfiyyət dəyişiklikləri onları süni münbitlik kkimi səciyyələndirir. Süni münbitlik təmiz formada istixana, parnik və digər örtülü sahələrdə subsratların hazırlanması zamanı yaranır.

Effektiv və ya iqtisadi

[redaktə | mənbəni redaktə et]

Torpaqlardan kənd təsərrüfatı istifadəsi zamanı süni münbitlik təbii münbitliklə bitlikdə effektiv və ya iqtisadi münbitlik formasında özünü göstərir. O, kənd təsərrüfatı bitkilərinin məhsulu vasitəsilə realizə olunur. Effektiv münbitlik təkcə təbii münbitlikdən asılı deyil. onun səviyyəsinə istehsal prosesində torpaqdan istifadə şəraiti, elm və texnikanın inkişafı nailiyyətlərindən kənd təsərrüfatında, əkinçilikdə istifadənin imkanları da təsir göstərir. O, cəmiyyətdəki sosial-iqtisadi münasibətlərlə də sıx əlaqədardır.

Potensial münbitlik

[redaktə | mənbəni redaktə et]

Potensial münbitlik müəyyən iqlim və relyef şəraitində yerləşmiş konkret torpağın çoxillik tsikl ərzində təbii yolla və ya insanın təsərrüfatı fəaliyyəti nəticəsində qazandığı xassələri vasitəsilə bitkini bütün zəruri inkişaf amilləri ilə təmin etmək qabiliyyətidir. Potensial münbitlik kənd təsərrüfatı istifadəsində (əkin, biçənək, mədəni otlaq və s.) və ya təbii şəraitdə (meşə) bitkinin inkişafı üçün əlavə insan amillərini (ilk növbədə suvarma və gübrələmə) qoşmadan orta çoxillik iqlim şəraiti fonunda torpaq və digər ekoloji amillərin təsiri ilə müəyyən olunur. O, torpağın sabit göstəricisi olub, adətən zəif dəyişir. Potensial münbitlik yalnız intensiv meliorativ tədbirlər (qurutma, torpaq profilindən duzların yuyulması) və ya başqa səbəblərdən (texnogen çirklənmə, təkrar şorlaşma və s.) qısa vaxt ərzində dəyişə bilər. Yüksək potensial münbitliyə, məsələn, qara torpaqlar, aşağı potensial münitliyə isə podzollu torpaqlar mülikdirlər. Torflu-bataqlıq torpaqlar da yüksək potensial münbitliyə malik torpaqlardan hesab olunur. Özündə qida elementlərinin böyük ehtiyatını toplamış bu torpaqlar qurutma meliorasiyası tədbirlərindən sonra ehtiyat fondunu qismən sərf etmək hesabında yüksək effektiv menbitliyi təmin etmək qabiliyyətinə malikdir.

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 
  2. Qərib Məmmədov. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı-Elm-2007